İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıya niyə gəlib - Şərh

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya gəlib. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı məlumata görə, Patruşev Bakıda Rusiya-Azərbaycan təhlükəsizlik məsləhətləşmələrində iştirak edəcək. Prezident İlham Əliyev artıq oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən, suverenliyimizin tam bərpasından sonra regionda tamamilə yeni mərhələ başlayıb. Belə bir dönəmdə Patruşevin Bakı səfəri təbii ki, təsadüfi deyil. Güman ki, bu görüşdə sülhməramlılarla bağlı məsələ də müzakirə ediləcək.

Ekspertlər necə hesab edir, Patruşev Bakıya niyə və hansı təkliflə gəlib?

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bu səfərdə çox ciddi məsələlərin müzakirə ediləcəyini qeyd etdi: “Rusiya prezidenti Vladimir Putinin Valday toplantısında çıxış edərkən sülhməramlılarla bağlı məsələni Bakı ilə müzakirə edəcəyini deməsi bu görüşün olacağına açıq işarə idi. Putinə yaxınlığı ilə seçilən Patruşevin Bakıya gəlməsi danışıqların mövzularının Moskva üçün əhəmiyyətli olmasını göstərir. Bizim üçün də aydınlaşdırıb yoluna qoyulmalı işlər var. Antiterror əməliyyatından sonra yaranmış situasiya Rusiyanın bölgədən çıxmasını tələb edir. Eyni zamanda beynəlxalq  siyasi dairələr reinteqrasiya prosesi gedişatında Qarabağa qayıdacaq ermənilərin təhlükəsizliyini təmin etmək üçün oraya Fransa, Almaniya və s. dövlətlərin hərbiçilərinin yerləşdirilməsinə çalışacaqlar ki, onların qərəzli mövqelərini bildiyimizdən bu bizim üçün qəbuledilməzdir. Amma ehtiyac yaranarsa, qısa müddətdə rusların orada Azərbaycan hərbiçiləri, yaxud polisi ilə birgə qalması daha az zərərli olar, təbii ki, şəxsi heyətin, texnikanın sayı və səlahiyyət çərçivələri azaldılmaqla. Bu fikrim bölgədə hansısa kənar güclərin olması məcburiyyəti yarandığı halda keçərlidir. Amma dediyim kimi, Patruşev ciddi fiqur olduğundan danışıqlar daha geniş çərçivəni əhatə edə bilər və danışıqların nəticəsi olaraq yaxın müddətə sülhməramlılar birdəfəlik gedə bilər. Yaranmış vəziyyət hər iki dövlət üçün maksimum əhəmiyyət kəsb etdiyindən düşünürəm ki, az insan xaric heç kimdə detallarla bağlı məlumat yoxdur . O səbəbdən bir proqnoz verə bilmirəm. Lakin son vaxtlar dünyada baş verən proseslərdən dolayı yaranmış real durum Rusiyanın Ukrayna cəbhəsindəki vəziyyəti, İsrail-Fələstin müharibəsi, Azərbaycana qarşı xaricdə qara kampaniyanın aparılması gözləniləndən daha çox problemi masanın üzərinə qoyacaq. Ümid edirəm ki, danışıqlarda Rusiya tərəfi adekvat münasibət ortaya qoyacaq. Bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, çox güman ki, Patruşevlə müzakirə ediləcək məsələlər eyni zamanda Türkiyə ilə də danışılıb və konkret  detalların müzakirəsinə ehtiyac yaranıb. Bu etapda xeyli irəli addım atacağımıza inanıram. Hazırda bizim üçün Rusiya ilə bağlı olan həllinə nail olacağımız məsələ Xankəndi və Xocalıda tam gücü ilə dövlət idarəçiliyini bərpa edib bayrağımızı dalğalandırmaqdır”.

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı regionda Azərbaycanın yeni mərhələ başlatdığını bildirdi: “Azərbaycan Qafqazda yeni siyasi vəziyyət yaradıb. Artıq biz diqtə edən tərəfik. Azərbaycan xalqı və onun Ali Baş Komandanı İlham Əliyev uzun illərdən sonra torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa etmişik və tam suverenliyimizi təmin etmişik. Bu günə qədər həm Rusiya, həm də Qərb maraqlı olub ki, Azərbaycanın torpaqları erməni işğalında qalsın. Bir-birinə qarşı olan Qərb və Rusiya bu məsələdə hər zaman eyni mövqe sərgiləyib. Ancaq İlham Əliyevin barışmaz münasibəti, o cümlədən Rusiya ilə, xüsusən Putinlə düzgün qurulan siyasət nəticəsində çox böyük uğurlu və tarixi qələbəyə imza atdıq. Bu səbəbdən də regionda yeni mərhələ başlayıb. Qarabağı ermənilər könüllü olaraq tərk ediblər. Elə sizin qəzetə verdiyim açıqlamamda qeyd etmişdim ki, Qarabağda erməni qalmayıbsa, Rusiya sülhməramlı qüvvələri niyə qalsın? Təhlükəsizlik Şurasının katibinin İlham Əliyevlə görüşündə sülhməramlılarla bağlı müzakirənin olması mümkündür. Ancaq Rusiya artıq başa düşməlidir ki, Qafqazda mövcudluğunu hərbi kontingentlə görməməlidir. Azərbaycan Rusiyanın yaxın müttəfiqliyindən strateji müttəfiqinə çevrilə bilər. O Azərbaycan ki, ona birmənalı şəkildə güclü Türkiyə dəstək verir. Rusiyanın bu gün həm Azərbaycana, həm də Türkiyəyə böyük ehtiyacı var. Əminəm ki, görüşdə Qarabağdan çıxan ermənilərin geri qayıtması da müzakirə mövzusu olub. Biz görürük ki, Rusiya istəyir ki, ermənilər geri qayıtsın. Bununla bağlı Azərbaycana Avropa Birliyi də təzyiq edir. Ancaq Azərbaycan dövləti hər kəsə bəyan etməlidir ki, 30 il qabaq Qarabağdan ermənilərin zorla, məcburi köçürmüş azərbaycanlılar var. Bir çox ermənilər Qarabağda azərbaycanlıların evlərini tutub yaşayıblar. Ona görə də biz Qarabağa ilk olaraq azərbaycanlıları qaytarmalıyıq. Sonra Qarabağda anadan olmuş erməni vətəndaşlarımızın reinteqrasiyası ilə məşğul ola bilərik. Ermənilər qayıdandan sonra öz soydaşlarımızı doğma evlərindən çıxartmayacağıq. Bu mümkün də deyil. Ermənilərin qabağına şərt qoymalıyıq ki, Qarabağa ermənilər qayıdırsa, paralel olaraq 1988-ci ildə Ermənistandan, Zəngəzurdan, Qafandan, Dərələyəzdən, Göyçədən, Vedidən, Amasiyadan 250 mindən artıq soydaşımızla birgə geri qayıtmalıdılar. Bütün bunlar Azərbaycanla Ermənsitan arasında bağlanacaq sülh sazişindən sonra baş verməlidir”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı öz Facebook profilində status paylaşıb: “Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya gəlişi Qarabağda olan Rusiya hərbi kontingentinin gələcəyini müəyyənləşdirməklə bağlı ola bilər. Rusiya diplomatları son günlərdə açıqlamalarında hərbi kontingentin Azərbaycan ərazisində qalma müddətinin uzadılmasına işarə edir. Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibəsində deyib ki, Rusiya hərbi kontingenti Qarabağı tərk edəcəksə, Ermənistana yox, ölkəsinə qayıtmalıdır. Paşinyan bunu təsadüfən deməyib. Çünki Kreml Rusiya hərbi kontingentini Qarabağdan Ermənistandakı bazasına yerləşdirmək planını da nəzərdən keçirir. Ermənistanın baş naziri bu haqda məlumatlıdır. Rusiya hərbi kontigentinin Ermənistandakı bazaya köçürülməsi Qərbə yaxınlaşmaq istəyən Nikol Paşinyanın maraqlarına cavab vermir”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR