Onlayn ictimai-siyasi qəzet
Rusiya Qazaxıstan ərazisində daş kömürlə işləyəcək 3 istilik elektrik stansiyasının tikintisi üçün subsidiya və dövlət krediti vədinə əməl etmir.
Musavat.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, söhbət Semey, Ust-Kamenoqorsk və Kokşetauda inşa olunacaq İES-lərdən gedir.
Qazaxıstanın baş naziri Oljas Bektenov mətbuat konfransında bildirib ki, Rusiya maliyyələşmə öhdəliyinə əməl etməsə, Astana özü stansiyaların tikintisinə başlayacaq:
"İlkin olaraq üç İES-in Rusiya tərəfdaşları ilə birgə həyata keçirilməsi variantı nəzərdən keçirilirdi. Hələlik Rusiya tərəfdən zəmanətli, daha ucuz maliyyə təminatının verilməsi ilə bağlı dəqiq məlumat almamışıq, ona görə də Kokşetauda biz artıq heç kimə müraciət etmədən öz gücümüzlə tikintiyə başlamışıq. Artıq "Samruk-Enerqo" işə cəlb olunub, ərazidə işlər gedir. Semey və Ust-Kamenoqorsk məsələsinə gəlincə, biz hazırda Rusiya tərəfinin cavabını gözləyirik, əgər yaxın vaxtlarda cavab olmasa, biz bu layihələrin də müstəqil həyata keçirilməsi variantlarını nəzərdən keçirəcəyik".
Qeyd edək ki, Qazaxıstan Rusiya ilə birlikdə Semipalatinsk (360 MVt), Ust-Kamenoqorsk (360 MVt) və Kokşetau (240 MVt gücündə) şəhərlərində kömürlə işləyən üç istilik elektrik stansiyası tikməyi planlaşdırır. Akmola vilayətinin rəhbərliyi yeni istilik elektrik stansiyasının tikinti sahəsini Kokşetaudan Zerendinski rayonuna köçürmək qərarına gəlib.
Layihələrin icrasına baş podratçı qismində Rusiyanın "İnter RAO" şirkətinin cəlb edilməsi qərara alınmışdı. Əsas maliyyələşdirmə ssenarisi Rusiya hökumətindən subsidiyalarla verilən kredit olması barədə də razılaşma əldə edilmişdi.
Qazaxıstanın baş nazirinin müavini Roman Sklyar may ayında açıqlayıb ki, istilik elektrik stansiyasının tikintisi və istismarı üçün istifadə olunacaq avadanlıqlara güzəştli ixrac maliyyələşdirilməsinin əldə edilməsində problem yaranıb. O bildirib ki, Rusiya tərəfi avadanlıqların tədarükü üçün pul ayıra bilməyəcəyi təqdirdə Qazaxıstan yeni investorlar axtaracaq.
Qazaxıstanın energetika nazirinin müavini Bakıtjan İlyas ötən həftə bildirib ki, Çin və Cənubi Koreya şirkətləri Qazaxıstanda üç istilik elektrik stansiyasının tikintisini öhdəsinə götürə bilər; hazırda bütün potensial podratçılarla danışıqlar aparılır.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ