İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan ABŞ-a Ukrayna üzərindən hədə

Müharibədə dönüş nöqtəsi yetişir

“ABŞ Ukrayna məsələsində uçuruma yaxınlaşıb”. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynaya daha uzaq mənzilli silahların verilməsini şərh edərkən deyib. O bildirib ki, buna səbəb Rusiyanın döyüş meydanında məğlub ediləcəyi ilə bağlı ideyalardır.

“ABŞ hazırda özlərinin qurduğu qaranlıq xəyallar dünyasında yaşayır. Onlar hesab edir ki, Rusiyanı döyüş meydanında məğlub edə biləcəklər. Bu ideyanın sonu isə onlar da daxil olmaqla, bu acı reallığa göz yumanlar üçün heç də yaxşı nəticələnməyəcək”, - diplomat qeyd edib.

Ukraynaya “ATACMS” tipli raketlərin təchizatına, eləcə də ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməklə bağlı icazəsinə toxunan Ryabkovun sözlərinə görə, həmin silahlar döyüş meydanında sıradan çıxarılacağı üçün Qərb bu məqsədinə nail ola bilməyəcək: “Bununla belə bölgədə risk və təhlükənin miqyası artır. Vaşinqtonun Ukraynaya ölkəmizin dərinliklərinə zərbələr endirilməsinə icazə verməsi münaqişənin eskalasiyasına yönələn addımdır. Vaşinqton Kiyevi məhz buna təhrik edir”.

Bu arada “Teleqraf” nəşri məlumat verib ki, Ukrayna Rusiya ərazisindəki qanuni hədəfləri vurmaq üçün ötürülən uzaqmənzilli silahlardan istifadə etmək üçün Qərb tərəfdaşlarından - ABŞ və Böyük Britaniyadan icazə gözləyir. Bildirilir ki, olduqca maraqlı obyektlər raket zərbəsi altında ola bilər, xüsusən də rus pilotların təlim keçdiyi Lipetsk şəhərinin kənarındakı aviabaza. 

Nəşr qeyd edir ki, Kiyevə uzaqmənzilli raket zərbələri üçün yaşıl işıq yandırılması, şübhəsiz ki, müharibənin gedişinə təsir edəcək. Müharibənin Tədqiqi İnstitutu Ukraynanın (ABŞ) dərhal vura biləcəyi ən azı 225 potensial hədəfi müəyyən edib. Bunlar Rusiya hərbi maşınının dəstəklənməsində mühüm rol oynayan hərbi aerodromlar, təlim bazaları, logistik mərkəzlər və istehsalat obyektləridir. 

Daha öncə “Quardian” yazmışdı ki, Böyük Britaniya artıq Ukraynaya Rusiyadakı hədəflərə qarşı “Storm Shadow”"qanadlı raketlərindən istifadə etməyə icazə vermək qərarına gəlib. 

Bəs rəsmi Moskvanın “ABŞ Ukrayna məsələsində uçuruma yaxınlaşıb” mesajının açması nədir? Doğrudanmı bu müharibədə Rusiyanın məğlubiyyəti qeyri-mümkündür? 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Rusiya rəsmilərinin açıqlamalarını oxuyanda insanların hələ də necə bir qəflət içində olduqlarına təəccüblənməmək mümkün deyil: “Xüsusilə də Ryabkov kimi təcrübəli və savadlı diplomatın ABŞ-ın qərarlarına bu qədər bəsit məntiqlə yanaşması ya onun sadəlövhlüyündən, ya da Putinin qorxusundan əsl həqiqətləri dilə gətirməməsindən qaynaqlana bilər. Adam sanki anlamaq istəmir ki, ABŞ-ın uzaqmənzilli silahlarla bağlı verdiyi qərarlar heç də Ukraynaya tez bir zamanda qələbə qazandırmaq məqsədi güdmür. Əgər ABŞ-ın elə bir məqsədi olsaydı, Ukraynaya mümkün olduğu qədər tez bir zamanda Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verərdi və Kremlin ölkəsini gözləyən aqibətdən qaçmaq şansı bulunmazdı. İstər ABŞ dövlət katibi Antoni Blinkenlə Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemminin Kiyevə səfərində dilə gətirdikləri tezislər, istərsə də ABŞ-ın hazırkı prezidenti Co Baydenin ikibaşlı açıqlamaları Ukraynaya belə bir icazənin verilməsi barədə qəti fikir bildirməyə imkan vermir. Ukraynaya bu icazənin verilməsi barədə sadəcə qeyri-rəsmi məlumatlar mövcuddur. ABŞ yetkililəri isə açıq şəkildə bildirirlər ki, Ukraynaya Rusiyanın dərinliklərinə yalnız Böyük Britaniyanın istehsal etdiyi Storm Shadow və Fransanın Scalp raketlərindən zərbə endirmək hüququ veriləcək. ABŞ-ın ATACMS raketlərindən istifadə üçün isə hələ də bu izn çıxmayıb və yəqin ki, çıxmayacaq”.

Heydər Oğuz xatırlatdı ki, bu gün Böyük Britaniyanın Baş naziri Keir Starmer və ABŞ prezidenti Co Baydenin Vaşinqtonda baş tutacaq görüşündə də bu məsələ müzakirəyə çıxarılacaq: “Müşahidəçilər bu görüşdən də ATACMS raketlərindən istifadəyə icazə veriləcəyinə şübhə ilə yanaşırlar”.

Siyasi şərhçinin fikrincə, ABŞ-ın bu tərəddüdünün səbəbi bir çox müşahidəçilər tərəfindən Rusiyanın nüvə silahları ilə cavab verməsinin yaradacağı təhlükə ilə izah edirlər: “Mənim qənaətimcə isə, ABŞ-ın bu tərəddüdləri heç də nüvə təhlükəsindən qaynaqlanmır. Vaşinqtonun elə bir qorxusu olsaydı, Rusiya ilə Ukrayna arasında hələ müharibənin əvvəlində Türkiyədə baş tutan və az qala yekun nəticəyə varan sülh danışıqlarını əngəlləməz, əksinə, bir an öncə bu məsələnin bitməsini arzulayardı. Artıq sirr deyil ki, Ankaranın bu təşəbbüsünün qarşısı ABŞ və Böyük Britaniyanın kobud müdaxilələri ilə alındı. Nəticədə gərginlik getdikcə artdı və indiki səviyyəyə gəlib çıxdı. Fikrimcə, ABŞ-ın istər o zaman sülh danışıqlarına pəl vurması, istərsə də indi uzaqmənzilli silahlardan istifadəyə icazə verib, gah da verməməsi kimi tərəddüdlü mövqeyi bir məqsədə xidmət edir - Ukrayna müharibəsini mümkün qədər uzatmaqla Rusiyanı tükəndirmək. Rusiyanın İran kimi cəsarəti ancaq Qum şəhərindəki Çəmkəran məscidində qırmızı bayraq qaldırmaqla qisas əməliyyatını tamamlamağa çatan ölkələrin hərbi yardımına bel bağlayacaq vəziyyətə düşməsi ABŞ-ın addım-addım öz hədəfinə yaxınlaşdığını göstərir. Rusiya isə bütün bu reallıqları görmək əvəzinə bu gün də Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu Şimali Koreya lideri Kim Çen İn ilə görüşmək üçün Pxenyana göndərib. Yəqin ki, Şoyqu Koreya diktatorundan bir atımlıq barıtı olan raketlər istəyəcək”. 

Moskvanın bu qədər çarəsiz vəziyyətə düşməsini onun artıq tükənməyin son həddinə gəldiyi kimi qiymətləndirən  Heydər Oğuz hesab edir ki, bu savaşda ABŞ-ın mövqeləri Rusiyadan qat-qat üstündür: “Əvvəla, ona görə ki, Rusiya özünün ən yaxın potensial müttəfiqi ilə döyüşür. Bu döyüşdə həm özünü, həm də Ukraynanı tükəndirir. Dolayısıyla özü də fərqində olmadan düşmən dəyirmanına su tökür. 

İkincisi ona görə ki, ABŞ bu müharibəyə sərf etdiyi pulu belə öz cibindən qoymur. Rusiyanın Avropa banklarında dondurulmuş 300 milyard dolları var və hər il bu pulun üstünə xeyli faiz gəlir. Ukraynaya göndərilən yardımlar da lazım olanda bu vəsaitdən çıxılacaq. 

Üçüncüsü ona görə ki, Ukrayna ilə Rusiyanı savaşdıraraq həm Avropanı öz qanadı altına ala bilir, həm də Çinin Avropaya ən güvənli yolunu bağlayır. Nəticədə öz iqtisadiyyatı böyüyür və Avropa bazarındakı payını artırır. Üstəlik, bir zamanlar Avropanın enerji təchizatının 45%-ni əlində cəmləşdirən Rusiyanın bu üstünlüyü də ABŞ-ın əlinə keçir".

Bu vəziyyətdə bir oxla dörd quş vuran ABŞ-ın, Ryabkovun təbirilə desək, necə “uçuruma yuvarlandığını” anlamadığını deyən Heydər Oğuz bildirib ki, Vaşiqton Ukrayna cəbhəsində tərəddüdlü siyasət yürüdərək əslində ekskalasiyaya istədiyi kimi nəzarət edir: “Ukrayna bir az irəlilədikdə ona hərbi yardımları azaldıb Rusiyanın önə çıxmasına  şərait yaradır. Rusiya istədiyindən daha çox irəli gedəndə isə Ukraynaya uzun mənzilli silahlar və ondan istifadə icazəsi verib durumu yenidən tıxanma nöqtəsinə qaytarır. Biz bunu həm Ukraynanın güclü olduğu 2023-cü il yay əməliyyatları, həm də Rusiyanın bu il Xarkov hücumları zamanı gördük. ABŞ yay əməliyyatlarında Ukraynaya hərbi yardımları ”Konresdə ilişib qalıb" bəhanəsi ilə azaldığı kimi, Xarkov əməliyyatlarında da Kiyevə onun silahlarından Rusiyanın sərhədlərinin içərisinə zərbə endirmək icazəsi verdi. Beləcə, Ukrayna savaşını istədiyi kimi sabitləndirdi". 

Prinsipcə, bu cür sabitləşdirmə metodunun ABŞ-ın indi kəşf etdiyi taktika olmadığını vurğulayan Heydər Oğuz İran-İraq savaşında da eyni metodlardan istifadə olunduğunu xatırlatdı: “Həmin vaxt həm Bağdada açıq, həm də Tehrana gizli yollarla silah satan ABŞ-ın bu məkrli siyasəti nəticəsində İran-İraq savaşı 8 il uzandı. Sonunda hər iki dövlət savaşdan əvvəlki sərhədlərinə qayıtmaq məcburiyyətində qaldılar. Qazandıqları isə ikisinin də yüzminlərlə insan itkisi, dağılmış iqtisadiyyat və hər an çöküşə hazır dövlət strukturları oldu. İraq bu savaşda zəifləməsinin nəticəsində 3 yerə bölünməyə hazır vəziyyətə gətirildi. İran da həmçinin Yaxın Şərqin ən güclü dövlətindən İsraili görəndə quyruğunu belinə qısan dişi tökülmüş aslana çevrildi. Fikrimcə, Ryabkov, Zaxarova kimi uzaqgörənliyini itirmiş diplomatlar, Putin kimi özünü bəyənmiş liderlər sayəsində Rusiya da bir neçə ildən sonra eyni duruma düşəcək. Hətta indidən düşüb belə”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR