İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya sülhməramlıları Qarabağı 2025-ci ildən tez tərk edəcəkdi, amma..." - ŞOK DETALLAR

“Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağı haqda onu deyə bilərəm ki, bu, forpostun rəhbəriliyinin istəyi ilə həll olunan məsələ deyil və rəsmi İrəvanın qərblə sıx əməkdaşlıq yönündə atdığı addımların bir elementi olaraq situativ təzyiq xarakteri daşıyır”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Kreml növbəti dəfə İrəvanın KTMT-yə mübasibətinə reaksiya verib. “Rusiya Federasiyası ümid edir ki, bir müddət sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində tam şəkildə iştirakını bərpa edəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Ümid edirik ki, erməni dostlarımız da təşkilatda geniş iştirakın lehinə öz yanaşmalarını bərpa edəcəklər", - Peskov bildirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın KTMT çərçivəsində Minskdə keçiriləcək görüşlərdə iştirak edə bilməyəcəyi məlum olub. Ermənistanın baş naziri Nikol Paşinyan isə Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin iclasında iştirak etməyəcəyini bildirib. Lakin məhz Peskovun açıqlamasının ardınca Paşinyanın dekabrda Rusiyaya səfər edəcəyi xəbəri yayılıb.

S.Alıyev bildirib ki, Ukrayna cəbhəsində vəziyyət indiki kimi qalarsa, yəni böyük əməliyyatlar yerinə ancaq mövqe döyüşləri gedərsə, yaxud da qarşıdurma dondurularsa - bir sözlə, Ukrayna de-fakto iki hissəyə parçalanarsa, onda hayların Rusiyanın boyunduruğundan qurtarmaq cəhdləri heç bir nəticə verməyəcək:

sahib.jpg (287 KB)

“Birinci ona görə ki, bu cəhd Ermənistan rəhbərliyinin və xalqının heç də öz ölkələrinin subyektliyinin artması istəyindən irəli gəlmir, onlar sadəcə yeni boyunduruq axtarışındadırlar. Bu isə o deməkdir ki, sabah qərblə Rusiyanın apardıqları gizli danışıqların nəticəsi olaraq, tutaq ki, Çinə yanaşmada ortaq siyasət yeritmək haqda razılığa gəldikləri halda Ermənistanda indi söyülən KTMT böyük güvən yeri kimi öyüləcək. Jirinovskinin Ermənistan haqda dediklərini xatırladaraq bildirmək istəyirəm ki, onun hərəkətləri ikiqat - həm dini, həm rəsmi nikahla birinə bağlı qadının başqaları ilə flirtinə bənzəyir və bu, həmin qadının onsuz da heç kimə sirr olmayan xislətinin növbəti dəfə üzə çıxmasından başqa ciddi bir anlam daşımır. Bir sözlə, ən azından Ukrayna cəbhəsində Rusiya böyük məğlubiyyətə uğramadığı, yəni orada ələ keçirdiyi torpaqlardan tam vurulub çıxarılmadığı halda, Ermənistanın onun boyunduruğundan qurtarması, Kreml özü bunu istəməsə, tam mümkünsüzdür”.

Qeyd edək ki, Rusiya rəsmisi Qərbin Qarabağ planından da danışıb. Kreml hesab edir ki, Rusiyadan başqa heç bir dövlət Cənubi Qafqazda qarant rolunu oynaya bilməz. Musavat.com-un məlumatına görə, Peskov ardınca deyib: “Bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabit vəziyyəti pozmağa çalışırlar. Bu, Azərbaycan tərəfinin rəsmi şəkildə bəyan etməsinə səbəb oldu ki, həmin ölkələr birtərəfli mövqe tutduqlarına görə çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilərlər”. Onun sözlərinə görə, birtərəfli mövqe tutanlar heç nə iddia edə bilməzlər, “bu, həm qeyri-mümkündür, həm də yersizdir”.

Peskovun Qarabağ haqda dediklərinin Rusiyanın oradakı hərbi kontingentinin bizim torpaqlarımızda mümkün qədər çox qalmaq istəyi kimi yozulmasına gəldikdə, deputat bu barədə də maraqlı fikirlər söyləyob:

“Bilirsiniz, Moskvadakıların belə bir niyyətlərinin olduğu kimsəyə sirr deyil və bu, Rusiyanın bizim regiona yanaşmada yeritdiyi siyasətin məntiqinə tam uyğundur. Ancaq Azərbaycanın yaratdığı reallıqlar, özəlliklə də bu ilin sentyabrında öz torpaqları üzərində suverenliyini tam təmin etməsi onu deməyə əsas verir ki, 2025-ci ildən o yana Rusiya hərbi kontingenti Qarabağda qalmayacaq. Detallara varmadan onu deyim ki, qərbdəkilərin, ilk növbədə də ABŞ ilə Fransanın Ermənistanda yanlış ümid formalaşdıraraq onu revanşizmə həvəsləndirmək, beləliklə də regionda ədalətli, dayanqlı sülhə maneçilik törətmək cəhdləri olmasa idi, Rusiyanın Qarabağdakı hərbi kontingenti oranı 2025-ci ildən daha tez tərk edəcəkdi. Sadəcə, bütün gücləri ilə Rusiyanı regiondan vurub çıxarmaq istəyənlər Ermənistanı özlərinin geosiyasi alətlərinə çevirmək adına yeritdikləri yanılış siyasətlə, paradoksal görünsə də, indi oynadıqları kimi bəzən regiondan vurub çıxarmaq istədiklərinin əlinə oynayırlar. Bir tərəfdən onun mövqelərini laxlatmağa çalışdıqları halda digər tərəfdən möhkəmlədirlər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR