Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Tehrandakı səfirliyi İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərifə qarşı kəmfürsətlik edib.
"Report"un məlumatına görə, bu barədə “Mehr” agentliyinin “Tarixi düzgün oxuyun; Zərifin çıxışı, Rusiya səfirliyinin cavabı və vəziyyətin reallığı” başlığı altında yayılan məqalədən bu nəticəyə gəlmək olar.
Yazıda bildirilib ki, İran şimal qonşusu ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir: “Ancaq İranın daxili işlərinə müdaxilə və ya ölkənin rəsmi şəxslərinə qarşı təhqir qəbuledilməzdir”.
Müəlliflər yazıb ki, İran dünyanın qaynar nöqtəsində, kommunikasiya qovşağı və karbohidrogen ehtiyatlarının mərkəzi olması səbəbindən həmişə ABŞ, Böyük Britaniya və Rusiya üçün maraq doğurub: “Son zamanlarda Məhəmməd Cavad Zərifin İran Siyasi Elmlər Assosiasiyasının illik konfransında uzunmüddətli ittifaqlar və koalisiyalar dövrünün sonu ilə bağlı ötən ilki bəyanatlarının yenidən dərc edilməsi, həmçinin Rusiyanın ABŞ-yə Avropada müdafiə sahəsində əməkdaşlıq təklifini nümunə gətirməsi Rusiya səfirliyini məsələyə tələsik yanaşmağa və strateji məsələlər üzrə vitse-prezidentə qarşı mətn dərc etməyə, onu "yalan" və "nəzakətsizlik"də ittiham etməyə vadar edib”.
Rusiya səfirliyi Zərifə qarşı niyə belə təbliğat hücumu edib?
Məlumdur ki, İranın keçmiş xarici işlər naziri və indiki vitse-prezidenti ABŞ-də təhsil alıb. Övladları da o ölkənin vətəndaşlarıdır. Eyni zamanda o, Qərblə, xüsusən Ştatlarla danışıqların tərəfdarlarındandır. Təsadüfi deyil ki, 2015-ci ilin yayında İranla ABŞ başda olmaqla Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı.
Onda həmin danışıqları aparan nümayəndə heyətinə Zərif başçılıq edib. Düzdür, Donald Tramp ABŞ-yə prezidentliyinin birinci dövnəmində, 2016-cı ilin mayında bu müqavilədən çıxdı, İrana qarşı sanksiyaları sərtləşdirdi. Bununla belə həmin müqaviləni Zərifin apardğı danışıqların uğuru kimi də dəyərləndirmək olar.
Son günlər vitse-prezidentə ABŞ başda olmaqla qərblə danışıqlarla bağlı etdiyi çıxış və təkliflərə görə ölkəsində müxtəlif səviyyədə hücumlar edilir. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf belə Zərifi tənqid edərək, onu milli maraqlara qarşı çıxış etməkdə günahlandırmışdı.
İranla ABŞ-nin yaxınlaşması, hətta danışıqlar belə aparması Rusiyanın maraqlarına uyğun deyil, yaxud sərfəli sayılmır. Çünki belə yaxınlaşma perspektivdə Tehran-Moskva tərəfdaşlığını laxlamasına səbəb ola bilər. Bu baxımdan səfirlik yaranmış vəziyyətdən sui-istifadə edərək Zərifə qarşı təbliğat aparmaqla həm də Qərblə İslam Respublikası arasında yaxınlaşmaya qarşı öz “məhsulunu” verir.
Qeyd edək ki, Rusiyanın İrandakı səfirliyi Zərifin keçən il "Rusiya ABŞ ilə Avropada müttəfiqdir" ifadəsi olan çıxışını gözənilmədən yenidən dərc edib və bunu Rusiyaya qarşı qarayaxma kimi qiymətləndirib.
Rusiyanın Tehrandakı diplomatik missiyası bununla İrandakı anti-zərifçilərə, Qərblə əlaqələrin qurulmasına qarşı olanlara pas ötürür. Ancaq bu yarınmaq cəhdi deyəsən, alınmayıb. Əksinə, səfirliyin belə xidməti Rusiyanın İranın daxili işlərinə qarışmaq kimi dəyərləndirilib. Bu da ənənəvi “ayı xidməti”dir.
Sədrəddin Soltan
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ