Onlayn ictimai-siyasi qəzet
Sabah - yanvarın 31-də istiqlalımızın banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür. Xatırladaq ki, ayrı-ayrı dövrlərdə istər mərhum prezident Heydər Əliyev, istərsə də prezident İlham Əliyev M.Ə.Rəsulzadənin yubileyi ilə əlaqədar sərəncamlar imzalayıblar. Son olaraq Prezident İlham Əliyev ötən il dekabrın 30-da M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Sərəncamda bildirilir ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 ili tamam olur:
“Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.
Yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, ilk dövlət başçısı, jurnalist və publisist Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr edilən “II Beynəlxalq Rəsulzadə qiraətləri” konfransı keçiriləcək. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, tarixçilər, ictimai-siyasi xadimlər, Rəsulzadənin nəvəsi Rais Rəsulzadə və digər şəxslərin iştirak edəcəyi bildirilir.
O ki qaldı digər tədbirlərə, Mədəniyyət Nazirliyindən açıqlama verilərək bildirilib ki, 140 illik yubileylə bağlı tədbirlər planı hələ ki hazırlıq çərçivəsindədir və nazirlik təkliflərini irəli sürəcək.
Xatırladaq ki, 1992-ci ilin yanvarında Nazirlər Kabineti M.Ə.Rəsulzadənin Bakıda abidəsinin ucaldılması barədə qərar qəbul etmişdi. Məlumata görə, 1993-cü ildə Rəsulzadəyə heykəl qoyulması üçün dövlət səviyyəsində göstəriş olub. O vaxt dövlət başçısı olan mərhum Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadənin heykəlinin hazırlanması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda heykəlin qoyulacağı yer də göstərilib. Heykəl indiki Kukla Teatrı ilə üzbəüz parkda qoyulmalı idi. Bütün işlərin həyata keçirilməsi üçün Məhəmməd Əmin Rəsulzadənin adına fond da yaradılıb. Və fonda yığılmış vəsait hesabına sərəncamın həyata keçirilməsinə başlanılıb. Heykəlin hazırlanması xalq rəssamı Ömər Eldarova tapşırılıb. Ömər Eldarov tez bir zamanda heykəlin eskiz layihəsini düzəldib.
Heykəltəraş Ömər Eldarov eskiz layihəsi haqqında mətbuata açıqlamasında deyib: “Bu heykəlin aşağısında silindrik formada piltələr və pillələr olmalı idi. Ondan yuxarıda üzərində müstəqil respublikanın rəmzlərinin əks olunduğu postament qoyulacaqdı. Postamentin üzərində isə Məhəmməd Əmin Rəsulzadənin 20-ci illərin əvvəlindəki xarici görünüşünün əks olunduğu heykəl qoyulmalı idi. Burada o, gənc, enerjili yaraşıqlı kişi idi”.
Ömər Eldarov qərar gözlədiyini, Rəsulzadə üçün bütün işləri pulsuz edəcəyini də açıqlamışdı. Eskiz layihə əsasında Məhəmməd Əmin Rəsulzadənin heykəlinin işçi layihəsi də hazırlanıb. Lakin sonradan fondda pulun bitməsi əsas gətirilir və iş həmin mərhələdə yarımçıq qalır.
Mərhum prezident Heydər Əliyevin Rəsulzadənin 110 illik yubileyi ilə bağlı verdiyi sərəncamda ona Bakıda heykəl qoyulması, əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevrilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulmuşdu. Lakin bu vaxta qədər nə heykəl ucaldılıb, nə də ev muzeyi yaradılıb. Bununla bağlı Mədəniyyət Nazirliyinin rəyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi son brifinqdə erməni jurnalist Rəsulzadə ilə bağlı ona təxribatçı sual ünvanlayıb. O, Zaxarovaya İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb və əlavə edib ki, ADR qurucusu 2-ci Dünya müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasında “iştirak edib”.
“Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”, - Mariya Zaxarova bildirib.
Bu nə qiymətləndirmədir belə? Rusiya nədən narahatdır? Bakı Rusiya XİN-ə cavab yollayacaqmı? Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan tezliklə sorğumuza cavab veriləcəyi bildirildi.
Qeyd edək ki, ermənilərin Rəsulzadəyə qarşı bu cür çirkin iftira atması ilk dəfə deyil. Belə ki, 2020-ci ilin may ayında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində çirkin iddialar səsləndirərək, onu Hitler Almaniyası ilə əməkdaşlıq etməkdə ittiham etmişdi. Azərbaycanın tanınmış tarixçiləri, elm adamları və siyasətçilər Paşinyanın bu sərsəm yalanlarını tarixi fakt və sənədlərlə ifşa etmişdilər. Bildirilirdi ki, mühacirət mətbuatına, Rəsulzadənin öz yazdıqlarına, legionerlərin xatirələrinə, eləcə də Qərb tədqiqatçılarının əsərlərinə baxan zaman aydın olur ki, Rəsulzadə nəinki Hitler Almaniyası ilə əməkdaşlıq edib, əksinə, onlardan tamamilə uzaq dayanıb. Əlbəttə ki, əməkdaşlıq o zaman olardı ki, ortada hər hansı bir anlaşma, müqavilə olsun. Alman tədqiqatçı Mühlen də açıq şəkildə yazırdı ki, Rəsulzadənin rəhbəri olduğu iddia edilən komitə faktiki olmayıb.
Mövzu ilə bağlı tarix elmləri doktoru, Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu “Yeni Müsavat”a danışıb: “Bu, Azərbaycanın görkəmli dövlət xadimlərinə qarşı ermənilərin növbəti təxribatıdır. Vaxtilə Azərbaycan Cümhuriyyətinin qurucularına qarşı ermənilər terror aktları törədib, qətlə yetiriblər. Məsələn, Həsən bəy Ağayevi, Fətəli Xan Xoyskini Tiflisdə, Behbud bəy Cavanşiri İstanbulda qətlə yetiriblər. Bu gün isə bu terrorun başqa formasını davam etdirərək, Cümhuriyyətimizin qurucularına ləkə yaxmağa çalışırlar.
Nəsiman Yaqublu
Qeyd etmək istəyirəm ki, Rəsulzadənin alman faşistləri ilə heç bir əlaqəsi olmayıb. Rəsulzadə Azərbaycanın görkəmli dövlət xadimidir və hər zaman Azərbaycanın azadlığı məsələsini önə çəkib.
Faktlar da var ki, həmin dövrlərdə Rəsulzadə Almaniyada deyil, əsasən Rumuniyada yaşayıb. Bunu təsdiq edən sənədlər var ki, Rəsulzadə Rumuniyada Türkiyənin ovaxtkı səfiri Həmdulluah Sübhi Tanrıöverin dəstəyi ilə bir məkanda yaşayıb və bizim tariximizdə çox böyük dəyəri olan “Azərbaycan şairi Nizami” əsərini yazıb. Bu mənada Rəsulzadənin alman faşistləri ilə heç bir əlaqəsi olmayıb. Bu, ermənilərin növbəti təxribatıdır.
Ümumiyyətlə, Rəsulzadə yalnız Azərbaycan xalqının azadlığı uğrunda deyil, dünyadakı bütün xalqların öz azadlığı uğrunda apardığı mübarizəyə dəstək verən şəxsiyyət kimi tanınır və bu gün də bu cür qəbul edilməkdədir.
Rəsulzadə bütün bəşər üçün belə bir şüar ortaya qoyub: “İnsanlara hürriyyət, millətlərə istiklal!” Həmçinin bildirib ki, “Bir daha yüksələn bayraq, bir daha enməz!” İndi bu cür belə bəşəri ideyalarla, dəyərlərlə yaşayan şəxsiyyətə qarşı ermənilər bu cür xoşagəlməz kampaniya aparırlar. Əlbəttə ki, biz onların cavabını verəcəyik.
Bundan əvvəl də Ermənistanın baş naziri Nikol Paşinyan da səhv etmişdi və ona cavablarımızı verdik. Nəticədə Paşinyan düşüncəsində olan zərərli insanlar başa düşdülər ki, Rəsulzadəni ləkələmək mümkün deyil".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ