İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə Ukrayna müharibəsi Azərbaycanı və bölgəni ac qoya bilərmi?

Natiq Cəfərli: “Qiymətlərin kəskin artmasını insanlarımız yaxın zamanlarda hiss edəcəklər”

Rusiya-Ukrayna müharibəsinin ərzaq qıtlığı, bahalaşma ilə müşayiət olunacağı son günlərdə ən çox müzakirə olunan məsələdir.

TV Müsavatın efirində yayımlanan “Dərin Təhlil” verilişinin qonağı, iqtisadçı ekspert Natiq Cəfərli bu mövzu ilə bağlı maraqlı analitik çıxış edib. Musavat.com gözlənilən bahalaşma ssenariləri ilə bağlı N.Cəfərlinin fikirlərini təqdim edir.

N.Cəfərli: “Rusiya ilə bizim ticarət dövriyyəmiz keçən il 3 milyard dollar civarında idi. 2 milyard dollar biz Rusiyadan mal alırıq. 987 milyon dollar isə satırıq Rusiyaya. Satdığımız malların böyük əksəriyyəti isə kənd təsərrüfatı məhsullarıdır. Kənd təsərrüfatı məhsullarının 70 faizini Rusiyaya satırıq. Burda problem nədir? Satışda problem odur ki, bizim fermer neçəyə satacağını bilmir. Rubl o qədər oynaqdır ki, Rusiyada üç məzənnə rejimi var. Bir Mərkəzi Bankın rəsmi məzənnəsi, bir Mərkəzi Bankın və digərlərinin alış məzənnəsi, bir də qara bazar məzənnəsi var. Bizim fermerimiz öz pomidorunu neçəyə satacağını bilmir. Neçəyə satsın ki, ziyan etməsin.

O ki qaldı idxalımıza, bizim keçən il buğda idxalımız 1 milyon 140 min ton olub. Bunun 907 min tonu Rusiyadandır. Və bu, böyük rəqəmdir. Amma Rusiyadan da almaq sərfəli idi. Çünki ucuz idi. Yerdə qalan 200 mindən bir az yuxarısı Ukrayna və Qazaxıstanın payına düşürdü. İndi Ukrayna bazardan tam çıxıb. Ən azından bu il mümkün deyil. Rusiya da sentyabrın 9-a qədər uzatdılar idxalı. Bizə bu tarixə qədər taxıl satmayacaqlar. Nə baş verir? Azərbaycanın 260-270 günlük taxıl ehtiyatı var. Qazaxıstanla danışıqlar gedir, ordan daha baha qiymətə alacağıq. İnsanımız da hazır olmalıdır ki, taxılın qiyməti qalxdığı üçün un məmulatları və çörəyin qiymətində də artım olacaq. Bu, qaçılmazdır. Rusiya və Qazaxıstan taxılları arasında 70 dollar fərq var idi. İndi zatən taxılın qiyməti dünya bazarında qalxıb, bu da qiymətə təsir edəcək. Daha kritik vəziyyət bitki yağları ilə bağlıdır. Günəbaxan və qarğıdalı yağları dünya bazarında Rusiya və Ukrayna 58 faiz paya malikdir.

Az qala yarıdan çoxu iki ölkənin payına düşür. Bunu əvəz etmək çox çətindir. Qarğıdalı yağının bir başqa alternativ mənbəyi Latın Amerikasıdır, ordan gəlməsi çox bahadır. Bizim bazar onu həzm edə bilməz. Yağ məsələsində problem yaşayacağıq. Bizim yerli istehsalımız yox imiş yerli yağla bağlı. Marketlərdə yerli markaların adı var, amma adları var. Gəmilərdə gəlir, qablara doldururlur, etiket vurulur. Bu sahədə ciddi problem yaşayacağıq. Bitki yağında ay yarımlıq stok var. Taxıl ehtiyatı sahəsində 250-270 günlük stok var. Çörək, buğda məsələsi daha asan həll olunacaq məsələdir, nəinki yağ, süd məhsulları məsələsi, ət məhsulları, tikinti materialları. Qiymətlərin kəskin artmasını insanlarımız yaxın zamanlarda hiss edəcəklər”.

Verilişi tam olaraq aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR