İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya uğrunda ölən azərbaycanlılar - dəyərmi?

Həm “Vaqner”in, həm rus ordusunun tərkibində döyüşən həmvətənlərimiz var - onları buna vadar edən şok səbəblər sadalandı

Xəzər verdiyimiz kimi 2 azərbaycanlı “Vaqner” özəl hərbi birləşmənin tərkibində döyüşüb. Bakı şəhəri Səbayel Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev və 1974-cü il təvəllüdlü İsmayıl Buludxan oğlu Həsənovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

İş materiallarından aydın olub ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycan Respublikasında müxtəlif cinayət əməlləri törədilib.

Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman “Vaqner” silahlı birləşməsinin rəhbəri olmuş Yevgeni Priqojin tərəfindən şəxsən seçilərək cəzalarının icrasından yayındırılaraq, razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb ediliblər.

Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak etmiş, digər Azərbaycan Respublikası vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstəriblər.

Ümumiyyətlə, həm Rusiya ordusunun tərkibində, həm də “Vaqner”də azərbaycanlıların döyüşməsi bir faktdır. Ukrayna cəbhəsində rus ordusu üçün döyüşüb həlak olan azərbaycanlılar az deyil. Əslində daha əvvəl də İŞİD, “əl-Nusra” və digər qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən azərbaycanlılar olub. Onların bəziləri bunu pula görə etsə də, bir çoxu “islam uğrunda cihad” ideyasına aldanaraq İraq, Suriyadakı münaqişələrə cəlb olunublar. İndi isə Yaxın Şərqdə bu terror qrupları xeyli sıradan çıxarılıb, əvəzində Ukrayna cəbhəsində döyüşən azərbaycanlıları görmək olur.

Onları buna vadar edən nədir - yalnız maddi maraqmı?

Arzu Nağıyev komitə sədri seçildi – SumqayitXeber.Com

 Arzu Nağıyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Azərbaycan cəmiyyətində son illər radikal silahlı birləşmələrə qoşulan vətəndaşların sayı azalsa da, bu proses tam dayanmayıb: “Sadəcə forma və coğrafiya dəyişib. Bir zamanlar Suriyada, İraqda "cihad" adı altında ekstremist qruplara cəlb edilən azərbaycanlılar vardı. 1991-ci il təvəllüdlü Ramil Əliyev və 1974-cü il təvəllüdlü İsmayıl Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat nəticəsində ifşa olunub və barələrində həbs-qətimkan tədbiri seçilib. Bu şəxslər nə etdiklərini yaxşı bilirdilər. Xarici ölkə ərazisində, konkret olaraq Rusiya Federasiyası tərəfindən qeyri-qanuni yollarla, muzdluluq əsasında döyüşmüş, orada xüsusi təlimlər keçmiş, digər Azərbaycan vətəndaşlarını da bu yolla cəlb etməyə çalışıblar. Bu əməlləri ilə onlar milli və beynəlxalq hüquq kontekstində dövlətin suverenliyinə, ictimai sabitliyə və beynəlxalq nüfuzuna yönəlmiş təhdid mənbəyinə çevriliblər".

Deputat deyib ki, “Vaqner” adı artıq dünyada təkcə bir qrup muzdlu döyüşçü anlamına gəlmir: “Bu ad altında müxtəlif ölkələrdə dövlət çevrilişləri, siyasi sui-qəsdlər, etnik təmizləmələr və insanlıq əleyhinə cinayətlər törədilib. Bu birləşmənin lideri olmuş Yevgeni Priqojin bir tərəfdən Putinə xidmət edirdi, digər tərəfdən Kreml üçün qara işləri həyata keçirən "kölgə ordusu" rolunu oynayırdı. Bizim vətəndaşların belə bir təşkilata qoşulması yolverilməzdir. Aydındır ki, bu məsələdə şəxslərin kriminal keçmişi və hüquqi-mənəvi deqradasiya amili xüsusi rol oynayıb. Bu şəxslərin hər ikisi əvvəllər ağır cinayətlərə görə məhkum olunmuş, cəzaçəkmə müəssisələrində olarkən “Vaqner” başçısı tərəfindən cəlb edilmiş şəxslərdir. Rusiya bu praktikanı geniş şəkildə həyata keçirirdi. Həbsdə olan şəxslərə azadlıq və pul vəd edilirdi. Əvəzində isə onlar Ukraynanın Donetsk, Baxmut, Mariupol kimi cəbhələrinə “ət maşınına” göndərilirdi".

Deputat bildirib ki, müasir informasiya dövründə gənclər, hətta yaşlı insanlar belə doğru yönəldilmədikdə, xarici təsirlərin, təbliğatların və dezinformasiyaların qurbanına çevrilə bilirlər: “Əvvəllər bu boşluğu radikal dini ideologiyalar doldururdu. Bu gün isə siyasi-kriminal avantürizmlərlə şəxslər cinayətkar təşəbbüslərin icraçısına çevrilirlər. Qanuni yollarla ölkədə həyatını qura bilməyən insanlar ”Vaqner" kimi strukturlarda özlərini “kəşf” etdiklərini düşünürlər. Amma nəticə ya ölüm olur, ya ömürlük həbs. Bu gün Azərbaycan dövləti bu tip fəaliyyətlərə qarşı konkret hüquqi və təhlükəsizlik tədbirləri görür. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar, məhkəmə qərarları və cinayət işləri təsdiqləyir ki, bu cür fəaliyyətə dövlət səviyyəsində ciddi reaksiya verilir".

Deputat deyib ki, bu gün ortaya çıxan sual budur - niyə bir Azərbaycan vətəndaşı öz dövlətinə deyil, başqa bir ölkənin diktatoruna xidmət etməyə razı olur: “Bu, təkcə maddi çətinliklərlə izah oluna bilməz. Burada ideoloji, mənəvi, vətəndaşlıq məsuliyyəti boşluqları var. Və bu boşluğu yalnız uzunmüddətli maarifçiliklə doldurmaq mümkündür. Azərbaycan vətəndaşının yeganə döyüş meydanı onun Vətənidir. O, yalnız öz torpağını qorumaq, öz bayrağını ucalda bilmək üçün silaha sarılmalıdır. Heç bir şəraitdə, nə pul, nə "ikinci şans", nə də ideoloji təbliğat Azərbaycan vətəndaşının hansısa imperiya maraqlarına xidmət etməsini əsaslandıra bilməz. Ukraynada Rusiya tərəfindən döyüşərək həlak olan azərbaycanlılar kimin üçün öldülər? Bu sualın cavabını onlar artıq verə bilməz. Amma biz verə bilərik. Azərbaycan vətəndaşı yalnız Azərbaycan uğrunda vuruşmalıdır".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR