İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya “deepfake”lərlə Ukrayna ilə müharibəyə tərəfdar yığır - Kremlin yeni təhlükəli silahı

Qazaxıstanın dövlət məmurları və digər tanınmış şəxslərin adından qazaxları Rusiyanın Ukraynadakı müharibəsində iştiraka təşviq edən saxta videolar dalğası yayılıb. Saxta videolar yüksək vəzifəli məmurları, o cümlədən Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, vilayət qubernatorları, jurnalistlər və iş adamlarını hədəf alıb. Videolardan birində Murat Nurtleu deyir ki, Rusiya hərbi təyyarələrinin Qazaxıstanın hava məkanı üzərində uçması təbiidir. Qazaxıstan Xarici İşlər Nazirliyi bu videonu saxta adlandırıb. Həmçinin Qazaxıstan baş nazirinin müavini, Kostanay və Şimali Qazaxıstan vilayətlərinin qubernatorları, jurnalist Qazizə Raimbek və müğənni Əlişir Kərimovun adlarının çəkildiyi saxta videolar yayılıb. "Bütün pərəstişkarlarımı müqavilə imzalamağa dəvət edirəm. Orada həqiqətən yaxşı şərait, yüksək maaş və özünü əsl kişi kimi göstərmək imkanı var", - məşhur müğənni Əlişir Kərimov saxta videoda bildirib.

Medianı izləyən təşkilatlar bu cür saxta videoların Qazaxıstandan əvvəl Özbəkistanda yayıldığını müşahidə ediblər. Belə videoların birində onlar Özbəkistan Senatının rəhbəri Tənzilə Norboyevanın Ukraynadakı müharibədə özbəklərin iştirakının əsaslandırıldığı video və səsindən istifadə ediblər. Özbəkistan Senatı bu saxta videonu təxribat adlandırıb və onun yalanını ifşa edib. Özbəkistan rəsmiləri bildiriblər ki, bu cür saxta videolar süni intellektdən istifadə edilməklə hazırlanır.

Bundan əvvəl məşhur özbəkistanlı ağırlıqqaldıran Ruslan Nuriddinovun saxta videosu yayılıb və orada ağır atletin Ukrayna müharibəsində iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağladığı barədə yalan məlumat yayılıb. Məşhur qazax jurnalisti Qaziza Raimbek sifətindən və səsindən sui-istifadə edildiyini yazıb: “Mən jurnalist deyiləm, beynəlxalq qərar qəbul edən nüfuzlu adamam” o, saxta videoya gülüb. Qazaxıstanın “Chinovnik” Teleqram kanalının məlumatına görə , Shyndyk.kz saytı Rusiyadakı hesablara və telefon nömrələrinə bağlı bir qrup şəxs tərəfindən həyata keçirilən informasiya hücumunun mərkəzləşdirilmiş xarakterini müəyyən edib.

Qazaxıstan parlamentinin deputatı bildirib ki, hazırda Qazaxıstanda saxta və çaşdırıcı xəbərlərin yaradılması və yayılmasına görə cinayət məsuliyyəti məsələsinə baxılır.

Cavanşir Abbaslı: “AĞ Partiya bu gün üzv qəbulunda ilk sıradadır”

Siyasi şərhçi Cavanşir Abbaslı Musavat.com-a deyib ki, rus hakerlərin süni intellektdən (AI) istifadə etməklə Qazaxıstan və Özbəkistan rəsmilərinin adından saxta videolar yayması bir neçə ciddi tendensiyanın və təhlükəli geosiyasi niyyətin göstəricisidir:

“Bu hadisə bir informasiya müharibəsi strategiyası kimi qiymətləndirilə bilər. Rusiya təcridə qarşı "yumşaq güc" vasitəsilə müttəfiq axtarır. Ukraynaya qarşı işğalçı müharibəsində beynəlxalq təcridə məruz qalan Rusiya, MDB məkanında ictimai rəyi manipulyasiya etməklə özünə dəstək qazandırmağa çalışır. Qazaxıstan və Özbəkistan kimi neytral və balanslı siyasət yürütməyə çalışan ölkələrin ictimaiyyətinə təsir göstərərək, onları ya neytrallıqdan imtinaya, ya da susqun dəstəyə sövq etmək niyyəti güdülür”.

Cavanşir Abbaslının sözlərinə görə, bu texnologiyalar və təbliğat vasitələri yalnız Mərkəzi Asiya ilə məhdudlaşmır. “Azərbaycanda da ictimai rəyi çaşdırmaq, milli birliyi sarsıtmaq məqsədilə zaman-zaman saxta informasiyalar, manipulyativ videolar və “deepfake” texnikasına yaxın təsirli məzmunlar dövriyyəyə buraxılıb. Ən yaxın misal kimi 44 günlük müharibədən sonra Qarabağla bağlı saxta sülh çağırışları və təxribat xarakterli video montajları göstərilə bilər. Bu alətlərin genişlənməsi Azərbaycanın da informasiya müstəvisində öz təhlükəsizliyini daha güclü şəkildə qorumasını tələb edir,” – deyə o bildirib.
O qeyd edib ki, süni intellektin informasiya müharibəsində silaha çevrilməsi, deepfake texnologiyalarının istifadəsi informasiya manipulyasiyasının yeni mərhələyə keçdiyini göstərir:

“İnsan səsinin və sifətinin yüksək dəqiqliklə imitasiya olunması artıq adi təbliğat vasitələrini keçib, psixoloji və sosial sabitliyə yönəlmiş kiber-silah forması alıb. Baş verənlər Qazaxıstan və Özbəkistanın dövlət suverenliyinə qarşı hibrid təhdiddir. Bu saxta videolarla təkcə şəxslərin nüfuzu deyil, bütövlükdə dövlətlərin mövqeyi hədəfə alınır. Xüsusən də müstəqil xarici siyasət yürütməyə çalışan, Kremlə açıq hərbi dəstək verməyən ölkələrin içəridən sarsıdılması, cəmiyyətin çaşdırılması və ictimai qütbləşmənin artırılması məqsəd qoyulur”.

Siyasi şərhçi vurğulayıb ki, Qazaxıstan və Özbəkistanda baş verənlər regional sabitliyə təhdiddir:

“Bu təxribatlar təkcə Qazaxıstan və Özbəkistana deyil, bütün Mərkəzi Asiya regionuna yönəlmiş təhlükədir. Əgər bu cür saxta videolar ictimai etimadı sarsıdırsa, bu, milli birliyə və hökumətə inamın azalması ilə nəticələnə bilər. Belə vəziyyətlərdə xarici təsirlərə qarşı müqavimət zəifləyir. Azərbaycanın da bu təcrübədən dərs çıxarması, süni intellektin sui-istifadəsinə qarşı hüquqi və texnoloji mexanizmlərini gücləndirməsi vacibdir”.

O əlavə edib ki, Qazaxıstan parlamentinin saxta xəbərlərə görə cinayət məsuliyyəti məsələsini gündəmə gətirməsi bu sahədə hüquqi boşluqların mövcudluğunu göstərir. Azərbaycanda da bu istiqamətdə təkmil hüquqi tənzimləməyə ehtiyac var.

“Rusiya informasiya cəbhəsində məğlub olduqca bu cür texnologiyalara müraciətləri də artacaq. Əgər bir ölkə rəsmi və açıq şəkildə öz arqumentlərini müdafiə edə bilmirsə, bu, onu qeyri-leqal, saxta, manipulyativ vasitələrə əl atmağa məcbur edir. Bu təbliğat kampaniyası da Rusiyanın Ukrayna müharibəsi ilə bağlı beynəlxalq mediada və ictimai rəy arenasında uduzmasının nəticəsidir. Bu saxta videolar, süni intellektin sui-istifadəsi ilə aparılan yeni nəsil informasiya müharibəsinin bariz nümunəsidir. Bu, dövlətlərin informasiya təhlükəsizliyi siyasətində fundamental dəyişikliklərin zəruriliyini göstərir. Əks halda, ölkələr müharibəyə sürüklənə bilər”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR