Onlayn ictimai-siyasi qəzet
Rublun davamlı zəifləməsi Rusiya Bankının əsas məzənnəni artırmaq ehtimalını gündəmə gətirir.
Bu, iqtisadi artım tempinə də təsirsiz ötüşməyə bilər.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı ekspertlər “RİA Novosti”yə açıqlamalarında mühüm məqamları qeyd ediblər.
İnflyasiyanın artımı və faiz dəyişikliyi ehtimalı ilə bağlı “BCS World of Investments” şirkətinin şəxsi brokeri Maksim Kloçkov bildirib ki, rublun dəyər itirməsi inflyasiya risklərini artırır. Onun sözlərinə görə, bu tendensiya dekabr ayında keçiriləcək Mərkəzi Bank iclasında faiz artımına səbəb ola bilər. Kloçkov əlavə edib ki, rublun ucuzlaşması idxal məhsullarının qiymətlərini yüksəldir və satıcılar bu xərcləri alıcılara ötürərək ümumi qiymət artımını sürətləndirir.
Rusiya İqtisad Universitetinin mütəxəssisi Svetlana Frumina isə qeyri-sabit məzənnənin iqtisadi balanssızlığa səbəb olduğunu vurğulayıb. O qeyd edib ki, belə vəziyyətlər xüsusilə yerli sənaye və kiçik biznes üçün çətinliklər yaradır və ümumilikdə iqtisadi artımı ləngidə bilər.
Çərşənbə günü beynəlxalq “Forex” bazarında dolların məzənnəsi 114 rublu, avro isə 120 rublu keçib. Moskva birjasında yuanın dəyəri isə 15 rubldan yüksək olub. Bu şərtlər altında Rusiya Bankı xarici valyuta alışını ilin sonuna qədər dayandırdığını açıqlayıb və təxirə salınmış alışların 2025-ci ildə həyata keçiriləcəyini bildirib.
Hazırkı vəziyyətin həm daxili bazara, həm də ümumi iqtisadi proqnozlara təsiri ilə bağlı əlavə qərarların verilməsi gözlənilir.
Ekspertlər rus rublunun ucuzlaşmasının Azərbaycana da təsirsiz ötüşməyəcəyini deyirlər. Bəs yaxın müddətdə milli valyuta ilə bağlı gözləntilər nədir? Nəzərə alsaq ki, neftin qiyməti ilə bağlı proqnozlar ürəkaçan deyil. Yaxınlarda devalvasiya olacaq?
İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a deyib ki, Rusiyada iqtisadi vəziyyət müharibə ilə əlaqədar daha da çətinləşib, rublun məzənnəsinin sabit qalması müəyyən suallar doğurur: “Sözsüz, bu baxımdan Rusiya bizim əsas ticarət tərəfdaşımızdır və qeyri-neft sektorunun böyük bir hissəsi Rusiya bazarına bağlıdır. Rublun məzənnəsinin zəifləməsi ölkəmizə də təsirini göstərə bilər. Bu, ixracla məşğul olan sahibkarlarımızın gəlirlərinin azalmasına səbəb ola və ölkə iqtisadiyyatına müəyyən təsir göstərə bilər.
Bu gün bəzi MDB dövlətlərində qeyri-sabitlikdir, Qazaxıstanda da iqtisadi qeyri-sabitlik və valyutanın ucuzlaşması müşahidə edilir. Bununla belə, hesab edirəm ki, hazırda ölkəmizin makroiqtisadi göstəriciləri sabitdir. Valyuta ehtiyatlarımız kifayət qədərdir, bu da manatın məzənnəsinin növbəti aylarda sabit qalacağına əsas yaradır. Qeyd etmək lazımdır ki, bizdə manatın məzənnəsi yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Son sözü Mərkəzi Bank deyə bilər. Çünki bizdə üzən məzənnə deyil, tənzimlənən məzənnədir. Gələn il manatın məzənnəsinin sabit qalması bir neçə əsas faktora bağlı olacaq. Bu, neftin dünya bazarındakı qiymətindən, dövlət büdcəsinin gəlirlərindən, ölkəyə daxil olan valyuta axınından və ixrac göstəricilərindən asılı olacaq. mühüm rol oynayır. Ölkənin xarici borcunda da müəyyən artımlar var. Bu da müəyyən risklər yarada bilər”.
Afaq Mirayiq,
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ