Onlayn ictimai-siyasi qəzet
Rusiyanın "Rosselxoznadzor"u Türkiyədən idxal edilən bitki məhsullarında, eləcə də meyvə və tərəvəz partiyalarında “təhlükəli” karantin obyektlərinin aşkarlanması hallarının sayının “artdığına” dair açıqlama yayıb.
Musavat.com xidmətin saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, qurum bu prosesi 2025-ci ilin əvvəlindən “aşkarlamağa” başlayıb.
Bildirilir ki, 2025-ci ilin əvvəlindən Türkiyədən Rusiyaya gətirilən sitrus meyvələri, bibər, pomidor, balqabaq, armudda 184 halda karantin obyekti aşkar edilib: "Bu cür pozuntular Türkiyə sisteminin Rusiyaya tədarük edilən məhsulların fitosanitar təhlükəsizliyinin təmin edilməsində kifayət qədər effektiv olmadığını göstərə bilər".
"Rosselxoznadzor" iddia edir ki, ötən il Türkiyədən gətirilən bitki mənşəli məhsulların tərkibində aktiv pestisidlərin və nitratların qalıqlarına görə təhlükəsizliyinin monitorinqi aparılıb. Yoxlanılan 1664 partiya türk malın 104 partiyası (6,25 faizi) Rusiya qanunvericiliyinin tələblərinə uyğun gəlməyib. Ən çox uyğunsuzluqlar üzümdə - 23,42 faiz, balqabaqda - 21,28 faiz, albalıda - 15,51 faiz, almada - 11,59 faiz olub. Həmçinin iddia olunur ki, bir sıra hallarda pestisidlərin qalıqlarının icazə verilən maksimum həddi, demək olar ki, 25 dəfə aşılıb.
2025-ci ildə üzüm və balqabaqda da gigiyenik standartlara əməl edilməməsi halları müəyyən edilib:
"Rosselxoznadzor" Türkiyə tərəfini bütün hallar barədə məlumatlandırıb, aşkarlanan bütün faktlarla bağlı rəsmi araşdırma aparılmasını və təcili düzəliş tədbirlərinin görülməsini xahiş edib. Bununla belə, Türkiyənin səlahiyyətli orqanından araşdırmalar və müəyyən edilmiş tədbirlər haqqında məlumat qeyri-müntəzəm olaraq alınır".
"Rosselxoznadzor" Rusiya idxalçılarına Türkiyədən ixracatçı seçiminə daha diqqətli yanaşmağa çağırıb.
Qeyd edək ki, Rusiya hakimiyyəti bir qayda olaraq "Rosselxoznadzor"dan siyasi problemlər yaşadığı ölkələrə qarşı silah kimi istifadə edir. 2015-ci ildə məlum təyyarə hadisəsinə görə bu qurumun “qərarı” ilə Türkiyədən pomidor idxalına qadağa qoyulub. İndi də Suriyada Rusiyanın əlaltısı olan Bəşər Əsədin hakimiyyətdən Türkiyəyə yaxın qüvvələr tərəfindən uzaqlaşdırılmasından sonra "Rosselxoznadzor" yenidən prosesə qarışdırılıb.
Onu da bildirək ki, Türkiyə Rusiya bazarına meyvə-tərəvəz məhsullarının ən böyük tədarükçüsüdür – ixrac həcmi ildə 1,2-1,5 milyon tona çatır. Bu, Rusiya idxalının ümumi həcminin təxminən 13 faizinə bərabərdir.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ