Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin birinci yarısında Rusiyanın büdcə kəsiri 3,7 trilyon rubl təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə altı dəfə çoxdur.
Musavat.com xəbər verir ki, məlumatı “Moskva Tayms” Rusiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən yayıb.
Qeyd olunur ki, 2025-ci ilin ikinci rübünün yekunlarına görə, neft və qaz gəlirlərinin azalması ilə əlaqədar ölkənin büdcəsində defisit birinci ilə müqayisədə 78 faiz çox olub.
Freedom Finance Global-ın aparıcı analitiki Natalya Milçakova qeyd edir ki, “dövlət büdcəsinin kəsiri ikinci rübdə antirekorddur”. Nəşr qeyd edir ki, bu ilin ilk 6 ayında Rusiya Maliyyə Nazirliyi il üçün nəzərdə tutulan vəsaitlərin təxminən yarısını xərcləyib: 42,3 trilyon rubldan 21,3 trilyonunu. Gəlirlər isə proqnozlaşdırılanın yarısından azı - 38,5 trilyon rubla qarşı 17,6 trilyon rubl təşkil edib.
Altı ay ərzində kəsir Maliyyə Nazirliyinin bütün il üçün planlaşdırdığı qədər olub - 3,8 trilyon rubl və ya ÜDM-in 1,7 faizi. Halbuki ilin əvvəlində nazirlik büdcəni üç dəfə kiçik defisitlə tarazlaşdırmağa ümid edirdi: 1,2 trilyon rubl və ya ÜDM-in 0,5 faizi.
Ekspertləri büdcə gəlirlərinin perspektivləri getdikcə daha çox narahat edir. Neft və qaz gəlirləri neftin qiymətindən və rublun məzənnəsindən asılıdır. Amma gəlirlərin 73 faizi qeyri neft-qazdandır. Rusiya Maliyyə Nazirliyi bu mənbədən gəlirlərin qrafikə uyğun olduğunu qeyd edir. Lakin Ali İqtisadiyyat Məktəbinin professoru, maliyyə nazirinin keçmiş müavini Oleq Vyugin qeyd edir ki, iqtisadiyyatın yavaşlaması və inflyasiya səbəbindən onların artım templəri əhəmiyyətli dərəcədə aşağı düşə bilər.
Neftin qiymətinin düşməsi fonunda Ukraynadakı müharibəyə rekord xərclər səbəbindən büdcənin təhlükəsizlik yastığı sayılan Rusiya Milli Rifah Fondu(MRF) gələn ilin əvvəlində tükənə bilər. İyunun 1-nə Fondun 2,8 trilyon rublu (31 milyard dollar) olub ki, bu da 2019-cu ildən bəri minimum göstəricidir. Eyni zamanda bildirilir ki, Ukraynaya qarşı müharibənin üç ili ərzində ehtiyatların həcmi rublla iki dəfədən çox, dollarla isə üç dəfə azalıb: 113,5 milyarddan 37,4 milyarda.
May ayında Rusiya Maliyyə Nazirliyi büdcə kəsirinin ödənilməsi üçün Fonddan 35,9 milyard rubl (400 milyon dollar), dövlət layihələrinin maliyyələşdirilməsinə 532 milyard rubl (5,9 milyard dollar) və məxfi layihərə daha 50 milyard rubl (556 milyon dollar) xərcləyib. Nəticədə, Fondun likvid aktibləri 14 faiz azalıb.
Hazırda MRF-nin 21,2 milyard dollar aktivi və 139,5 ton qızılı var, baxmayaraq ki, müharibədən əvvəl ehtiyatlar 400 tonu ötmüşdü.
Bu arada Rusiyanın iyun ayında neft və qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 33 faizdən çox azalıb. Yanvar-iyun aylarında neft və qazın satışından əldə olunan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 17 faiz azalaraq 4,73 trilyon rubl təşkil edib.
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ