Onlayn ictimai-siyasi qəzet
ABŞ Şimali Atlantika Alyansının şərq cinahında Amerika hərbi mövcudluğunu azaltmaq niyyətində deyil.
“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “Buxarest doqquzluğu” ölkələrinin (Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya) və NATO-nun şimal ölkələrinin (Danimarka, İsveç, Norveç, Finlandiya və İslandiya) təhlükəsizlik məsələləri üzrə geniştərkibli sammitinin keçirildiyi Vilnüsdə yekun mətbuat konfransında bildirib.
O qeyd edib ki, daim iki sualla – “ABŞ alyansın üzvü kimi hələ də kollektiv təhlükəsizliklə bağlı öhdəliklərinə sadiq qalırmı?” və “ABŞ qəfildən qoşunlarını çıxarmayacaq ki?” sualları ilə qarşılaşır. “ABŞ NATO Nizamnaməsinin 5-ci maddəsi (kollektiv müdafiə haqqında - red.) üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edir. Qoşunların çıxarılmasına gəlincə, buna dəlalət edən heç bir əlamət yoxdur”, - Rutte cavabında söyləyib.
Polşa Prezidenti Anjey Duda qeyd edib ki, son aylarda onun ABŞ Prezidenti Donald Tramp və komandası ilə bir neçə dəfə danışmaq imkanı olub. “ABŞ-nin NATO-nun şərq cinahından qoşunları çıxarmaq niyyəti barədə heç bir məlumat yoxdur”, - Duda vurğulayıb.
Litva Prezidenti Gitanas Nauseda isə vurğulayıb ki, ABŞ hərbçilərinin regionda olması kollektiv təhlükəsizliyin mühüm amilidir. “Ümid edirik ki, NATO-nun Haaqa sammiti bizə müsbət xəbərlər gətirəcək”, - Nauseda ABŞ qoşunlarının mümkün ixtisarı ilə bağlı şayiələri şərh edib.
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ