Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinlə “Vətən Müdafiəçiləri” təşkilatının üzvləri arasında keçirilən görüşdə iştirakçılardan biri ukraynalı uşağı oğurladığını açıq şəkildə etiraf edib.
Öz oğlunu Ukraynaya qarşı müharibədə itirdiyini bildirən Olqa Doroxina, Xerson bölgəsinə təşkil olunan “humanitar səfər” zamanı dörd yaşlı bir ukraynalı qızı “tapdığını” deyib.
“O, artıq ailəmizin bir hissəsidir, hələ ki, rəsmi qəyyumluq altındadır, amma bunun üzərində işləyirik”, – deyə Doroxina bildirib.
Musavat.com "Bild" nəşrinə istinadla yazır ki, Putin qadının bu açıqlamasına reaksiya verməyib və uşağın ailəsinin olub-olmaması ilə bağlı heç bir sual verməyib.
Halbuki bu etiraf beynəlxalq hüquqa görə müharibə cinayətidir – Ukraynalı uşaqların kütləvi oğurlanması artıq Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin istintaq predmetidir.
Ukrayna rəsmilərinin məlumatına görə, indiyə qədər 20 000-ə yaxın uşaq Rusiya tərəfindən qanunsuz şəkildə qaçırılıb. Onların bir qismi bombardmanlar zamanı valideynlərini itirib, digərləri isə Rusiyanın “istirahət düşərgələrinə” göndərildikdən sonra geri qaytarılmayıb.
Bütün bunlara görə Haaqa Məhkəməsi Vladimir Putinin və Rusiya Prezident Administrasiyasında uşaq hüquqları üzrə komissar Mariya Lvova-Belovanın həbsinə order verib. Lvova-Belova şəxsən Mariupoldan oğurlanmış bir uşağı “özü böyütdüyünü” etiraf edib.
Bu son etiraf bir daha təsdiq edir ki, Rusiya Ukraynalı uşaqları sistemli şəkildə qaçırır və onları assimilyasiya edir. Ukrayna və beynəlxalq təşkilatlar bu məsələyə görə Rusiyanın daha sərt sanksiyalarla üzləşməli olduğunu bildirirlər.
Musavat.com
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ