İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycanda Türkiyə hərbi bazasına qarşı - Moskva lap ağını çıxardı...

Hərbi ekspert: “Türkiyə ilə Azərbaycanı NATO deyil, qardaşlıq telləri bağlayır, bunu Kreml anlamalı və bilməlidir ki, müstəqil Azərbaycan öz qardaşı ilə hərbi müttəfiqliyini dərinləşdirmək üçün Rusiyadan icazə almalı deyil”

“Rusiya Cənubi Qafqazda NATO infrastrukturunun yaranması ehtimalına mənfi münasibət bəsləyir”. Bunu son həftəlik brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə və Azərbaycanın “tək millət - iki dövlət” tezisi əsasında HAKİM vahid hava idarəetmə sisteminin yaradılması planlarını şərh edərkən deyib.

“Rusiya tərəfi Cənubi Qafqaz regionunda NATO-nun daimi və ya qeyri-daimi infrastrukturunun mümkün yaranmasına dəfələrlə mənfi münasibət bildirib və bizim mövqeyimiz dəyişməz olaraq qalır”, - deyə Zaxarova faktiki rəsmi Bakıya qarşı narazılığını ifadə edib.

Azərbaycanın qardaş Türkiyə ilə hərbi ittifaqı gücləndirməsinin, o cümlədən vahid hava idarəetmə sistemi yaratmasının Rusiyaya nə dəxli? Yoxsa bu məsələdə də Moskvadan icazə almalıyıq? Rusiya nədən narahatdır? Axı qardaş ölkə NATO üzvündən daha çox Rusiyanın özü ilə normal münasibətdə olan müstəqil hərbi və regional gücdür. Eyni zamanda Azərbaycanın təbii strateji müttəfiqidir. İki ölkə arasında Şuşa Bəyannaməsi də var - hansı ki, baza məsələsini mümkün edir. Belə çıxır, sabah ölkəmizdə Türkiyə hərbi bazasının qurulmasına da Rusiya etiraz edəcək?

Zaxarova: Türkiyənin mövqeyini bölüşmürük, qəbuledilməzdir!

Bu xüsusda diqqət çəkən daha bir detal. Zaxarovanın açıqlaması ilə eyni gündə məlum olub ki, Moskva Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyəti üçün zəruri olan malların “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə daşınması xahişi ilə Azərbaycana müraciət edib. Azərbaycan tərəfi isə haqlı olaraq bildirib ki, maddi-texniki təminat bundan sonra yalnız Dağıstandan Bərdəyə, oradan Ağdama, oradan isə Xankəndinə dəmir yolu vasitəsilə mümkündür. Yəni əgər Rusiya sülhməramlı kontingentini təchiz etmək istəyirsə, bunu Ermənistandan deyil, yalnız Azərbaycan ərazisindən keçməklə etməlidir.

Bakı haqlı olaraq oxşar təkliflə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə də müraciət edib. “Əgər siz Xankəndinə humanitar yüklər çatdırmaq istəyirsinizsə (söhbət xəstəxanaya yerləşdirilməsi zəruri olan xəstələrdən yox, lojistik yüklərdən gedir), buyurun, biz onların Azərbaycan ərazisindən keçirilməsinə hazırıq, lakin bu, "Laçın" sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün deyil", - deyə müraciətdə qeyd edilib.

Rusiyanın Bakının cavabına reaksiyasını əslində Zaxarovanın açıqlamasından hiss eləmək olar. Kremlin son günlər erməni separatçılarına dəstəyini artırması da nəzərə alınarsa, sual yaranır: görəsən, Rusiya nə vaxt Azərbaycanın suverenliyinə sözdə yox, əməldə hörmət edəcək? Ötə yandan, Bakının kiminlə hərbi əməkdaşlıq eləməsinin Moskvaya nə aidiyyəti var?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, imperiya ambisiyalarını kənara qoymayan Rusiyanın Azərbaycan da daxil, keçmiş sovet respublikalarının daxili işlərinə hələ də müdaxilə eləməsi “təbiidir”: “Rusiya uzun illər ərzində məcburən öz tərkibində müxtəlif adlar altında saxladığı respublikaların ərazisini sanki indi də öz ərazisi sayır. Zaxarovanın açıqlaması da bunun sübutudur. Azərbaycan müstəqil dövlətdir və qardaş Türkiyə ilə Şuşa müqaviləsi imzalayıb. Azərbaycan-Türkiyə müttəfiqliyi imkan verir ki, Azərbaycan istədiyi vaxt öz ərazisində Türkiyənin hərbi bazasını yerləşdirsin. Buna Rusiyanın və ya başqa bir dövlətin qarışmaq hüququ yoxdur. Rusiya düşünür ki, Türkiyə və Azərbaycanın “tək millət - iki dövlət” tezisi əsasında HAKİM vahid hava idarəetmə sistemini qurması Türkiyəyə  Xəzəryanı türk respublikalarının hamısının hava məkanını qorumaq imkanı verə bilər. Ona görə də buna heç cür imkan vermək istəmir. Hətta bu gün Rusiyanın Türkiyə ilə və Azərbaycanla ikitərəli münasibətləri yüksək səviyyədə olmağına baxmayaraq Moskva yenə də Türkiyənin bölgədə təsir rıçaqlarının artmasını istəmir. Azərbaycandan Rusiyaya qarşı heç zaman təhlükə yoxdur. Ancaq yenə də Rusiya Azərbaycanın Türkiyə ilə hərbi ittifaqının bazaların Azərbaycanda yerləşdirilməsinə qədər inkişafına qarşı olduğunu gizlətmir. Sadəcə olaraq, bunu NATO bəhanəsi ilə dilə gətirir. Türkiyə NATO-nun üzvüdür və Moskva məsələni belə qələmə verir ki, Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşməsi NATO-nun bölgədə yerləşməsi deməkdir. Unudur ki, Türkiyənin Azərbaycanla qardaşlığının, müttəfiqliyinin NATO ilə bağlılığı yoxdur. Yəni Türkiyə NATO-nun üzvü olmasaydı belə, Azərbaycanla münasibətləri qardaşlıq münasibətləri olacaqdı. Türkiyə ilə Azərbaycanı NATO deyil, qardaşlıq telləri bağlayır. Bunu Rusiya anlamalı və bilməlidir ki, müstəqil Azərbaycan öz qardaşı ilə hərbi müttəfiqliyini dərinləşdirmək üçün Rusiyadan icazə almalı deyil. Azərbaycan öz təhlükəsizliyini necə qorumaqda müstəqildir".

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR