Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti 2024-cü ildə 140 min ton toyuq əti və 100 min ton mal ətinin idxalını rüsumdan azad edib.
Musavat.com xəbər verir ki, Rusiya Nazirlər Kabinetinin müvafiq qərarı dekabrın 21-də imzalanıb və rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
Noyabrın 24-də kabinetin altkomissiyası 2024-cü ildə 100 min tondan çox olmayan mal ətinin idxalına tarif azadlığı verib. Bu məhsulların idxalı üçün baza dərəcəsi gömrük rüsumunun 15 faizini təşkil edir. Dekabrın 12-də 140 min ton quş ətinin idxalı ilə bağlı analoji qərar qəbul edilib. Söhbət dondurulmuş sümüksüz toyuq əti, sümüksüz döş əti və onların hissələrinin tədarükündən gedir. Hazırda bu məhsulların tədarükü üçün gömrük dəyərinin 80 faizi həcmində rüsum tutulur.
Bu kvotalar çərçivəsində idxal olunan mal və quş əti hazır məhsulların, o cümlədən uşaq qidalarının istehsalı üçün nəzərdə tutulub. Bununla bağlı hökumət məhsulların rüsumsuz idxalı üçün zəruri olan sənədlərin idxalçılara verilməsi qaydalarını, xüsusən də rüsumsuz idxal olunacaq mal və quş ətlərinin təyinatına dair təsdiqlərin verilməsi qaydalarını təsdiq edib. Belə sənədlərin verilməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub. Bundan əlavə, nazirlik öz internet səhifəsində kvota qalıqları ilə bağlı məlumatları yerləşdirəcək.
Qəbul edilən qərarlar Rusiyanın ət bazarını hazır məhsulların istehsalı üçün xammalla doldurmaq və onların bahalaşmasının qarşısını almaq məqsədi daşıyır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ