Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda çox maraqlı bir xəbər yayıldı. Belə məlum oldu ki, Kiyev öz səmasını Rusiya raketlərindən qorumaq üçün ABŞ-dan “Petriot” sistemlərini alıbdır. Xəbər təsdiqini taparsa, bu, müharibənin gedişində həqiqətən də ciddi bir dönüş ola bilər - belə ki, Ukrayna nəhayət ki, öz səmasında “dəmir qübbə”ni formalaşdıra bilər.
Hələliksə müharibə davam edir. Onun gedişinə “Petriot” sistemlərindən az təsir etməyən digər amillər də var.
Bu yaxınlarda amerikalılar bəyan etdilər ki, müharibə başlayandan Ukraynaya 66 milyard dollarlıq hərbi-texniki yardım ediblər. ABŞ-ın müttəfiqlərilə birlikdə hərbi yardımı isə, nə az, nə də çox, 170 milyard dollar tərtibindədir. Hesabla gərək, Rusiyanın da xərcləri az olmasın. O, 100 milyard dollar olmasa da, hər halda, bundan çox da az deyildir - Moskva demək olar ki, bütün imkanlarını Ukraynaya qarşı müharibəyə yönəldibdir. O, buna nə vaxta qədər dözəcəkdir? Görəsən, Rusiya fərqindədirmi ki, Kiyevin ən kiçik müttəfiqlərinin iqtisadi gücü belə Rusiyanınkı qədərdir? ABŞ-dan isə danışmağa dəyməz. Ştatların təkcə Kaliforniyasının iqtisadiyyatı Rusiyanınkından böyükdür!..
Amma müharibənin parametri təkcə iqtisadi amillərdən asılı deyil, halbuki bu, çox həlledici məqamdır. Moskvanın insan itkisinin, nə az, nə çox, 250 min nəfər olduğu bildirilir! Belə “xüsusi əməliyyat” ola bilərmi? Yox, bu, əsl müharibədir, özü də dəhşətli müharibə! İnsanların çoxu müharibədən yayınmaq üçün ölkədən qaçaq düşüb. Minlərlə gənc ölkəni tərk edib. Hərbi səfərbərlik Rusiya boyda bir ölkədə əsl kabusa çevrilib...
Bəs bütün bunların axırı necə olacaq? Hələlik Rusiyanın tək bir üstünlüyü var: müharibə onun içərilərinə adlamayıbdır. Hələlik NATO buna imkan vermir. Amma ara-sıra dronlarla Rusiyanın içərilərinin atəşə tutulması haqqında xəbərlər yayılır. Bunun qeyd etdiyimiz kimi, psixoloji təsirləri var. Bu proses intensivləşəndə hətta Rusiyanın siyasi atmosferinə də təsir edəcəkdir. Bir ildən sonra isə bu ölkədə prezident seçkiləri gözlənir. Amma hazırki prezidenti, Vladimir Putini nələrin gözlədiyini heç kim deyə bilmir. Bircə onu demək olar ki, Putinin geriyə yolu qalmayıbdır. O, “referendum” keçirərək Krımın, Şərqi Ukraynanın Rusiyaya birləşməsini elan edibdir. İndi nə etsin? Tərsinə “referendum” keçirsinmi? Razılaşın, vəziyyət çox ağırdır. Üstəlik, müharibənin dayanması heç də Ukraynadan asılı deyildir. Bir az əvvəldə dedik ki, nə az, nə də çox, 170 milyard dollar vəsait xərclənibdir! Bəli, geriyə yol yoxdur - Qərbin təhlilçiləri tez-tez buna işarə edirlər. NATO Rusiyanı tamam çökdürmək əzmindədir...
Bəs ruslar fərqindədirlərmi ki, onlar heç nə qazanmayıblar? Burada qeyd etmək lazımdır ki, “ruslar” anlayışı bir qədər amorf məhfumdur. Minlərlə gənc səfərbərlikdən yayınmaq üçün ölkədən qaçıb. Vuruşan demək olar ki, “Vaqner” kimi muzdlulardır. Amma muzdlulara çox da etibar etmək olmaz. Onlar pula görə döyüşürlər və prinsipcə, kim daha çox pul versə, ona da qulluq etməyə hazırdırlar. Bu yaxınlarda ölkədə muzdlu hərbçilərin, “Vaqner”in qiyamı oldu. Ciddi nəticələrə gətirməsə də, analitiklər hələ də onu təhlil edirlər. Birincisi, ona görə ki, prezideünt Putinin ondan necə çıxdığı məlum deyil. Daha çox belə fikirlər səslənir ki, Rusiya prezidentinin bu prosesdən sonra reytinqi azalıb. Bəli, proses göstərdi ki, ölkənin bu cür hadisələrə qarşı siyasi və hərbi immunitenti elə də böyük deyil- “Vaqner”çilər iki böyük şəhəri heç bir müqavimətlə rastlaşmadan götürdülər. Hətta adi insanlar da, sıravi vətəndaşlar onlara nəinki heç bir müqavimət göstərmədilər, əksinə qiyamçı hərbçilərlə şəkil çəkdirdilər. İkincisi, Rusiya oxşar presedentlərdən tamam sığortalanmayıb. Hələ müharibə gedir və o, ən müxtəlif narazılıqlar, o cümlədən də hərbi etirazlar üçün zəmin ola bilər...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ