Onlayn ictimai-siyasi qəzet
Saçların tökülməsi günümüzün aktual problemlərindəndir. İstər qadınlar, istərsə də kişilər uzunmüddətli saç tökülməsindən gileylənirlər.
Bəs saç tökülməsi hansı hallarda narahatlıq səbəbidir və bu zaman hansı addımlar atılmalıdır? Uzunmüddətli saç tökülməsi ciddi xəstəliklərin əlaməti ola bilərmi?
Musavat.com-a mövzu ilə bağlı danışan trixoloq Aytən Hüseynova bildirib ki, saç tökülməsinin müxtəlif səbəbləri var:
“Fəsil dəyişkənliyində saçlarda kəpək və saç köklərində quru mənşəli ekzema, psoriaz xəstəlikləri baş verir. Günümüzün ən aktual problemlərindən biridir. Saç tökülmələri fəsildən fəsilə dəyişə bilir və saçda dəri xəstəliklərinin baş verməsi şampunlardan, salonda gigenik qaydaya riayət edilməməsindən irəli gəlir. Saçda yaranan problemlərin az faizi irsidir. Saç tökülməsinin müxtəlif səbəbləri var: genetik faktorlar, dəri problemləri, yanlış yemək vərdişləri, vitamin və mineral çatışmazlığı, hormonal problemlər, bəzi daxili xəstəliklər və dərman istifadəsi, doğuş və kimyaterapiya prosesi, kosmetik amillər.
Sağlam bir insanda saç tökülməsi 2 aya qədər davam edə bilər. Əgər saç tökülmə müddəti 2 ayı keçirsə və ildə 3 dəfə baş verirsə, bu, bəzi ciddi xəstəliklərin əlaməti ola bilər və mütəxəssis köməyi tələb edə bilər. Saç tökülməsi adətən tətikləyici faktordan 3-4 ay sonra başlayır və bu amillər müalicə olunduqdan 6-12 ay sonra normala dönə bilir”.
Trixoloq “Saçı tökülən insan ilk addım olaraq nə etməlidir?” sualına isə belə cavab verib:
“Saç diblərini möhkəmləndirmək üçün düzgün saç növünə uyğun şampunlar və xüsusi lasyonlar tövsiyə olunur. Saç köklərini isti su zəiflədir. Saçı yuyarkən suyun dərəcəsinə diqqət etməliyik və ən əsası, sulfatsız, parabensiz məhsullardan çəkinmək lazımdır.
Saç tökülməsi olan insan ilk addım kimi ümumi qan analizlərindən keçməlidir. 2-ci addım olaraq həkim qəbuluna getməli və saç köklərini aparatla yoxlatmalıdır. Bundan sonra düzgün diaqnozla daxili və xarici müalicə təyin olunur. Bir çox hallarda isə saç köklərinə ən keyfiyyətli hairkokteyl kök hüceyrə tətbiq edilir”.
Könül İbrahim
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ