İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sahə həkimləri HƏYƏCAN təbili çalmalıdır” - Tanınmış pediatr

“Qızılcadan daha bir uşaq ölümü. Bu məsələni öz axarına buraxmaq düzgün deyil. Onda indiki vəziyyətlə üzləşirik”.

Musavat.com xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev sosial media hesabında bildirib.

QARA.jpeg (71 KB) 

O qeyd edib ki, “Valideyn peyvənddən imtina edir” prinsipi həkimləri və ən əsası, epidemioloji xidməti məsuliyyətdən azad etməməlidir:

“Sahə həkimləri həyəcan təbili çalmalıdır. Məsələn, hər uşaq poliklinikası peyvəndsiz uşaqların sayını, faizlə göstəricisini ictimailəşdirsə, yaxşı olar. Düzdür, bu, sanitar mədəniyyətin aşağı səviyyədə olmasını göstərir, amma vəziyyətdən çıxmaq lazımdır. Yenə deyirəm, epidemioloji xidmət oyanmalıdır”.

Həkim peyvəndlə bağlı anti-təbliğat aparanlara da səslənib:

“Son günlər sosial media hesabımda peyvənd əleyhdarları fəallaşıb. Peyvənddən imtina sizin haqqınızdır. Bugünkü hüququnuzdur. Mən kiməm ki, sizi məcbur edəm?! Amma bir ricam var - tibbi biliklərinizi öz səhifənizdə paylaşın. Lap o məşhur aparıcı xanım kimi efirlərdə anti-peyvənd təbliğatı aparın. Amma həkimin səhifəsində əhaliyə çağırış etməyin! Bura mənim məkanımdır. Düzgün müzakirə aparmadığınıza görə icazə vermirəm”.

Qeyd edək ki, bu gün Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb. Şirinsu qəsəbə sakini, 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadədə bir həftə bundan əvvəl yüksək hərarət yaranıb. Ailənin gördüyü tədbirlər zamanı uşaqda hərarət aşağı düşüb, qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili yardım çağırılıb. Təcili yardım uşağa ilkin tibbi yardım göstərib və uşağın təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onu xilas etmək mümkün olmayıb. Ötən həftə isə iki uşaq qızılca virusundan vəfat edib. Onlardan biri Şirvanda 12 yaşlı Ömər Kürdoğlu Şahbazzadə infeksiyanın ağır fəsadları nəticəsində dünyasını dəyişib. O, indiyədək qızılcadan vəfat etmiş uşaqlar arasında yaşca ən böyüyüdür. Digəri, Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən ölüb. 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H.Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Bu, son bir ayda qızılca xəstəliyindən səkkizinci uşaq ölümü sayılır.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR