Onlayn ictimai-siyasi qəzet
Rusiyanın bir sıra sənaye sahələrinin - avtomobil, tikinti və məişət texnikası istehsalçılarının nümayəndələri məhsul istehsalında geniş istifadə olunan xammal çatışmazlığı probleminin həll edilməsi xahişi ilə ölkənin sənaye naziri Anton Əlixanova müraciət ediblər.
Musavat.com xəbər verir ki, 20-dən çox şirkətin (TechnoNIKOL, Beko, Veratek, RusTA, Veraxim və s.) imzaladığı məktuba dair məlumatı RBC yayıb.
Bildirilir ki, söhbət daxili bazarda artan qıtlığı müşahidə olunan polimetilen fenil izosiyanatlardan (MDI; məsələn, poliuretan köpüklərinin, mastiklərin, özünü bərpa edən döşəmələrin, boruların, soyuducuların və avtomobil hissələrinin istehsalında istifadə olunur) gedir. Onların əldə olunması bu il iyunun sonunda Avropa İttifaqının 14-cü sanksiyalar paketinin tətbiqindən sonra mümkünsüz hala gəlib. Məktubda deyilir ki, hazırda Rusiyada MDI sənaye həcmində istehsal olunmur.
Avropadan, ABŞ-dan və Yaponiyadan məhsulların əsas tədarükçüləri (bu idxalın ümumi daxili istehlakda payı, hətta Ukraynada müharibə başladıqdan sonra da orta hesabla 60 faizdən çox olub) daşımaları dayandırıblar, Çin tədarükçüləri isə yerli tələbatı ödəyə bilmir, həmçinin təklifin həcmini azaldır, bəzən bank ödənişlərinin aparılması ilə bağlı problemlər səbəbindən onları tamamilə dayandırırlar.
Müraciət müəllifləri qeyd edirlər ki, bu yaxınlarda Çinin ən böyük tədarükçüsü "Wanhua Chemical Group" Rusiya və Belarusa xammal tədarükü üçün sifarişlərin qəbulunu tamamilə dayandırdığını elan edib.
Bu qərar sənaye üçün şok olub, çünki bazar iştirakçılarının məhdud ehtiyatı və MDI-nin məhdud saxlama müddəti nəzərə alınmaqla, növbəti bir neçə ay ərzində bu vəziyyətin davam etməsi mövcud istehsal müəssisələrinin bağlanması və iflas riski ilə nəticələnəcək.
Bundan əlavə, Səudiyyə Ərəbistanından olan tədarükçülər (nümunə kimi "Sadara Chemical" şirkəti göstərilir) Rusiyaya xammal tədarükünün mümkünlüyünü hələ təsdiq etməyiblər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ