İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Çin eyni anda vursalar nə baş verəcək? – NATO qorxulu ssenarini açıqladı  


"NATO baş katibi Mark Rutte “The New York Times” qəzetinə verdiyi geniş müsahibəsində diqqətçəkən bir ehtimal irəli sürüb. Rutte bildirib ki, əgər Çin Tayvan adasına hücum edərsə, bu zaman Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinə zəng edərək NATO ərazisinə zərbə vurmağı xahiş edə bilər".

Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev sosial şəbəkədə yazıb.

Politoloqun fikrincə, bu addımın əsas məqsədi Qərbin diqqətini Tayvandan yayındırmaq olacaq.

"Mark Rutte bu ehtimalı istisna etmədiyini bildirib və hesab edir ki, belə bir ssenaridə Rusiya NATO-nun şərq cinahında yerləşən bir ölkəyə hücum edə bilər. Onun konkret ad çəkdiyi ölkə isə Estoniyadır.

Rutte həmçinin bu tip ssenarilərin qarşısını almaq üçün NATO-nun Hind-Sakit okean bölgəsində fəallığını artırmalı olduğunu da vurğulayıb. Qərb uzun müddətdir ehtimal edir ki, Çin Tayvanı birləşdirmək niyyətindədir və bu proses yalnız münasib beynəlxalq şəraitin yetişməsini gözləyir. Çin lideri Si Cinpin dəfələrlə bəyan edib ki, Tayvan Çinə məxsusdur və bu məsələ “bir gün” həllini tapmalıdır", deyə Zeynal Əmrəliyev qeyd edib.

Politoloun fikrincə, NATO baş katibinin söylədiyi fikirlər real görünsə də, olduqca çətindir:

"Birinci növbədə, Rusiya Ukrayna ilə savaşda xeyli ciddi resurs itkisinə məruz qalıb. Bu, onun genişmiqyaslı müharibəyə girmək imkanını zəiflədir. Əgər Ruttenin iddia etdiyi kimi Rusiya Estoniyaya hücum edərsə, bu avtomatik NATO-nun 5-ci maddəsinin işə düşməsinə səbəb olacaq. Yəni Estoniya NATO üzvü olduğu üçün alyans Ukraynadakı kimi sakit qala bilməyəcək. Məcbur öz üzvünü müdafiə etməli olacaq.

Rusiya hazırda nə şəxsi heyət, nə də silah arsenalı baxımından NATO ilə toqquşacaq gücdə deyil. Ancaq Rusiya–Çin ittifaqı bu məsələnin öhdəsindən gələ bilər. Əgər Rusiya ərazisinə Qərbdən hücum olacağı təqdirdə Çin cavab zərbələrinə başlasa, bu, NATO-nu pis vəziyyətdə qoya bilər.

Xüsusilə Çinin savaşa qoşulması NATO-nun Şərqi Asiyadakı üzvləri və tərəfdaşları üçün ciddi problemdir. Təsadüfi deyil ki, Yaponiya uzun müddətdir məhz bu məsələlərə görə NATO-dan müstəqil müdafiə təşkilatının qurulmasını tələb edir".

Politoloq həmçinin qeyd edir ki, əgər ABŞ şərqdəki müttəfiqlərini qoruya bilməsə, bu, Vaşinqtona ikitərəfli ziyan vuracaq:

"Birincisi, NATO-nun vahidliyini qoruyub saxlamaq mümkün olmayacaq. Asiyada Rusiya–Çin ittifaqına qarşı Yaponiyanın başçılığı altında yeni güc mərkəzi meydana gələcək. İkincisi isə Şərqi Asiya ölkələrinin ABŞ ilə olan müttəfiqliyinin bitməsinə səbəb olacaq. Bu, Vaşinqtonun özünün təhlükəsizliyi üçün ciddi problemlər yaradır.

Bu baxımdan NATO-nun bölgə ölkələrində hərbi fəallığını gücləndirməsi, o cümlədən Çin sahillərində alyansın yeni hərbi təlimlərə başlaması istisna deyil".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR