Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının 27 ölkəsinin səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya dəstək üçün yönəldilməsinə dair yekun qərar qəbul ediblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen təsdiqləyib.
O, özünün X hesabında “Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukrayna üçün istifadə edilməsi təklifimizlə bağlı bugünkü razılaşmanı” alqışladığını yazıb və əlavə edib ki, həmin pulla silah almaq "Ukraynanı və bütün Avropanı daha təhlükəsiz yerə çevirəcək".
Öz növbəsində, Aİ Şurasında Belçika sədrliyi səfirlərin "bu pulun Ukraynanın yenidən qurulmasına və onun hərbi müdafiəsinə xidmət edəcəyinə dair prinsipial razılığa gəldiyini" bildirib.
Bu qərar indi Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməlidir. Avropa Komissiyası bu yolla 2024-cü ildə 2 milyard avrodan 3 milyard avroya qədər vəsait toplamaq niyyətindədir. Bu vəsaitin 90 faizinin Ukrayna üçün silah alınmasına, 10 faizinin isə hərbi-sənaye kompleksinə investisiyalar üçün istifadə olunacağı gözlənilir. Vəsaitlərin ilk daxilolmalarının iyul ayında başlanacağı gözlənilir.
Bundan əvvəl Euroclear depozitarının icraçı direktoru Valeri Urban Avropa İttifaqının Rusiya aktivlərindən gəlirlərin Ukraynaya ötürülməsi sxemini açıqlamışdı. Onun sözlərinə görə, AK-nin faktiki olaraq alacağı məbləğ 25 faiz Belçika vergisini ödədikdən sonra Rusiya aktivlərinin yenidən investisiyasından xalis mənfəətin 87-89 faizi arasında olacaq. Euroclear israr edir ki, xalis mənfəətin 11 faizdən 13 faizə qədəri investorların öz vəsaitlərini geri qaytarmaq üçün iddiaları riskini ödəmək üçün şirkətin hesablarında qalmalıdır.
Avropa Komissiyası 2024-cü ilin əvvəlində “dondurulmuş aktivlərdən əldə edilən gəlirin Rusiyaya aid olmadığını” əsaslandıran qətnamə qəbul edərək, Rusiya aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi istiqamətində ilk praktik addımı atıb.
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ