İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın TƏK dostu – Putinin o məşhur sözü və... SSRİ-2 haqda “muştuluq”

Rusiya Dövlət Dumasının deputatı, “jurnalist, publisist, siyasi məsləhətçi və teleaparıcı”, keçmiş “znatok” Anatoli Vasserman növbəti orijinal açıqlaması ilə fərqlənib. Deyib ki, “2025-ci ildə SSRİ-nin yenidən doğulması bu və ya digər şəkildə baş verəcək” (Axar.az).

Onun iddiasına görə, “yenidən doğulma” ümid yox, artıq qaçılmaz zərurətdir. “2025-ci ildə bunu etmək üçün vaxtımız ola bilər. Lakin daha bir neçə il gözləməli ola bilərik”, - Duma üzvü izhar edib və nümunə kimi ABŞ ştatlarının bəzilərinin Meksikanın keçmiş əraziləri olduğunu xatırladıb: Texas, Kaliforniya, Nyu-Meksiko, Nevada, Arizona.

Yəni ki, Texas, Kaliforniya, Nyu-Meksiko, Nevada, Arizona nə vaxtsa Meksikanın olub deyə, beynəlxalq hüquqa, BMT nizamnaməsinə tüpürmək, özündən zəif dövlətlərin ərazilərini zorla yağmalamaq olar (?)...

Məlumatlı oxucu bilir, SSRİ xiffətli velikorus şovinistlərin dilindən bənzər bəyanatlar tez-tez səslənir. Hərçənd nə qədər qəribə də olsa, Vasserman yəhudidir. İstənilən halda postsovet ölkələrində onun kimilərin belə sərsəm bəyanatları ciddiyə alınmalıdırmı?

Sərsəm görünsə də, bəli. Əsas da o səbəbə ki, Vasserman daxil, Rusiyada belə mövqe daşıyıcılarının sırası Kreml kabinetlərinə qədər uzanır. Sirr deyil ki, Putinin özü də SSRİ-2 ideyasının gizli-açıq tərəfdarlarındandır. Üç ilə yaxındır bunu o, dinbir, dilbir slavyan Ukraynaya qarşı ədalətsiz, işğalçı müharibənin timsalında bütün dünyaya əyani göstərməkdədir.

Təbii ki, rəsmi Moskva bunu işğal yox, “ərazilərin azad edilməsi”, “Novorossiyanın xilası” kimi qələmə verir. Ancaq Rusiyadan savayı heç kim buna inanmır, dünya hər şeyi öz adı ilə çağırır və çağıracaq...

Sonra. Bu yaxınlarda gənc sahibkarlarla görüşdə Putin bildirdi ki, 1-ci Pyotr digər ölkələrin torpaqlarını işğal-zad etməyib, yalnızca Rusiya ərazilərini birləşdirib. “O missiya indi bizim üzərimizə düşür” dedi. Ayrı sözlə, Kreml başçısı əmindir ki, o da Pyotr kimi “müqəddəs missiya” ilə – “Rusiya torpaqlarını təzədən toplamaqla” məşğuldur. Təhlükə budur.

Belə fikirlər də var ki, Kreml məhz MDB-ni SSRİ-2-nin hansısa formada bərpası üçün əsas, zəmin sayır. Məhz MDB-ni Rusiya ətrafındakı keçmiş sovet respublikalarını (Baltikyanı 3 ölkə xaric) yenidən “bir yerə yığmaq” vasitəsi kimi görür.

Bu xüsusda Krımın işğalından az öncəyə təsadüf edən bir video ibrətamiz hesab edilə bilər. Orada Putin jurnalistin “Ukrayna, Krımla bağlı nə etmək fikriniz var, Krımı götürəkmi” sualına belə cavab verir: “Krımı götürmək tam axmaqlıq olardı. Əgər biz kimdənsə nəsə götürsək, hökmən bizdən də nəsə alacaqlar, yaxud nəsə itirəcəyik. Hər halda, belə bir şeyə getsək, postsovet məkanında sərhədlərin dəyişdirilməsi ilə bağlı elə proses başlayar ki, altından çıxa bilmərik. Misal üçün, Rusiya daxilində 400 mübahisəli ərazi var. İstərdim ki, bunu hamı bilsin. Əsas problem imperiya Rusiyasının mirası ilə bağlıdır. Hamı hesab edir ki, Rusiya hələ də imperiya olaraq qalır. Amma bu, əsla belə deyil”.

Amma Rusiya nəinki Krımı “götürdü”, Ukraynanın daha 4 vilayətini özününkü elan edib təcavüzkar müharibəyə başladı. Odur ki, “Rusiyanın dostları olmur” deyənlər zərrəcə yanılmır. Söz düşmüşkən, cənab Putin başqa bir müsahibəsində söyləmişdi ki, “Rusiyanın bir etibarlı dostu var, o da onun ordusudur”. Bununla da faktiki Pyotrun vəsiyyətinə sadiq qalacağına işarə vurmuşdu...

Və sonda. Astroloqlara görə, İlan illəri (2025 də o sıradadır) Rusiya üçün heç də uğurlu olmayıb. Hətta böyük ictimai-siyasi təlatümlərlə, məğlubiyyət və ərazi itkiləri ilə, inqilablarla yadda qalıb. Astrologiya heç. Bəs reallıq? Görəsən Ukraynadakı “Pirr qələbəsi” Moskvaya dərs olmayacaqmı ki, öz qonşularından daha birinə hücum edəcək?

2025 yəqin ki, bu və digər kritik suallara xeyli dərəcədə aydınlıq gətirməlidir. Bizə isə böyür-başımızda, dünyada gedən prosesləri, hərbi toqquşmaları, köhnə-təzə münaqişələri, özəlliklə “şimal ayı”sının davranışını son dərəcə diqqətlə izləmək, eyni zamanda, qardaş Türkiyə və Pakistan başda olmaqla dost-müttəfiqlərimizlə əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmaq qalır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR