İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfiri azad Şuşada - ermənilərə növbəti göz dağı

Analitiklər hesab edirlər ki, Ermənistan bu mesajlardan düzgün nəticə çıxarmalıdır...

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Şuşaya səfər edib. Bu barədə Azərbaycan Prezidentinin Şuşa bölgəsi üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Twitter sosial şəbəkəsində yazıb. Boçarnikov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə tanış olub.

Qeyd edək ki, 44 günlük müharibədən sonra bu, Minsk Qrupu həmsədrlərinin biri sayılan Rusiyanın səfirinin azad edilən mədəniyyət paytaxtımıza ilk səfəridir. Az öncə Boçarnikov Kəlbəcərdə olmuş, Ermənistanda buna görə isterika yaranmışdı. Bu fakta artıq Ermənistanın siyasi fiqurları, mediası və hətta hakimiyyəti kəskin reaksiyalar verməkdədirlər. Ermənistan diplomatik missiyaların, xarici dövlətlərin yetkililərinin Şuşaya səfərinə olduca aqressiv və ağrılı reaksiyalar verir.

Rus səfirin Şuşa səfərini necə dəyərləndirmək olar? Digər iki həmsədr ölkənin - ABŞ və Fransanın səfirləri hələ ki Şuşada olmayıblar. Rusiyanın onlardan fərqlənməsi xeyrimizədirmi?

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Şuşaya xarici diplomatların səfərləri prinsipial məsələdir: “Onlar bununla Azərbaycanla Ermənistan arasındakı qarşıdurmaya münasibət bildirir, kimin tərəfində olduqlarını göstərirlər. Ona görə də Ermənistan diplomatların səfərlərinə qısqanc yanaşır, bəzən qəzəbindən qeyri-etik ifadələr də işlədirlər. Azərbaycan bu məsələyə iki prizmadan yanaşır. Birincisi, bizim üçün xarici diplomatların Şuşanı görməsi, oranın bir Azərbaycan şəhəri olduğuna əmin olması, həmçinin ermənilərin cinayətlərinin izləri ilə tanış olması baxımından əhəmiyyətlidir.

Digər tərəfdən, istəyirik ki, xarici diplomatlar Şuşaya səfərləri ilə İkinci Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyini etiraf etsinlər. Təbii ki, bu proseslərdə həmsədr ölkələrin münasibəti, səfərləri bizim üçün önəmlidir. Həmin ölkələrin səfirləri də bunu başa düşür, ehtiyatla hərəkət edirlər. Hər üç həmsədr ölkənin səfirləri xeyli tərəddüddən sonra işğaldan azad olunmuş bəzi ərazilərimizə səfər etdilər. Amma Şuşaya yalnız indi ilk olaraq rusiyalı səfir səfər etdi. Bu, Rusiyanın mövqeyinin xeyli aydınlaşmasını göstərir. Onlar ermənilərə mesaj göndərirlər ki, haqlı tərəfin kim olduğunu, hadislərin hansı istiqamətdə gedəcəyini bilir və mövqelərini artıq gizlətmirlər.

Ermənistan rəhbərliyi bu mesajlardan düzgün nəticə çıxarmalı, əldə olunmuş razılaşmalara qeyd-şərtsiz əməl etməlidir. Rusiya ermənilərin məkrli planlarında son ümid yeridir, indi məlum olur ki, elə deyilmiş. Ermənilər bunu boş xəyallarla doldurulmuş qafaları ilə başa düşməli, Azərbaycanın əsəbləri ilə oynamamalıdırlar. Rusiyanın bu məsələdə önə keçməsi də vacibdir. Böyük ehtimalla digər iki həmsədr ölkə də tezliklə eyni addımı atacaq. Artıq hər kəs regionda Azərbaycan faktoru ilə hesablaşmaq zorundadır".

Soçi Bəyanatı diplomatik qələbələrimizin davamıdır”- Tural İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bildirdi ki, Rusiya səfiri Boçarnikovun Şuşaya səfəri mühüm siyasi əhəmiyyətə malikdir: “Bu günə qədər Rusiya səfirinin Azərbaycanın erməni işğalında olmuş bölgələrinə səfərlərdə də digər diplomatlardan fərqli mövqe ortaya qoymağı anlaşılan deyildi. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması ilə bağlı əsas vasitəçilərdən biri qismində çıxış edir. Ona görə də Rusiya səfirinin qeyd olunan səfəri əslində xeyli öncədən olmalı idi. Rusiya vasitəçi rolunun ciddi nəticə verməsini istəyirsə, səfirin bu cür səfərlərinə daim yaşıl işıq yandırmalıdır. Rus səfirin Şuşa səfərinin reallaşması labüd idi.

Minsk Qrupunun digər həmsədrləri olan ölkələrin səfirləri də gec-tez Şuşaya səfər edəcəklər. Çünki həmin ölkələr də Qarabağ Azərbaycan ərazisi olaraq tanıyırlar. ABŞ və Fransa səfirlərinin Şuşaya səfər etməmələri Azərbaycan cəmiyyətində qıcıq yaradır, eyni zamanda Minsk Qrupu ilə bağlı Azərbaycan cəmiyyətində formalaşmış mənfi rəyi daha da mənfiyə istiqamətləndirir. Ermənistan isə Rusiya səfirinin Şuşa səfərinin siyasi mesajının nə olduğunu dərk etməlidir və illüziyalardan xilas olmalıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR