İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüstəm İbrahimbəyovun həyat yoldaşı onun son istəyindən danışdı

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir.

Musavat.com bildirir ki, mərasimdə mədəniyyət nazirliyinin nümayəndələri, tanınmış kino xadimləri, ictimaiyyət nümayəndələri və digər tanınmışlar iştirak edir.

Mərasimdə mərhumun birinci həyat yoldaşı Şöhrət İbrahimbəyova və oğlu Orxan İbrahimbəyov da var.

Şöhrət İbrahimbəyova jurnalistlərə açıqlamasında bunları bildirib:

"Rüstəm İbrahimbəyov gözəl və ağıllı insan idi. Onun son istəyi və arzusu haqqında məlumatlı deyiləm. Çünki  üç ay  xəstəxanada qalıb. Onu nə görmüşəm, nə də danışa bilmişəm".

Mərhumun oğlu Fuad İbrahimbəyov isə qeyd edib:

"Bir valideyn kimi atamı itirmək mənim üçün çox ağırdır. Bu, bizim üçün gözlənilməz oldu. Sevindirici haldır ki, atamın nəşi  Azərbaycana gətirildi və o, öz vətənində dəfn olunacaq. O, çox özəl insan, gözəl ata və qeyri-adi incəsənət adamı idi. Son anında deyirdi ki, əgər geri qayıda bilməsəm, əvəzimə köhnə dostlarımı qucaqla və sevgimi çatdır".

Xatırladaq ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib.

Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.

R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb. 1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub. Onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.

 

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR