İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın dərman şirkətləri Azərbaycandan niyə gedir?

Əczaçılıq şirkətlərinin bazarı tərk etməsi dərman istehsalına xarici investisiya imkanlarının daralması kimi qiymətləndirilməlidir

Rusiyanın “Binnofarm Group” MMC şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. “Binnofarm Group”  Rusiyanın ən böyük dərman istehsalçılarından biridir. Şirkət dünyanın 14 ölkəsinə dərman ixrac edir. “Binnofarm Group” MMC-nin Azərbaycandakı nümayəndəliyi 2022-ci ilin yanvarında dövlət qeydiyyatından keçib. “Binnofarm Group” tibb müəssisələrini müxtəlif formalarda antibiotiklər, endokrinologiya, nevrologiya, kardiologiya və digər terapevtik qruplar üçün dərmanlarla təmin edən xəstəxana seqmenti üçün məhsulların ən böyük təchizatçılarından biridir.

Bundan bir neçə ay əvvəl Rusiyanın “Nijfarm” əczaçılıq şirkəti də Azərbaycanı tərk edib. “Nijfarm” da Rusiyanın aparıcı farmasevtika şirkətlərindəndir. Şirkətin məhsul portfelinin əsas istiqamətləri - qastroenterologiya, dermatologiya, ginekologiya, urologiya, revmatologiya və pediatriyada istifadə olunan dərman preparatlarıdır.

Qeyd edək ki, Rusiya şirkətlərinin Azərbaycanın dərman bazarına marağı 2015-2016-cı illərdən başlayıb. Həmin illərdə bir neçə Rusiya şirkətindən Azərbaycanda istehsal müəssisələrinin yaradılması ilə bağlı təkliflər irəli sürülsə də, bu sahədə yalnız “R-Pharm” MMC-nin fəaliyyəti real nəticəyə səbəb olub. 2019-cu ildən şirkətin Pirallahı Sənaye parkında müəssisəsi istehsala başlayıb. Müəssisə Almaniya, İtaliya və digər Avropa texnologiyaları əsasında onkologiya, HİV/QİÇS, əsəb, ürək damar, əzələ skelet və tənəffüs sistemi, diabet dərmanları, antibiotik, antivirus, ishal və qusma əleyhinə dərmanlar, həmçinin rentgen və kontrast agentləri üçün əlavələr istehsal etmək niyyətindədir. Müəssisənin illik istehsal gücünün 250 milyon ədəd həb və kapsul təşkil etdiyi bildirilir. Onuninvestisiya dəyəri 16 milyon dollara yaxındı, hazırda 45 işçi var.

Ümumiyyətlə, 2020-ci il COVİD-19 pandemiyası və ondan sonrakı ilkin dövrdə Azərbaycan hökumətindən yerli dərman istehsalının daxili tələbatın 50 faizi həddinə çatdırılmasına dair fikirlər səsləndirilməyə başlandı. Lakin hələlik bu hədəfin onda birinə belə nail olunmayıb. Belə ki, hazırda Azərbaycanın dərman təminatında idxaldan asılılığı az qala 100 faiz təşkil edir. Baxmayaraq ki, son 10 il ərzində dəfələrlə İran, Türkiyə, Rusiya və digər ölkələrin iri əczaçılıq şirkətləri ilə Azərbaycanda istehsal müəssisələrinin yaradılmasına dair danışıqlar aparılıb, razılaşmalar əldə olunub, bu sahədə irəliyə doğru ciddi addımların atıldığını söyləmək mümkün deyil. Belə ki, hələ də ölkənin dərman preparatları ilə təminatında yerli istehsalın payı 1 faizə belə çatmır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət nöqtələrindən əhali tərəfindən 230 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alınıb. Bu, ötən ilkindən 11,1 faiz çoxdur. Həmin dövrdə yerli dərman istehsalının dəyəri 2 milyon 700,2 min manat təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki istehsal həcmindən 13,1 faiz azdır. Rəsmi statistikaya görə, bu ilin iki ayında ölkədə 0,8 milyon ədəd tibbi maska istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 faiz çoxdur.

İki ayda Azərbaycandan xaricə 520 min dollarlıq əczaçılıq məhsulları ixrac edilib. Həmin dövrdə eyni məhsulların idxalının dəyəri 90 milyon 629.96 min dollara bərabər olub. Ötən ilin eyni dövründə ixrac 1 milyon 630.28 min dollar, idxal isə  79 milyon 278.48 min dollar təşkil etmişdi. Bu isə o deməkdir ki, illik ifadədə ixrac 3,1 dəfə azalıb, idxal 14,3 faiz artıb. Dəyər baxımından belə artıma rəğmən, idxal miqdar baxımından azalıb. Belə ki, ötən ilin iki ayında xaricdən 5263 ton əczaçılıq məhsulları alınmışdısa, bu il göstərici 4 min tona düşüb. İdxalın miqdar baxımından azalıb, dəyər baxımından artması ölkənin əczaçılıq idxalının kəskin bahalaşmasından xəbər verir.

Bir çox mütəxəssislər hesab edirlər ki, Azərbaycanda əsas dərman preparatlarının istehsalı qurularsa, dərman bazarında rəqabət mühiti formalaşar, bu isə qiymətlərin əsassız bahalaşmasının qarşısını alar. Yerli istehsalın daxili bazarı ən azı 50 faiz təmin etməsi lazımdır ki, idxalla rəqabət mümkün olsun. Lakin idxaldakı inhisarlaşma yerli istehsalın qurulması yolunda böyük maneəyə çevrilib. Bu ihisarlar idxaldan yüz milyonlarla dollar gəlir əldə etdiklərinə görə yerli istehsalın yaranmasına hər vəchlə mane olurlar. Bunun nəticəsidir ki, 10 ildir ən müxtəlif ölkələrin şirkətləri ilə Azərbaycanda dərman istehsalını inkişaf etdirmək planları reallaşmamış qalır.

Qeyd edək ki, 2016-cı ildə yaradılan Pirallahı Sənaye Parkı sırf əczaçılıq məhsulları istehsalına ayrılıb. Pirallahı SP-nin hazırda 7 rezidenti var, cəmi ikisi məhsul istehsal edir. İqtisadi Zonaların İnkişafı Agentliyindən “Yeni Müsavat”a verilən məlumata görə, parkın rezidenti olan Türkiyə-Azərbaycan birgə müəssisəsi “Gen Pharma Caucasus Manufacturing Operations” MMC tərəfindən Sənaye Parkının ərazisində yüksək keyfiyyətli 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulun istehsalı həyata keçiriləcək.

 “Medtest” MMC şirkəti tərəfindən Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi”, “AzMedPlant” MMC-də birdəfəlik üçkomponentli şprislərin istehsalı, “Supreme Pharmatech Azerbaijan” MMC isə bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını təşkil edəcək.

Pirallahıda fəaliyyət göstərən “Diamed” MMC artıq bir neçə ildir şpris və tibbi maska istehsal edir.

Dərman istehsalı ilə məşğul olan daha bir şirkət “AzərFarm LTD”dir. Saytlarında qeyd olunur ki, şirkətdə müxtəlif farmakoloji qruplardan olan 70-ə yaxın dərman preparatları istehsal olunur.

Home - Parlapharmaceuticals

Pirallahı Sənaye Parkından kənarda fəaliyyət göstərən “Parla Pharmaceuticals” 2019-cu ildə fəaliyyətə başlayıb. Şirkətin saytında onun Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkəti olduğu qeyd edilir. Bildirilir ki, şirkətin istehsal etdiyi 11 növ dərman vasitəsi artıq satışdadır. Şirkət antibiotik, uroloji, şəkərli diabetin müalicəsində istifadə olunan, göbələk əleyhinə, iltihab əleyhinə, ağrıkəsici preparatların və insan boy hormonunun istehsalını həyata keçirir. Tezliklə insulinlərin, hematologiya, onkologiya və başqa terapevtik sahələrdə də bir sıra digər molekulların istehsalına başlayacağı gözlənilir. Şirkət rəhbərliyi bildirir ki, “Parla Pharmaceuticals” 400-dən çox molekulun tam istehsalını həyata keçirəcək.

Ümumilikdə, Pirallahı Sənaye Parkına rezidentlər tərəfindən 71,3 milyon dollarlıq sərmayə qoyulması, 555 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Pirallahıdan kənarda yaradılmasına başlanan daha bir dərman istehsalı zavodunun Ələt Azad İqtisadi Zonasında yerləşməsi nəzərdə tutulur. 2022-ci ildə zona rəhbərliyi ilə İsrailin BioPharmax şirkəti arasında müvafiq müqavilə imzalanıb. Yaradılacaq müəssisədə 50 addan çox dərman vasitələrinin istehal olunacağı deyilir, lakin 2 ildən çox vaxt keçsə də, işlərin gedişinə dair hər hansı açıqlama verilməyib.

ABŞ administrasiyasının başlatdığı rüsum-ticarət müharibəsi fonunda qlobal ticarətin əsaslarının sarsılması hər bir ölkənin əsas məhsullarla özünütəminatını bir daha aktuallaşdırır. Belə bir vaxtda Rusiya əczaçılıq şirkətlərinin Azərbaycandan getməsi ilk növbədə dərman istehsalına xarici investisiya imkanlarının daralmasının göstəricisi kimi mənfi qiymətləndirilməlidir. Rusiya əczaçılıq şirkətlərinin Azərbaycan bazarından çıxmasının səbəbləri müxtəlif ola bilər.

Aydındır ki, mülki təyyarəmizin vurulmasından sonra Rusiya - Azərbaycan münasibətlərində soyuqluq yaranıb. Lakin şirkətlərin getmə qərarında bu amilin rolunun olduğunu söyləmək qeyri-mümkündür. Çünki son həftələrdə iki ölkə arasında münasibətlərin yenidən istiləşməsi müşahidə olunur. Bundan əlavə, yanvar-fevralda Rusiya ilə Azərbaycan arasında ticarətdə böyük artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 997,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 406,7 milyon ABŞ dolları və ya 68,8 faiz çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,21 faizini təşkil edib.

Yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 150,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon ABŞ dolları və ya 2,7 faiz azdır. Hesabat dövründə Rusiyadan Azərbaycana 847,1 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da illik müqayisədə 410,9 milyon ABŞ dolları və ya 94,2 faiz artım deməkdir.

Avropa Məhkəməsi Natiq Cəfərliyə görə Azərbaycan hökumətini cərimələdi ·  Mikroskop - Qısa, vizual, izahlı

Natiq Cəfərliyə 

İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, Rusiya əczaçılıq şirkətlərinin Azərbaycanda fəaliyyətini dayandırmasının bir neçə səbəbi ola bilər: “Birinci səbəb bu ola bilər ki, Qərb dövlətləri Rusiya maliyyə qurumlarına, banklarına, Rusiya ilə maliyyə əməliyyatlarına çox kəskin məhdudiyyətlər tətbiq ediblər. Bu məhdudiyyətlər həmin şirkətlərin Azərbaycanda fəaliyyətinə problem yarada bilər. İkinci səbəb bu ola bilər ki, sanksiyalar Rusiyanın özündə ciddi problemlər yaradıb. Xüsusilə dərman istehsalı azalıb, dərman bazarında çatışmazlıq kəskinləşib. Həm sanksiyalara görə dərman istehsalında zəruri olan xammal əldə etmək mümkün olmur, həm də müharibəyə görə dərman preparatlarına tələb artır. Böyük ehtimalla, əczaçılıq şirkətlərinin gedişində bu amillər həlledici olub. Daha bir səbəb budur ki, görünür, Azərbaycanın özündə həmin firmaların dərmanlarını daha ucuz analoqları ilə əvəz etmək yolları tapılıb. Belə dərmanların Hindistandan idxalı son vaxtlar sürətlə artır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR