İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN-in Xankəndi iddialarının pərdəarxası

Ekspertin fikrincə, Bakı antiterror əməliyyatı keçirmək qərarı veribsə, rusların infotəxribatları qarşısını ala bilməyəcək, “Bakını buna sövq edən Vaşinqtondur” deyə bilmək üçün istinad nöqtələri yaradırlar

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Qarabağ ermənilərini təhdid etdiyini bildirir. Bu açıqlama hələ də gündəmdədir. Rəsmi Moskva Vaşinqtonun Xankəndi administrasiyası qarşısında şərt qoyduğunu açıqlamışdı: ya Azərbaycana tabe olmaq, ya da Bakı antiterror əməliyyatına başlayacaq.

Rusiya XİN hesab edir ki, bu mövqe Qarabağdakı erməniləri güc tətbiqi ilə hədələməkdir. “Biz KİV-də ABŞ-ın öz vasitəçilik xidmətlərini indi də Bakı və Stepanakert (Xankəndi-red.) arasında dialoqda tətbiq etməyə çalışması ilə bağlı yayılan məlumatlardan narahatıq. O cümlədən güc tətbiq etməklə hədələmə yolu ilə” - sitatın sonu.

Daha sonra qeyd edilir ki, guya Vaşinqton ultimativ formada Qarabağ ermənilərinin nümayəndələrini üçüncü ölkədə Bakı nümayəndələri ilə görüşə getməyə məcbur edir. İmtina edildiyi təqdirdə, onlar Azərbaycan tərəfindən antiterror əməliyyatı keçirməklə hədələnirlər. O da iddia olunur ki, Amerikanın “sülhməramlı” təşəbbüsünə İrəvanda oturan və Nikol Paşinyanın göstərişlərini yerinə yetirən Qarabağın “xarici işlər naziri” Sergey Kazaryan lobbiçilik edir. Rusiya iddia edib ki, Amerika üçün lobbiçilik edən Kazaryan Vaşinqtonun mövqeyinə uyğun olaraq rəsmi Bakı ilə Qarabağ erməniləri arasında dialoqun tərəfdarıdır.

Rusiya XİN-in və Kremlin nəzarətindəki media strukturlarının Sergey Kazaryanı “xain” kimi göstərməsi ondan xəbər verir ki, Moskva Bakı ilə Xankəndi arasında təmasların və dialoqun əleyhinədir. XİN nümayəndəsi Mariya Zaxarova media məlumatlarından agah olduğunu bildirib və əlavə edib ki, faktlar təsdiqlənərsə, ABŞ izahat verməli olacaq. Rusiyanın bəyanatlarından çıxan nəticələrin biri budur ki, guya Azərbaycan bərabər əsasda Xankəndi ilə dialoq qurmağa hazır imiş və hələ bir vasitəçi də lazım imiş.

Bu da onu göstərir ki, Rusiya XİN məlum açıqlaması ilə əslində dünya ictimaiyyətinə guya Bakı ilə Xankəndi arasında birbaşa, bərabərtərəfli əsaslarda dialoqun qurulduğu barədə bir mesaj vermək istəyir. Bütün bunlarda məqsəd dünya ictimaiyyətinin diqqətini ona yönəltməkdir ki, guya Bakı ilə Xankəndinin bərabər əsaslarda dialoqa gedəcəyi anlaşması mövcuddur. ABŞ-ın belə bir niyyəti haqda Moskvanın yaydığı məlumatda əsas məqsəd nədir? Rusiya Xankəndi separatçılarına nəzarəti itirməkdən ehtiyat edir, yoxsa bölgəni itirməkdən? Xankəndidə Amerikanın “adamları” kimlər ola bilər?

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu məsələnin maraqlı tarixçisi var: “Prezident Laçında separatçılara bir sıra mesajlar verdi. Bunu da belə təqdim etdilər ki, ya danışıqlara gedirsiniz, ya da antiterror başlanacaq. Əgər belə davam edərsə, onsuz da Azərbaycan məcburiyyət qarşısında hansısa qərarlar qəbul edəcək. Bu da dövlət rəhbərliyinin səlahiyyətindədir. Amma maraqlıdır ki, "Ria Novosti" yazdı, Amerikadakı mənbələrə guya istinad etdi, sadəcə, Vaşinqton heç bir reaksiya bildirmədi. İndi Zaxarova və başqaları deyirlər ki, izahat verilməlidir. İzahatı isə baş nazirin müavini Overçuk verdi, bildirdi ki, baş verənlər nəqliyyat kommunikasiyaların açılmasına qarşıdır. Demək istəyir ki, biz buna imkan verməyəcəyik. Zaxarova oradan, Overçuk buradan danışır. Ona görə də yaxın günlərdə Qarabağda təxribatları davam etdirəcəklər".

Hərbi ekspertin sözlərinə görə, artıq Naxçıvandan tutmuş rus hərbçilərin olduğu ərazilərə qədər atəş açırlar: “Rusiya buna aydınlıq gətirməli idi ki, onların olduğu yerdən bizə atəş açılır. Yəni faktiki separatçıları oynadırlar. Paşinyan 44 günlük müharibə ilə bağlı ifadəsində də deyir ki, 60 dəfə Rusiya prezidentinə zəng edib. 44 gündə 60 dəfə zəngləşiblərsə, deməli, daha çox zəng edib. Rusiya separatçı ermənilərin Qarabağdan təmizlənməsinə qarşıdır. Separatçılar varsa, ruslara ehtiyac olur. Onlar getsələr, rus hərbi kontingentinə zərurət olmur”.

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Qarabağdakı separatçılar “Ria Novosti”nin “ABŞ Bakı ilə dialoq tələb edir, əks təqdirdə, antiterror əməliyyatı keçiriləcək” xəbərdarlığına dair iddiasına münasibət bildirib: “Deyirlər ki, "mövcud şəraitdə münaqişənin dialoq yolu ilə həlli real deyil". Məlumatda iddia olunan “üçüncü ölkələrdə dialoq” da Azərbaycanın gündəliyinə daxil deyil. Separatçılar üçün iki dəfə Bakıda reinteqrasiyanı müzakirə etmək təklifi verilmişdi, artıq nə bu təklif, nə də dialoq gündəmdə deyil. Təslim olmaq tələbi var və yalnız bu halda amnistiya haqda müzakirə aparıla bilər. Separatçıların “dialoqdan” imtina etməsi isə problemi fərqli yollarla həll etmək baxımından rəsmi Bakıya sərf edir". Onun fikrincə, Qarabağda mümkün antiterror əməliyyatı öncəsi Rusiya öz oyununu oynamağa başlayıb: ""Ria Novosti"nin ABŞ-ın Qarabağdakı separatçılara “reinteqrasiya görüşlərindən imtina ediləcəksə, Bakı antiterror əməliyyatına başlayacaq” xəbərdarlığına dair tirajladığı informasiya Moskvanın prosesi idarə etmək gedişi olaraq görünür. Rusiya ABŞ-ı ittiham edir, o cümlədən “günah keçisi” olaraq separatçıların qondarma “xarici işlər naziri” Kazaryanı göstərir. Reinteqrasiya və bunun ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilməsi Moskvanın Qarabağdakı maraqlarına ciddi zərbədir, bu baxımdan, infotəxribatlarla prosesi baltalayır. Lakin başqa məqam da diqqətdən yayınmamalıdır: ABŞ xəbərdarlıq etsə belə, separatçıların reinteqrasiya prosesinə razılaşacaqları çətin görünür və mövcud vəziyyətdə, xüsusilə son təxribatlar fonunda antiterror əməliyyatı daha aktual görünür. Bakı antiterror əməliyyatı keçirmək qərarı veribsə, rusların bu cür infotəxribatları bunun qarşısını ala bilməyəcək. Bu baxımdan, rusların infotəxribatı daha çox özünü “sığortalamağa” bənzəyir. Mümkün antiterror əməliyyatında “Bakını buna sövq edən Vaşinqtondur” deyə bilmək üçün istinad nöqtələri yaradırlar".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR