İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hakimiyyətə demokratlar gəlsə...

“Putinsiz Rusiya” modeli Azərbaycana nə vəd edir?

Artıq dünyanın ünlü polittexnoloqları “Putinsiz Rusiya” modeli üzərində siyasi ssenariləri gündəmə gətirməkdə və bu barədə fikir mübadilələrini genişləndirməkdədirlər. Görünən budur ki, dünyanın yeni siyasi arxitekturası cızılır və orada Putinə rol tanınmır. Bunun ABŞ və Qərbin planı olduğu yönündə iddialar səslənir. Co Baydenin çıxışını yada salaq: “Siz Putinsiz Rusiya görəcəksiniz. O, işğal etdiyi Ukrayna ərazilərini qaytarmaq məcburiyyətində qalacaq”.

Siyasi şərhçi Elçin Xalidbəylinin fikrincə, Ukrayna savaşı Rusiyanın öz sərhədləri içərisinə sıxışdırılmasına hesablanmış hərbi geopolitik əməliyyatdır: “Artıq ABŞ və Qərbin bu hərbi geopolitik əməliyyatı ən incə detallarına qədər planlaşdırdığı şübhə doğurmur. Hətta böyük ehtimalla bu planın müəllifləri yekun nəticələri də təxminən bilirlər. Əsas məqsəd odur ki, Rusiya Ukraynadakı ”savaş bataqlığı"nda məğlub edilsin. Hərbi məğlubiyyətə paralel olaraq da Rusiyanın maliyyə-iqtisadi sisteminin çökdürülməsinə cəhd göstərilir. Belə anlaşılır ki, yeni dünya düzənində Rusiyaya supergüc rolu ayrılmayıb. Yəni bundan sonra Rusiyanı öz sərhədləri içərisində qapadılmış və dünyanı idarə edən beynəlxalq mərkəzlərin qərarlarından asılı vəziyyətə salınmış dövlətə çevirməyə çalışırlar.

Elçin Xalidbəyli: "Belarus Ukrayna savaşında Rusiyanın ortağıdır..." -  KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Elçin Xalidbəyli

Ona görə də Rusiya hazırda Ukraynaya qarşı savaşı dayandırıb, rəsmi Kiyevə sülh sazişi təklif etsə belə, ABŞ və Qərb bununla razılaşmaz. Ukrayna savaşı yalnız Rusiyanın hərbi və maliyyə-iqtisadi resursları tamamilə tükəndiyində dayanacaq. Bu isə Rusiyada Putin hakimiyyətinin devrilməsinə səbəb ola biləcək prosesdir. Ona görə də hesab etmək olar ki, ABŞ və Qərbin əsas hədəfi “Putinsiz Rusiya” modelinə nail olmaqdır. Bu baş verərsə, həm də “Rusiyasız dünya” modeli də reallaşmış olacaq. Çünki Putinin siyasi sistemi olmadan Rusiyanın dünyada bütün təsir gücünü tamamilə itirə biləcəyi qətiyyən şübhə doğurmur. Bu baxımdan, son hədəfin “Rusiyasız dünya” modeli olduğunu düşünmək olar.

Ekspert hesab edir ki, “Putinsiz Rusiya” modeli Cənubi Qafqaza təsirsiz ötüşməyəcək: “Xüsusilə də Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxarılacağı qətiyyən şübhə doğurmur. Belə situasiyada Azərbaycanın xarici siyasətinin ciddi şəkildə dəyişəcəyi istisna deyil. Əslində Rusiyanın Ukrayna savaşında zəifləməsi reallıq olduğundan rəsmi Bakının artıq indidən yeni geopolitik çağırışlara hazırlığa başladığı da nəzərə çarpmağa başlayıb. Əgər ”Putinsiz Rusiya" modeli reallaşarsa, Kreml Cənubi Qafqazdan əlini çəkərsə, Azərbaycanın xarici siyasətində Avropa Birliyi ilə strateji tərəfdaşlıq hədəfinin ağırlıq qazana biləcəyini ehtimal etmək olar. “Putinsiz Rusiya” modeli həm də Cənubi Qafqazda sabitlik və dayanıqlı sülh dövrünün başladılmasına münbit şərait yarada bilər. Çünki bu regionda bütün münaqişələrin ssenari müəllifi məhz Rusiyadır. Kreml regiondan çıxdıqdan sonra mövcud münaqişələrin ikitərəfli təmaslarla həlli daha asan başa gələ bilər. Üstəlik, Cənubi Qafqazda geoiqtisadi maraqları olan Avropa Birliyi ilə strateji tərəfdaşlıq Azərbaycana yeni inkişaf mərhələsinə keçmək şansı qazandıra bilər. Yəni istənilən halda, “Putinsiz Rusiya” modeli bütün dünya, o cümlədən də həm Cənubi Qafqaz regionu, həm də Azərbaycan üçün faydalı proseslər vəd edir".

Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"

Əhəd Məmmədli

AG Partiya sədrinin birinci müavini Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, “Putinsiz Rusiya”nın Azərbaycana müsbət təsirləri ola bilər: “Amma burada bir məsələ var ki, Putinə müxalif qüvvələr Azərbaycana və Türkiyəyə daha sərt mövqedədirlər və qərbyönümlüdürlər, üstəlik, Putindən heç də az millətçi deyillər. Biz Qarabağı kimin dövründə itirdik? Demokrat Boris Yeltsinin dövründə. Yaxud II Qarabağ savaşı başlayanda Aleksey Navalnı,  Qriqoriy Yavlinsk Ermənistana açıq-aydın dəstək verdi. Düşünməyək ki, Rusiyada hakimiyyətə demokratlar gəlsə, Azərbaycanın əl-qolu açılacaq. Rusiyada ara qarışsa, Azərbaycan istifadə etməli və məsələləri həll etməlidir. Rusiya-Ukrayna müharibəsi başlamadan öncə deyirdim ki, qarşıdurmanın uzanması Azərbaycanın maraqlarına cavab verir. O ərəfədə biz Fərrux kəndi ətrafında 5-6 kilometr irəliləyə bildik. Rusiyada istər xarici düşmənlər faktoru, istərsə də  daxili qarşıdurma Azərbaycanın maraqlarına cavab verir.  Azərbaycanın tam maraqlarına cavab verən hadisə isə Rusiyanın dağılmasıdır. Rejimdən asılı olmayaraq, Rusiya imperiyası qaldıqca qonşu ölkələrə, ələxsus da türk-islam dünyasına ən böyük təhlükədir. Unutmayaq ki, Rusiya türk-islam sivilizasiyasının ərazilərinin üstündə qurulan dövlətdir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR