İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın məğlubiyyəti üçün 500 milyard ayrılacaq? - iddia

Eks-dövlət katibindən sensasion yazı

ABŞ prezidentliyinə namizəd, keçmiş Amerika lideri Donald Tramp “Lend-Lease” proqramı çərçivəsində Ukraynanı silahla təmin edə, bunun üçün 500 milyard dollar ayıra bilər. Tramp dönəmində dövlət katibi işləmiş (2018-2021), Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Mayk Pompeo bu qənaətdədir. Hərçənd D.Tramp hakimiyyətə gələn kimi müharibəni dayandıracağını təkrarlamağı xoşlayır. 

Pompeo isə hesab edir ki, Tramp Rusiyanı məğlub etmək üçün belə bir addıma gedə bilər. “ABŞ-ın vergi ödəyicilərini yeni qanun layihələri ilə yükləməkdənsə, qoy Ukrayna Rusiyanı məğlub etmək üçün Amerika silahları almaqdan ötrü lazımi qədər borc alsın”, - sabiq dövlət katibi “The Wall Street Journal”dakı köşə yazısında qeyd edib. 

Onun sözlərinə görə, Rusiyaya mümkün qədər çox zərər vurmaq üçün Tramp Ukraynaya qarşı Amerika silahlarının istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldıra, eləcə də Moskvaya qarşı “real sanksiyalar” tətbiq edə bilər. “Bayden administrasiyasının sanksiyaları kağız üzərində yaxşı səslənir, lakin onların içi boşdur”, - sabiq Pompeo vurğulayıb.

Onun fikrincə, Tramp Ukraynanın NATO və Avropa İttifaqına (Aİ) üzv olmasından sonra Rusiyaya qarşı sanksiyaları tamamilə ləğv edə bilər: “Trampın planına həmçinin Krımın demilitarizasiyası, Ukraynanın Amerika vergi ödəyicilərinin dollarlarından deyil, Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatları hesabına kompensasiyalar hesabına yenidən qurulması daxil ola bilər. Rusiya bu şərtləri yerinə yetirərsə, Qərb tədricən sanksiyaları ləğv edəcək. Ukrayna həm NATO-ya, həm də Aİ-yə daxil olan kimi isə onlar tamamilə aradan qaldırılacaq”. 

Diplomat əlavə edib ki, Trampın mümkün planının bir hissəsi kimi, Qərb Rusiyanın işğal etdiyi yeni əraziləri tanımayacaq: “Necə ki, biz Baltikyanı ölkələrin SSRİ-yə qoşulmasını heç vaxt tanımamışıq və 1974-cü ilə qədər ADR-i tanımadıq”.

Xatırladaq ki, ötən həftə Putinin mətbuat katibi Dmitri Peskov Trampın mümkün qələbəsinə “çəhrayı eynəklə” baxmadığını bildirmişdi. Yəni Moskva belə bir qələbənin onun xeyrinə işləyəcəyinə əmin deyil.   

Bu arada məlum olub ki, Kiyev bu il Rusiyanın “qorxulu yuxusu” sayılan "F-16" qırıcılarından döyüş meydanında istifadə etməyə başlayacaq. Müvafiq bəyanatla Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova çıxış edib. Diplomat həmçinin qeyd edib ki, yaxın aylarda Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükündə artım gözlənilir. 

Prezident V.Zelenski isə deyib ki, Kiyev dekabra qədər sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamaq niyyətindədir. Lakin əlavə edib ki, fəaliyyət planının əsasını Ukraynanın ərazi bütövlüyü məsələsi təşkil edəcək və bu mövzu maraqlı ölkələrlə əsaslı şəkildə müzakirə olunacaq.  Pompeo bu açıqlamaları ilə nəyin anonsunu verir? Onun tezisləri nə dərəcədə əsaslıdır? Tramp belə bir plana qol qoyarmı?

Elçin Xalidbəyli: “Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi gözlənilməz  istəkdir”

 Elçin Xalidbəyli 

Siyasi şərhçi Elçin Xalidbəyli “Yeni Müsavat”a deyib ki, Mayk Pompeonun açıqlamaları faktiki olaraq Donald Trampın indiyə qədər elan etdiyi mövqeyi ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Çünki Donald Tramp dəfələrlə bəyan edib ki, Ukrayna savaşını dayandıracaq, üstəlik, sülh şərtləri elə məzmun daşıyacaq ki, Rusiyanın siyasi qüruru alçaldılmamış olsun: “Donald Trampın mövqeyi indiyə qədər bundan ibarət olub və o, son dövrlərdə bu mövqeyini inkar edəcək hər hansı bir açıqlama verməyib. Amma indi Donald Trampın yaxın ətrafına daxil olan bir şəxsin, yəni Mayk Pompeonun onun mövqeyinə kəskin ziddiyyət təşkil edən açıqlama verməsi bir qədər gözlənilməz xarakter daşıyır. Ancaq ehtimal etmək olar ki, bu açıqlama daha çox yaxınlaşan prezident seckisinə hesablanıb. Donald Tramp üçün hər səs bu dəqiqə dəyərlidir. Həmin səsləri toplamaq üçün cəmiyyətin bütün təbəqələrinin dəstəklədiyi ideyalarla çıxış etmək ehtiyacı var. Hazırda Amerika cəmiyyətində Rusiyanın məğlub edilməsi mövzusu kifayət qədər populyar məsələdir. Ona görə ola bilsin ki, seçki ərəfəsində Trampın seçki qərargahı bu məsələdə bir qədər fərqli mesajların verilməsinə də ehtiyac duyub. Rusiya əleyhinə verilən mesajlar Trampın dilindən yox, yaxın ətrafının tərəfindən dilə gətirilir. Amma Pompeonun açıqlamalarında yer alan məqamlara diqqət yetirsək, onların reallaşma ehtimalı o qədər də yüksək deyil”. 

Siyasi şərhçi bildirib ki, Avropa Birliyinin artıq Ukrayna savaşını maliyyələşdirmək üçün resursları tükənmək üzrədir. Bunu Avropa Birliyinə daxil olan ölkələrin təmsilçiləri də etiraf edir: “Bir müddət öncə Macarıstanın xarici işlər naziri Avropa Birliyinin Ukrayna savaşında artıq uduzduğunu bəyan etmişdi və əlavə resursların olmayacağını bildirmişdi. Bunu nəzərə aldıqda, Amerika Birləşmiş Ştatlarının da Ukrayna savaşına böyük məbləğlər sərf edəcəyinə inanmaq çətindir, çünki indiyə qədər bunu etməyiblər. Ukrayna savaşının maliyyə yükünü ABŞ Avropa Birliyinin çiyinlərinə yükləyib. Əgər Avropa Birliyi bu yükü artıq daşıya bilmirsə, amerikalılar böyük ehtimalla Ukrayna üçün para xərcləmək həvəsində olmayacaqlar. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Tramp və Zelenski arasında telefon danışığı olub. Əgər Pompeonun dedikləri həqiqət olarsa, onda Zelenski həmin telefon danışığından sonra dərhal sülh planı üzrə fəaliyyət planının hazırlanmasından danışmazdı. Ukraynada bir çoxları artıq Rusiya ilə müharibədə qələbə prespektivləri barədə olduqca pessimist danışmağa başlayıblar və Ukraynanın həm insan, həm hərbi resurslarının tükənməkdə olduğunu bildirirlər. Üstəlik, onu nəzərə almaq lazımdır ki, Trampın hakimiyyətə gəlmə ehtimalından hazırda yalnız Ukraynada deyil, Avropada da çox ciddi narahatdırlar. Birincisi, Ukrayna savaşının sona çatdırılması ilə bağlı dediklərinə görə, ikincisi də Avropa birliyinin ABŞ-ın hesabına təhlükəsizlik sisteminin çətiri altında olmasına görə. Tramp Avropa ölkələrini ABŞ-ın hesabına qorumaq niyyətində olmadığını artıq bəyan edib. Hətta ABŞ-ın NATO-nu tərk etmə ehtimalı da tədricən gündəmə gətirilməyə başlanıb. Ötən prezidentliyi dönəmində də belə bir ideya ilə çıxış etmişdi. Hesab olunur ki, bu dəfə ABŞ-ın NATO-dan çıxma niyyətini reallaşdıra bilər. Ona görə də Avropa Birliyi məkanında Trampın hakimiyyətə gəlmə ehtimalı ilə bağlı ciddi şəkildə narahatdırlar. Bütün bunları nəzərə alanda Pompeonun açıqlamalarının və yaxud da yazdığı yazının böyük ehtimalla həm Amerika cəmiyyətində, həm də kollektiv Qərb daxilində müəyyən qədər sakitləşdirici əhval-ruhiyyənin yaradılmasına hesablanmış ola biləcəyi qətiyyən istisna deyil. İndiki situasiyada Trampın Rusiya ilə qarşıdurmaya xüsusi həvəs göstərəcəyi inandırıcı görünmür. Ukraynanın da Pompeonun dediyi kimi, müharibəni davam etdirmək üçün ABŞ-dan yüz milyardlarla dollar kredit götürmək niyyətinə düşəcəyi də inandırıcı deyil. Hər halda, Ukraynada kifayət qədər ağıllı adamlar var ki, bu kreditlərin Ukraynaya hansı fəlakətləri vəd etdiyini anlamış olsunlar. Birincisi, savaş Ukraynanı dağıtmaqda davam edəcək, ikincisi də nəzərə almaq lazımdır ki, sonra o kreditləri geri qaytarmaq lazım olacaq və savaşın Ukraynanın neçə on illik ərzində amerikalılardan götürdüyü kreditləri qaytara biləcəkləri də başqa bir mübahisə mövzusu ola bilər. Onu da nəzərə almaq lazımdır ki, ABŞ-da, eləcə də Avropada bəzi siyasi dairələr hesab edirlər ki, Ukraynanın kənd təsərrufatı, eyni zamanda təbii sərvətləri hazırda Ukraynaya xərclənmiş pulların əvəzi olaraq Qərb şirkətlərinə müddətsiz olaraq icarəyə verilməlidir. Bununla da Ukrayna öz borcunu ödəyənə qədər Qərb şirkətləri Ukraynanın həm kənd təsərrüfatını, həm də təbii sərvətlərini istismar etmə hüququ qazanmalıdır. Göründüyü kimi, Ukrayna üçün Qərbdə də ümidverici planlar mövcud deyil. Bu baxımdan Pompeonun açıqlamaları da buna bənzər açıqlamalardandır. Çünki orada 500 milyardın ayrılması və eyni zamanda Ukraynanın ABŞ-dan öz savaş ehtiyaclarını ödəməsi üçün kredit götürməsi məsələsi vurğulanır. Bu da hansısa dairələrin lobbiçiliyinə xidmət edən mövqe kimi təsir bağışlayır. Hələlik Ukraynanın xilası üçün elə bir ciddi ümidverici məqam müşahidə olunmur. Böyük ehtimalla ilin sonlarına doğru Ukrayna Rusiya ilə danışıqlar masası arxasına oturmaq məcburiyyəti qarşısında qalacaq. Kreml sülh şərtlərini böyük ölçüdə diktə etmək şansı qazanmış olacaq. Hazırda cəbhə bölgəsində yaranmış vəziyyət onu göstərir ki, hərbi üstünlüyü Rusiya ələ alıb. Sülh masasında bunun təsiri ola bilər”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR