Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynadakı işğalçı müharibənin sonlandırılması üçün maksimalist tələblər irəli sürməyə davam edir. Bilə-bilə ki, digər tərəflər, özəlliklə Kiyev kapitulyativ tələblərə qol qoymayacaq. Görünür, Kreml özünə çox şey istəyir ki, yekunda danışıqlardan optimal nəticə ilə çıxa bilsin və hansısa şəkildə bunu rusiyalılara qələbə kimi sırısın. Vəziyyət isə Moskva üçün göründüyü qədər əlverişli deyil.
Xəbər verildiyi kimi, dünən Ər-Riyadda keçirilən sülh müzakirələri zamanı Rusiyanın tələbləri beynəlxalq ictimaiyyətdə şok effekti yaradıb. Bəlli olub ki, Moskva danışıqlarda Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam nəzarətə keçməsini tələb edib. Hərçənd 4 vilayətlərin heç biri hazırda tam şəkildə Rusiya ordusunun işğalı altında deyil.
Amma Rusiya öz konstitusiyasına istinad edərək, bu ərazilərin artıq “Rusiya Federasiyasının tərkib hissəsi” olduğunu iddia edir. “Konstitusiyada bu bölgələrin Rusiya tərkibindən çıxması üçün heç bir mexanizm nəzərdə tutulmayıb. Bizə bütün Zaporojye və bütün Xerson lazımdır,” – Kremlə yaxın məmur bildirib.
Mənbələrin iddiasına görə, Kreml hesab edir ki, ABŞ prezidenti Donald Tramp Kiyevə təzyiq göstərərək, bu ərazilərdən qoşunların çıxarılmasına nail ola bilər. Əgər bu baş verməzsə, Moskva iki ssenaridən birinə hazırlaşır: ya uzunmüddətli danışıqlar fonunda hərbi əməliyyatları davam etdirmək, ya da Ukraynanın başqa bölgəsini tutub ərazi “mübadiləsi” təklif etmək. “Ancaq bu, bizim üçün ən pis variantdır, çünki çay keçidləri və böyük şəhərlərə hücumlar ciddi itkilərlə nəticələnir,” – deyə rus məmur etiraf edib.
Öz növbəsində İsrailli hərbi ekspert David Şarp qeyd edib ki, Rusiya ordusu bu qədər böyük ərazini qısa müddətdə ələ keçirmək iqtidarında deyil. “Onlar üçün bir kəndin tutulması belə böyük uğur sayılır. Dnepr çayını keçib Xersonu və ya Zaporoje şəhərini almaq üçün ya rus ordusu radikal güclənməlidir, ya da Ukraynanın müdafiə xətti tam çökdürülməlidir”, – deyə Şarp bildirib.
Müdafiə xəttinin çökməsi isə gözlənilmir...
Moskva öz maksimalist mövqeyində qalmaqda olsun, bu arada Rusiya Mərkəzi Bankı hökumətə 1980-ci illərdə baş vermiş və SSRİ-nin dağılmasında mühüm rol oynamış neft qiymətlərinin kəskin və uzunmüddətli enişinin təkrarlana biləcəyi barədə xəbərdarlıq göndərib.
Musavat.com bildirir ki, bu haqda Reuters öz etibarlı qaynaqlarına istinadən məlumat yayıb.
Xəbərdarlıqda səbəb kimi ABŞ-da və OPEK-dən kənarda neft hasilatının kəskin arta biləcəyi göstərilir. Baş nazir Mixail Mişustin üçün hazırlanmış təqdimatda OPEK-in ehtiyat potensialının artıq Rusiya neftinin ixracının həcmi ilə müqayisə oluna biləcəyi və bunun qiymət sabitliyi üçün risk yaratdığı bildirilir. Eyni zamanda, 1974-1985-ci illərdən sonrakı vəziyyətlə tarixi paralellik aparılıb. Nə vaxt ki, yüksək neft qiymətlərinin ardınca 18 illik çoxa aşağı qiymətlər müşahidə olunmuş, bu da SSRİ-nin çöküşünü sürətləndirmişdi...
Qeyd edək ki, Elvira Nabiullinin sədr olduğu (2013-cü ildən bu vəzifədədir) Mərkəzi Bank əvvəllər də ölkə iqtisadiyyatının neftdən asılılığına diqqət çəkib, lakin ilk dəfə olaraq qiymətlərdə uzunmüddətli eniş ssenarisini nəzərdən keçirir. İqtisadiyyat Nazirliyi isə hesabatında digər təhlükələri də əlavə edib: investisiyaların azalması, artan xərclər və problemli borclar.
Doğrudur, hələlik OPEK-in tədarükü kəskin şəkildə artırmağa hazır olduğuna dair hər hansı əlamət yoxdur. Amma ABŞ və bəzi qeyri-OPEC ölkələri, məsələn, Braziliya və Qazaxıstan hasilatı artıra bilər. Rusiya büdcəsinin üçdə birinin neft-qaz gəlirlərindən ibarət olduğunu nəzərə alsaq, bu, ölkənin 3 illik müharibə nəticəsində ağır yük altında qalıb “təngnəfəs” olan maliyyə-iqtisadi sistemi üçün son dərəcə mühüm amildir...
Bir çox analitiklərə görə, bu və digər səbəblərdən Kremlin Vaşinqtonla apardığı danışıqlarda əsas marağı əslində sanksiyaların yumşaldılması ilə bağlıdır. Əksinə, sanksiyaların daha da sərtləşməsi Rusiya üçün ölümcül ola, onun iqtisadi-maliyyə dayaqlarının çökməsinə və ölkənin tükənməsinə gətirə bilər.
Nabiullinin bu xüsusda ilk xəbərdarlığı gözləntilərin nə dərəcədə ciddi olduğunu təsdiqləyir. Odur ki, Putun qələbəni qeyd eləməyə tələsməsin...
Siyasət şöbəsi,
Musavat.com
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ