Onlayn ictimai-siyasi qəzet
Moskva və Tehranın imzaladığı bəyannamənin effektiv olacağı suallar doğurur
Qərbin Rusiya və İrana qarşı sanksiyaları getdikcə sərtləşir. Bu cəzaların qarşıdakı illərdə də davam edəcəyi gözlənilir. Əlbəttə, hər iki dövlət böyük iqtisadi itkilərə məruz qalır. Onlar real vəziyyətdə çox duruş gətirə bilməyəcəklərinin də fərqindədir. Ona görə Rusiya və İran Qərbin sanksiyalarına qarşı birgə mübarizə aparmaq səviyyəsinə qədər gəliblər.
Belə ki, Moskvada Rusiya və İran xarici işlər nazirləri arasında keçirilən görüşdə RF XİN başçısı Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian birtərəfli sanksiyalara qarşı saziş imzalayıblar. Nazirlərin imzaladığı sənədin rəsmi adı Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında Bəyannamədir. Bu bəyannamə ilə Rusiya və İran hansı nəticələrə nail ola bilər? Onların birgə mübarizəsinin hansısa effekti mümkündürmü?
Üstəlik, bu sıxıntılar içində altılıq platforması indi Tehrana və Moskvaya hava-su kimi lazımdır. “Rusiya və İran regionu Qərbin müdaxiləsinə bağlayır və Xəzər formatı da 3+3 platforması ilə birlikdə bu gündəmə xidmət edir". Erməni politoloq Qriqor Balasanyan Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan xarici işlər nazirlərinin Moskva görüşündə Xəzər Şurasının yaradılması elanını şərh edərkən belə deyib. Onun fikrincə, Lavrovun 3+3 platformasını xatırlatması da təsadüfi deyildi, çünki bu halda o, ümumi regionallaşma prosesində tamamlayıcı həlqədir. Onu da deyək ki, Avropa Komissiyası (AK) tezliklə bir sıra Avropa İttifaqı ölkələri ilə Rusiya Federasiyasına qarşı mümkün 12-ci sanksiyalar paketinin təfərrüatı ilə bağlı məsləhətləşmələrə başlayacaq. Eyni zamanda adı açıqlanmayan bir Aİ diplomatı jurnalistlərə deyib ki, G7-də təmsil olunan Qərb dövlətləri Rusiya almazlarına qadağa elan etməyə hazırdırlar. Bundan başqa, Aİ bu ilin sentyabrında İranda insan haqlarının pozulmasına görə bu ölkəyə qarşı sanksiyaları genişləndirib. Bildirilib ki, İranın 6 təşkilatı və 4 fiziki şəxsi sanksiya siyahısına daxil edilib. Xüsusilə İranın müxtəlif bölgələrindəki həbsxanalara, eləcə də bu ölkənin təhlükəsizlik qüvvələrinin yüksək rütbəli nümayəndələrinə qarşı sanksiya qüvvəyə minib. Daha əvvəl Aİ, Böyük Britaniya, ABŞ, eləcə də bir sıra digər ölkələr dəfələrlə İranı insan hüquqlarını pozmaqda ittiham edib və bu ittihamlarla əlaqədar ölkəyə qarşı sanksiyalar tətbiq ediblər. İndiki bəyannamə sanksiyaların təsirlərini azaltmağa kömək edəcəkmi?
Rəşad Həsənov
İqtisadçı ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, hər iki ölkə sanksiyaların təsiri altındadır, bu baxımdan onların imkanları geniş deyil: “Amma sanksiyaları zəiflətmək alətləri var. Son hadisələr göstərir ki, Rusiya postsovet ölkələri vasitəsilə sanksiyaları zəiflədə bilir. İranın da bəzi alətləri mövcuddur. İndi hər iki dövlət qüvvələrini birləşdirərək müəyyən mənada sanksiyaların təsirlərini azaltmağa çalışacaqlar. Amma sanksiyalar öz nəticələrini verir, təsirlərini göstərir”. Onun fikrincə, sanksiyaların zəiflədilməsində iştirak edən bəzi dövlətlər var: “Misal üçün, Birləşmiş Ərəb Əmirliyi Qərbin təzyiqlərini azaltmaq üçün kömək edir. Ümumiyyətlə, müxtəlif faktorlar Rusiyanın sanksiyalara davam gətirməsinə töhfə verə bilir. Onlardan biri əhalinin tələbkarlıq səviyyəsidir. Bu günə qədər rus xalqı bəşəri standartlara sahiblənməyib, şovinist ideyalarla qidalanırlar və hakimiyyət də bundan istifadə edir. İkincisi, sadaladığımız dövlətlərin yardım etməsini göstərmək olar. Həmçinin iqtisadi maraqlarını qorumağa çalışan və qütbləşmədə iştirak etməyən ölkələrin maraqlarından Rusiya faydalanmağa çalışır. Digər tərəfdən, Rusiya resursları olan dövlətdir, xüsusən neft-qaz, almaz təminatında dünya bazarında yeri var, bu da onun tamamilə bazardan çıxmasını məhdudlaşdırır. Ona görə daha bir neçə il sanksiyalara dözmək gücü qalır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ