İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-İsrail sövdələşməsi: Ukrayna qarşılığında İran meydanda tək qoyulur

İsraildə yayımlanan Kanal 12 Televiziyası Təl-Əviv rəhbərliyinin İranın hava hücumuna cavab qərarı aldığını açıqlayıb. Amerikanın NBC televiziyası isə İsrailin İranın hücumuna cavabının “zaman məsələsi” ola biləcəyini bildirib.

Maraqlıdır ki, İranın İsrailə hava hücumundan sonra ABŞ prezidenti Co Bayden dövriyyəyə girərək Netanyahu hökumətini sakitləşdirməyə çalışmış, İrana cavab verəcəyi təqdirdə Vaşinqtonun onları dəstəkləməyəcəyini söyləmişdi. ABŞ-ın bu xəbərdarlığına baxmayaraq, İsrailin cavab hücumuna hazırlaşması sual doğurur:

- İsrail həqiqətən ən böyük himayədarı ABŞ-ın sözünü qulaqardına vurur, yoxsa Co Baydenin bu xəbərdarlığı gözə kül üfürməkdən başqa bir şey deyil?

- İsrail İrana hücumla nəyi hədəfləyir və bu hücumun region dövlətlərinə, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz İsrailin cavab əməliyyatlarına hazırlaşmasının gözlənilməz olmadığını vurğulayıb.

OGUZ.jpeg (277 KB)

Onun sözlərinə görə, İsrail Suriyadakı İran səfirliyinə hücum edərkən də bunu planlaşdırmışdı:

“İsrail dəqiq bilirdi ki, İran onun hücumlarına cavab verəcək. Çünki Tehranın bu səfirliyə hücuma laqeyd qalması həm daxili, həm də xarici tərəfdarları qarşısında nüfuzdan düşməsi anlamına gəlirdi. Suriyadakı səfirliyə hücumda öldürülən yüksək rütbəli hərbçilərin hamısı İranın ən sanballı generalları idi. Üstəlik, bu, ilk hücum da deyildi. Qəzza savaşı başlayandan bəri İsrail dəfələrlə həyata keçirdiyi əməliyyatlarda onlarla yüksək rütbəli İran hərbçilərini öldürmüş və bir növ İranı böyük savaşa dəvət etmişdi. Səfirliyə hücumuna qədər İran səbrini qoruya bilmiş, amma son hücum onun üçün bardağı daşıran son damla olmuşdu. O səbəbdən son hücumda birbaşa İranın səfirliyi hədəfə alınmış və onu sanki duelə çağırmışdı. İran bu dueli qəbul etməsəydi, Yaxın Şərqdəki bütün proksi qüvvələri arasındakı nüfuzunu tamamilə itirər və regional gücdən kiçik dövlətə çevrilə bilərdi. Bu isə 45 illik İslam inqilabı ideologiyasının tamamilə iflasa uğraması olardı və İranın özünün taleyini sual altında buraxardı. Dini ideologiyanın iflası İran daxilində milli separatizmin güclənməsinə və onun nəticə etibarilə bir neçə yerə bölünməsinə gətirib çıxarardı. Bu baxımdan İran bu hücuma cavab verməyə məhkum idi”.

İSRA SON.jpg (41 KB)

Siyasi şərhçinin fikrincə, İsrailin bu planı yeni ortaya çıxmış strategiya deyil:

“İsrail 2000-ci illərdən İrana hücum üçün bəhanə axtarırdı. Hətta İsrail rəsmilərinin açıqlamalarına inansaq, Netanyahu 2010-cu ildə dəfələrlə İrana hücuma hazırlaşmış, Vaşinqtonun son anda müdaxilələri ilə bu plan təxirə salınmışdı. Bu dəfə isə hücum üçün münbit şərait yaranmışdı, Netanyahu bu fürsəti fövtə verməzdi”.

İndiyə qədər İsrailin əsas bəhanəsinin İranın nüvə proqramı olduğunu xatırladan həmsöhbətimiz vurğulayıb ki, hazırda Təl-Əvivin əlində “daşdan keçən” yeni “əsaslar” var:

“Bunlardan biri HƏMAS-ın 7 oktyabr hücumunun arxasında İranın dayandığı ehtimalıdır. İran nə qədər bu ehtimalı inkar etsə də, heç kim onun səmimiyyətinə inanmır. Bu inamsızlığın ciddi əsasları var. Bilirsiniz ki, HƏMAS-ın həmin hücumu Hindistanda keçirilən G-20 zirvəsindən qısa müddət sonra baş verdi. Həmin zirvədə region dövlətləri Ədviyyat yolunun İsraildən keçməsini ön görən müqavilə imzaladılar. Müqaviləyə əsasən Hindistanda istehsal olunan mallar körfəz ərəb dövlətləri üzərindən keçərək İsrailə gələcək, ordan isə Yunanıstana və Avropanın digər ölkələrinə nəql olunacaqdı. Ədviyyat yolu projesinin bu variantı ilk növbədə İranın maraqlarına zidd idi. İran həmin malların İran üzərindən Ermənistana, ordan Gürcüstan vasitəsilə Qara dənizə və Avropaya nəqlinin xəyallarını qururdu. Faktiki olaraq bu xəyalların suya düşməsi anlamına gələn məlum müqavilə işləməz hala gətirilməli idi. Bu isə yalnız İsrailin gərginlik ocağına çevrilməsi və qeyri-stabil ölkəyə çevrilməsi ilə həyata keçirilə bilərdi. HƏMAS-ın 7 oktyabr hücumundan sonra keçən 6 ay ərzində Qəzzada baş verənlər faktiki olaraq bu hədəfin reallaşmasına yol açmışdı. Görünür, Təl-Əviv də 7 oktyabr hadisəsinin arxasında İranın dayandığından şübhələnir və bu səbəbdən də onun özünü qarışdırmaq istəyib”.

HEMAS SON.jpg (69 KB)

Heydər Oğuza görə, İranın Oman körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsinin tamamilə çökdürülməsinin ən qalıcı yolu onun özünün parçalanması idi və bu gün İranı böyük müharibəyə çəkmək siyasəti də bu strategiyaya xidmət edir.

Siyasi şərhçi İranın İsrailə hücumu zamanı bəzi müsəlman ərəb ölkələrinin yəhudi dövlətinin tərəfində dayanmasını da bu mənada təsadüfi saymır: “Bilirsiniz ki, İranın İsrailə atdığı raket və silahlı dronların mühüm qismi İordaniya tərəfindən göydə zərərsizləşdirildi. “Wall Street Journal” (WSJ) nəşrinə inansaq, İsrailə əsas kəşfiyyat məlumatları Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən verilmişdi. Üstəlik, husilərin Yəməndən atdığı bir çox ballistik raketlərin məhz Səudiyyə Ərəbistanı tərəfindən göydə vurulması da sirr deyil. İndisə gəlin, G-20 zirvəsində imzalanan “Ədviyyat yolu” müqaviləsinə nəzər salaq. Müqaviləyə əsasən, bu marşrut BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniyadan keçərək İsrailə çatacaq. Görünən budur ki, bu projedə iştirak edəcəyi gözlənən bütün ərəb ölkələri birmənalı olaraq İsrailin yanında yer alırlar. Bunun bir başqa səbəbi isə İranın dəstəklədiyi Həmas-ın bütün ərəb dövlətlərindəki rejimləri təhdid etməsidir. Çünki Fələstin məsələsinin qaşınması ikinci ərəb baharı hərəkatını alovlandıra bilər və region dövlətləri İsrail-İran gərginliyinin əsasını təşkil edən Həmas hücumlarını bu səbəbdən dəstəkləmir və dolayısıyla İranın mövqeyini də özləri üçün təhlükə hesab edirlər”.

O ki qaldı ABŞ-ın İsraili sükuta dəvət etməsinə, Heydər Oğuzun fikrincə, bu məsələdə Vaşinqtonun birmənalı mövqeyi yoxdur:

“Düzdür, Co Bayden Netanyahuya zəng edib əks-hücuma keçməmək barədə göstəriş verdiyi bildirilir. Amma eyni zamanda ABŞ müdafiə naziri Lloyd Ostinin israilli həmkarı Yoav Gallantdan İranın hücumuna qarşı hər hansı mümkün cavab verəcəyi təqdirdə, bu barədə Vaşinqtonu məlumatlandırmasını istəməsi də gələn bilgilər arasındadır. Ostinin bu sözləri İsrailin əks hücuma keçməsinə yaşıl işıq yandırmaq anlamına gəlir və faktiki, Pentaqonla Ağ evin bu məsələdə fikir ayrılığı içərisində olduğunu göstərir”.

AG EV.jpg (99 KB)

İsrailin İrana gözlənilən cavab hücumunun regiona təsirinə gəlincə, Heydər Oğuz hesab edir ki, İran regionda təkləndiyindən onun ətraf ölkələrə ciddi zərər vurmaq şansı yox kimidir:

“İranın regional qonşularından bəziləri ərəb ölkələridir. Ərəb ölkələrinin mövqeyi aydındır. Sadəcə onu əlavə etmək istərdim ki, ABŞ-ın hərbi donanması və hava qüvvələri körfəz ölkələrindədir və onların müdafiəsini öz üzərinə götürüb. İranın bu ölkələrə hücumu ABŞ-la savaşa girmək perspektivi yaradır ki, qonşu dövlətin buna cəsarət edəcəyini inanmıram. Digər region dövləti Türkiyədir və qardaş ölkənin son zamanlar Qərblə münasibətlərini normallaşdırmağa çalışdığını görürük. Hesab edirəm ki, Ankara bu zamanadək aralarında onsuz da soyuq küləklərin əsdiyi İranı dəstəkləyərək Qərblə münasibətlərini yenidən korlamayacaq. Eyni sözləri Pakistan və Əfqanıstan barədə də demək olar. İranla qonşu olmasa belə, regionda əsas söz sahiblərindən biri kimi tanınan Rusiyanın da saqqızı oğurlanmışa bənzəyir. Təsadüfi deyil ki, son gərginliyə səbəb olan İsrailin Suriyadakı İran səfirliyinə hücumu zamanı bölgədəki rus hava hücumundan müdafiə sistemləri söndürülmüş və Suriyanın hava sərhədlərini pozan İsrail təyyarələrinə məlum əməliyyatı keçirmək fürsəti yaratmışdı. Üstəlik, bu, yalnız indi baş verən hadisə də deyil. İsrail hərbi təyyarələri dəfələrlə bənzər əməliyyatlar keçirib və hər dəfə Rusiyanın eyni passivliyi müşahidə olunur. Səbəbinə gəlincə, məncə, bunu bir amillə izah etmək mümkündür. İsrail özünün ABŞ-dakı lobbisinin imkanlarından istifadə edərək Konqresin Rusiyaya qarşı ölümcül qərarlar almasını əngələmək qarşılığında Moskva ilə müəyyən anlaşma əldə edib. Son zamanlar Ukraynaya 60 milyard dollarlıq silah yardımının Konqresdə ilişib qalmasının əsas səbəbi bu ola bilər. Yəhudi lobbisinin bu “rüşvəti”nin qarşılığını isə, belə görünür ki, Moskva İranı qurban verməklə ödəmək niyyətindədir. Başqa sözlə, Ukrayna ABŞ, İran isə Rusiya tərəfindən iki gizli müttəfiqin bir-birinin sağlığına kəsdikləri qurbandan başqa bir şey deyil”.

Siyasi şərhçi bu mürəkkəb tənlikdə ən sadə iki “məchul”dan birinin Türkmənistan, digərinin isə Azərbaycan olacağından ehtiyatlanır:

“Digər region ölkələrinə gücü çatmayan İranın bu iki türk dövlətinə saldırmaq üçün bəhanə axtarması istina deyil. Odur ki, rəsmi Bakı gözlənilən İran-İsrail qarşıdurmasında ehtiyatı əldən verməməli, öz tərəfsizliyini qorumalıdır. Ən azı ona görə ki, İranın parçalanması layihəsində bizim cənublu qardaşlarımıza da ciddi zərər toxuna bilər. Mümkün mərtəbə, rəsmi Bakı onların da təhlükəsizliyini nəzərə almalı və bəzi siyasətləri xüsusi həssaslıqla düşünüb həyata keçirməlidir”.

APREL SON.jpg (179 KB)

Heydər Oğuz qeyd edib ki, gözlənilən gərginlikdə son hədəf İranı parçalamaqdır və hücum nəticəsində zəiflədilən İranda milli azadlıqları məhdudlaşdırılan əksər xalqlardan da istifadə oluna bilər:

“Cənubi Azərbaycanın bu proseslərdən təsirlənməməsi mümkün deyil. Təhlükələrdən biri İranın bombardıman olunması zamanı cənublu qardaşlarımızın can və mal varlığına ziyan dəyməsidirsə, daha ciddi təhlükə kürd separatizmindən istifadə olunması ehtimalıdır. Bilirsiniz ki, İranın Qərbi Azərbaycan ostanlığının Türkiyə ilə sərhədində separatçı qüvvələr məskunlaşdırılıb. İran hakimiyyəti bu siyasətlə guya, Türkiyə ilə Cənubi Azərbaycanın arasında bufer zona yaratmağa çalışırdı. İndi isə həmin problem onun özünün parçalanmasında mühüm alətlərdən birinə çevrilə bilər. Rəsmi Bakı bu təhlükəni gözdən qaçırmamalı və bəzi proflaktik tədbirlər haqda düşünməlidir”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR