İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya kontingentindən Qarabağda nə qaldı? - detallar, rəylər

Polkovnik: “Hərbi kontingentin az hissəsi qalır, artıq sülhməramlı qüvvələrin Laçın yolu ilə hərəkət etməsinə ehtiyac qalmayıb”

Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus ağır hərbi texnika vahidlərinin Azərbaycandan şimal marşrutundan istifadə etməklə çıxarılmasının əks olunduğu deyilən videolar yayılıb. Görüntülər nə dərəcədə gerçəyi əks etdirir? Belə fikirlər səslənir ki, erməni qanunsuz silahlı dəstələrinin təhvil verdiyi silah-sursat da Rusiyaya daşınmaqdadır.

Ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələrindən Qarabağda hazırda nə qalıb?

Xatırladaq ki, 19-20 sentyabr 23 saatlıq antiterror tədbirlərindən və qanunsuz rejimin ləğvindən sonra Qarabağda Rusiya və Azərbaycan hərbçilərinin ondan çox birgə postunun qurulduğu bildirilir. Həmin postların əhəmiyyəti nə olacaq?

Ermənistandan Kremlə qarşı daha bir demarş - Moskvanın səbri tükənir

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin say tərkibinin 1960 nəfərdən ibarət olması üçün artıq zərurət qalmayıb. 10 noyabr üçtərəfli bəyanatına əsasən şəxsi heyəti 1960 nəfər olan sülhməramlı kontingent əraziyə yerləşdirilmişdi. Artıq Qarabağda nə Ermənistan dövlətinin hərbi birləşmələri, nə də keçmiş separatçı rejimin qanunsuz silahlı dəstələri mövcud deyil. 19-20 sentyabrda Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri nəticəsində onlar tərk-silah ediliblər və Azərbaycan ərazisindən çıxarılıblar. Ona görə də artıq tamamilə yeni vəziyyət yaranıb, Qarabağda 1960 sayda sülhməramlının qalmasına ehtiyac yoxdur: “Yəqin ki, Rusiyanın özü də bunun fərqindədir. Əslində artıq bölgədə sülhməramlıların olmasına ehtiyac qalmayıb. Sadəcə olaraq, Rusiya tərəfi 10 noyabr üçtərəfli bəyanatının müddətinin hələ başa çatmadığını və Rusiyanın nüfuzunun qorunmasının lazım olduğunu əsas görür və buna görə sülhməramlılarının hamısını çıxarmır. Bir hissəsi tədricən çıxarılır. Bir hissəsi isə qalır. 2025-ci ilin noyabrında müddət başa çatdıqda güman edirik ki, sülhməramlı kontingent Azərbaycan ərazisindən tamamilə çıxacaq. Dediyimiz kimi, Qarabağda yeni reallıq yaranıb və bu reallığa uyğun olaraq da Rusiya sülhməramlıları Azərbaycan Silahlı Qüvvələri ilə birgə postlar qururlar. Birgə postların təşkili ondan xəbər verir ki, ərazidə erməni terrorçularının gizlənməsi ehtimalı var. Hər hansı təhlükə ehtimalını önləmək, nəzarət tədbirləri üçün birgə postlar fəaliyyət göstərəcək. Bu işin öhdəsindən Azərbaycan polisi və hərbi qüvvələri də gələ bilər. Lakin dediyimiz kimi, 10 noyabr üçtərəfli bəyanatının müddətinin başa çatmadığı məsələsi var və rus sülhməramlı qüvvələrinin müəyyən hissəsi ərazidə qalır. Rusiya az miqdarda sülhməramlını Qarabağda saxlayacaq. Ancaq məsələnin bu tərəfi də var ki, 20 sentyabrdan sonra, xüsusilə separatçı rejimin ləğvindən sonra əslində 10 noyabr üçtərəfli bəyanatı qüvvədən düşüb. Qarabağda sülhməramlıların qalmasına lüzum qalmayıb”.

Ekspert qeyd etdi ki, Rusiya sülhməramlıları Qarabağa gələndə və ondan sonrakı dövrdə çoxlu sayda silah-sursat, hərbi texnika da gətiriblər. İndi həmin silahların və hərbi texnikaların da Rusiyaya daşınması həyata keçirilir: “Rusiya sülhməramlı qüvvələrinin və onların silahlarının, texnikalarının Laçın yolundan Ermənistana keçməklə deyil, Xankəndi-şimal bölgəmiz marşrutu ilə daşınmasının səbəbinə gəlincə, hansı yoldan istifadə edilməsinin məqsədəuyğunluğunu Azərbaycan dövləti müəyyən edir. Azərbaycan dövləti şimal istiqamətindən çıxışa şərait yaradır. Rusiya üçün də bu sərf edir. Artıq Rusiya sülhməramlı qüvvələrinin Laçın yolu ilə hərəkət etməsinə ehtiyac qalmayıb. Sülhməramlı qüvvələrin Laçın yolundan Ermənistana keçməklə hərəkət etməsi maliyyə cəhətdən də baha başa gəlir. Ona görə də vaqonlar vasitəsilə hərbi texnikanın da Rusiyaya şimal ərazimizdən keçməklə daşınması əlverişlidir. Logistika baxımından ucuz marşrut budur. Erməni silahlılarından təhvil alınmış silahların Rusiya sülhməramlılarına verildiyi və həmin silahların da Rusiyaya daşındığı barədə isə indiyə qədər rəsmi heç bir məlumat verilməyib. Mən qeyri-rəsmi də bu barədə eşitməmişəm”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR