Onlayn ictimai-siyasi qəzet
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq Şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat” qəzetini 35 illik yubileyi münasibəti ilə təbrik edib.
Baş redaktor Rauf Arifoğluna ünvanlanan təbrikdə deyilir:
“Əziz Rauf bəy!
Sizi və kollektivinizi “Yeni Müsavat” qəzetinin çapa başlamasının 35 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
“Yeni Müsavat” qəzeti Xalq Hərəkatının ilk aylarından ağır şərtlər altında xalqın sözünün ifadəsi kimi meydana gələn media orqanıdır. Həmin dövrdə “Yeni Müsavat” yalançı hakim ideoloji təbliğata alternativ kimi yaranmışdı və xalqın iradəsini ifadə etdi.
Qəzeti hansı çətinliklər və fədakarlıqla buraxdığınızı və oxuculara çatdırdığınızı yaxşı xatırlayıram. Azərbaycan müstəqillik əldə etdikdən bir neçə il sonra “Yeni Müsavat” ölkənin ən oxunaqlı qəzetlərindən birinə çevrildi. Bu, bir tərəfdən qəzetin tutduğu xəttlə, azad sözün ifadəçisi olması ilə bağlı idisə, digər tərəfdən əməkdaşların peşəkarlığı, zəhməti və ən başlıcası şəxsən Sizin fədakarlığınız sayəsində mümkün olub.
Hazırda da müstəqil mediamızın ilk qəzetləri sırasında yer alan “Yeni Müsavat”ın və qəzetin onlayn versiyasının nüfuzlu media qurumuna çevrilməsini şərtləndirən səbəb peşəkarlıq, ağır iqtisadi-siyasi sınaqlardan uğurla keçməsi və oxucuların ürəyində özünə yer qazanmasıdır.
Əziz Rauf bəy!
Sizləri bir daha təbrik edir və tutduğunuz mövqeyi qorumağınızı, Azərbaycanın tarixinə yazılan xəbərlərlə oxucularınızı müjdələməyinizi arzu edirəm”.
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ