İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hakimiyyəti iri şirkətlərdən “müharibə xərci” almaq niyyətindədir

Rusiya hakimiyyəti iri biznesdən “dava pulu”nu onların təkilif etdiyi formada alacaq. Ölkənin maliyyə naziri Anton Siluanovun “Rossiya 24” telekanalına verdiyi məlumata görə, qeyri neft-qaz sektorundakı iri şirkətlər 2021-2022-ci illərdə əlverişli qiymət şəraitində əldə etdikləri yüksək gəlirin bir hissəsini vergi şəklində bu il dövlətə verəcəklər.

Xatırladaq ki, Rusiya hakimiyyəti artan müharibə xərclərini qarşılamaq üçün ötən ilin dekabrından almaz, kömür, metallurgiya və sair sahələrdə çalışan böyük şirkətlərdən birdəfəlik “könüllü” ödəniş almaq qərarına gəlmişdi. Bu ödənişin şirkətlərin 2022-ci ildə əldə etdikləri xalis mənfəətin 50 faizi həcmində olacağı planlaşdırılırdı.

Fevral ayında açıqlanan məlumatdan aydın oldu ki, şirkətlər birbaşa ödəniş etmək istəmirlər. Əvəzində onlar gəlir vergisinin artırılmasını təklif edirlər. Bir neçə ay hökumətlə davam edən müzakirələrdən sonra tərəflər 2021-2022-ci illərdə əldə olunan xalis mənfəətdən əlavə verginin ödənməsi barədə razılığa gəliblər. Bunun üçünsə qanunvericiliyə dəyişiklik ediləcək.

Siluanovun dediyinə görə, Maliyyə Nazirliyi bu yolla büdcəyə 300 milyard rubla qədər əlavə vəsaitin daxil olmasını gözləyir.

Rusiya Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2022-ci ilin birinci yarısında iri şirkətlər 16,6 trilyon rubl xalis mənfəət əldə ediblər ki, bu da 2021-ci ilin eyni dövründəkindən 32 faiz çoxdur. Lakin ilin ikinci yarısında gəlirlər kəskin azalıb, nəticədə 9 ayda əldə olunan 20,2 trilyon rublluq mənfəət 2021-ci ilin eyni dövründən 2,7 faiz az olub.

2021-ci ilin yekununda isə iri şirkətlərin xalis mənfəəti 2020-ci illə müqayisədə 2,6 dəfə artaraq 29,65 trilyon rubl təşkil etmişdi.

Nazir bildirib ki, yanacaq-enerji kompleksinə daxil olan şirkətlərdən belə vergi alınmayacaq, çünki onların yükü onsuz da ağırdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar ayında Rusiyanın dövlət büdcəsində 1,76 trilyon rubl(təxminən 25 milyard dollar) həcmində kəsir yaranıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR