İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!

Paşinyan hökuməti bir yandan sülh sazişinin maddələrini paraflayır, digər tərəfdən parlamentdə separatçı rejimin simvolları nümayiş olunur - kəskin etirazlar 

Ermənistan parlamentinin iclaslarında xüsusən də müxalifət deputatlarının qarşısında çoxdan dəfn olunmuş keçmiş xunta rejiminə aid “artsax bayraqları” görmək olar. Parlament üzvləri qondarma qurumun əski parçalarını önlərinə qoyaraq çıxışlar edirlər. Bu isə qanunverici orqanda açıq şəkildə Azərbaycana qarşı ərazi iddialarını saxlamaq, sülh prosesinə zərər vurmaqdır.

Lakin indiyədək nə parlamentin sədri Alen Simonyan, nə də iclaslarda vaxtaşırı iştirak edən baş nazir Nikol Paşinyan həmin revanşist təfəkkürlü deputatlara buna görə “gözün üstə qaşın var” deməyib. Halbuki Bakı və İrəvan sülh sazişini paraflayıb, Qarabağın Azərbaycana aid olduğu təsdiqlənib, qalır Ermənistan Konstitusiyasına dəyişiklik.

Üstəgəl, Paşinyan ölkəsində “Qarabağ hərəkatı”na imkan verməyəcəyini açıqlayıb. Amma fakt budur ki, “artsax”ın ayaq altına atılmış, döşəmə silməyə yararlı əskiləri Ermənistan parlamentində deputatların qarşısındadır. Eyni zamanda, mifik qurumun keçmiş oyuncaq başçısı Şahramanyan “artsax”ın ləğvi haqda “fərman” imzalayıb. O halda, bir ölkənin qanunverici orqanında niyə bu əski parçaları olmalıdır? Parlament sədri onların yığışdırılmasına tapşırıq verə bilərmi, yoxsa daxili ictimai qınaqdan çəkinir?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

 Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məlum olduğu kimi, bu məsələ sadəcə parlamentdə müxalifətçilərin istəyi deyil, Ermənistanın bugünki siyasi həyatının bariz göstəricisidir: “Necə ola bilər ki, Paşinyan hökuməti sülh sazişinin maddələrini  paraflayıb, Qarabağın Azərbaycana məxsusluğunu qəbul edir, konstitusiya dəyişikliklərinə getməyin vacibliyi haqqında bəyanatlar verir, digər tərəfdən isə parlamentdə separatçı rejimin simvolları - qondarma ”artsax bayraqları" nümayiş olunur?! Bu, sülhün bərqərər olmasına ziddir və revanşist dairələrin təxribat cəhdidir". A.Nağıyev ardınca digər mühüm məqama da diqqət çəkdi: “Bir məsələni də qeyd etmək vacibdir ki, nə parlament sədri Alen Simonyan, nə də hökumət başçısı Nikol Paşinyan buna qarşı çıxış etmir və ya çıxmaq istəmir. Bunun səbəbi isə daxildə radikal müxalifətin təzyiqindən və ictimai qınaqdan ehtiyatlanmaq, Paşinyana qarşı yeni ”satqın" ittihamlarının yaranmasına gətirib çıxara biləcək amillər, eyni zamanda hökumətin  öz mövqeyini açıq nümayiş etdirə bilməməsidir". Komitə sədri qeyd etdi ki, əgər Ermənistanın istər ABŞ, istər  Azərbaycan qarşısında, istərsə də beynəlxalq səviyyədə öhdəlikləri varsa, bu “bayraqlar”ın parlamentdə yeri olmamalıdır: “Əks təqdirdə, bu, artıq  ərazi iddialarının siyasi müstəvidə davam etdirilməsi deməkdir. Reallıq isə budur ki, Ermənistan simvolik də olsa, revanşist təfəkkürü parlamentdən yığışdırmalıdır, çünki bu, qarşılıqlı etimada və sülhün bərqərar olmasına ciddi zərbə vurur. Ermənistan nə qədər ki daxili və xarici siyasətində müstəqillik, qətiyyət nümayiş etdirməyəcək, oyuncağa çevriləcək, belə hallar təkrarlanacaq, bu isə ilk növbədə gələcək seçkilərdə özünü göstərəcək”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandıqdan sonra baş nazir Nikol Paşinyan öhdəlik götürüb: “Həmin öhdəliyə görə, o, öz ölkəsində Azərbaycana qarşı hər hansı bir separatçı fəaliyyətə imkan verməyəcək. Artıq Türkiyə ilə bağlı addımlar atılır, Ağrıdağın şəkli Ermənistanın dövlət müəssisələrinin möhüründən çıxarılır. Bu, çox müsbət bir prosesdir. Keçmiş qondarma "artsax"ın əski parçaları isə hələ də Ermənistan parlamentindəki müxalifət fraksiyasının masalarında qalır”. Ekspert qeyd etdi ki, baş nazir Nikol Paşinyan bu məsələdə diqqətli olmalı, Azərbaycanın suverenliyini təhdid edən bir prosesin davam etməsinə imkan verməməlidr: “Ermənistan parlamentində separatçıların "bayrağı", həmin o əsi parçası qalırsa, burada məsuliyyəti Nikol Paşinyan daşıyır. Həmçinin İrəvanda keçmiş qondarma rejimin ofisi var. Ermənistan rəhbərliyi bunu da ləğv etməlidir. Ümumiyyətlə, Ermənistanın baş naziri bu kimi məsələlərdə zəiflik göstərsə, proses onun əleyhinə işləyə bilər". M.Əsədullazadə xatırlatdı ki, qondarma keçmiş rejimin nümayəndələrinin Ermənistandakı fəaliyyəti əslində N. Paşinyanın özünə qarşıdır: “Azərbaycan Ermənistandan tələb etməlidir ki, parlamentdən separatçı əski parçalar götürülsün! Bu, sülh prosesinə münasibətdə Ermənistanın səmimi olmadığını göstərir. Yoxsa bunu seçkilərdən sonraya saxlayırsa, yanılır. Çünki bir növ müxalifət belə əski parçalar ətrafında birləşir, həmçinin xaricdən dəstək alır”. Siyasi şərhçi Kremlin tətikləyici roluna da diqqət çəkdi: “Rusiyanın Ermənistanda Qarabağdan köçən ermənilərə "humanitar" dəstəyi göstərir ki, idarə olunan proses var. Biz gözləyirik ki, bu ayın axırı Ermənistan parlamentinin rəhbəri Alen Simonyan parlamentdə qondarma keçmiş "artsax"ın “bayrağ”ını yığışdırsın. Bir məsələni də unutmadıq: Ermənistanda revanşist qruplar sentyabrin 2-də İrəvanda “Qarabağ mitinqi” keçirdi. Bütün bunlarla bağlı Nikol Paşinyan konkret və real addımlar atmalıdır".

Yazı çapa hazırlanarkən radikalların daha bir addımı ilə bağlı məlumat yayıldı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. AZƏRTAC erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana qarşı etimadsızlığa dair layihəni parlamentə təqdim edib. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı artıq var. Parlamentdə 28 yeri olan “Ermənistan” fraksiyasının dəstək verib-verməyəcəyi də hələlik bəlli deyil. Amma yenə də 2 imza çatışmır. Bildirilir ki, təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan isə təşəbbüsə dəstək verən yoxdur. İstənilən halda masalarında “artsax”ın əski parçalarını saxlayanların Paşinyana da dil uzatmaları təbiidir. Bu mənada N.Paşinyan özünü müdafiə etmək istəyirsə, əvvəlcə onların Qarabağa uzanmış barmağını qırmalı, əski parçalarının parlamentdən yığışdırılması, İrəvandakı separatçı ofisin qapadılmasına qərar verməlidir. Əks təqdirdə, onun özünün də bu təxribatın içərisində olduğuna şübhə yeri qalmayacaq.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR