Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan büdcəsindən maliyyələşən rusdilli məktəblər bağlanmalıdır”. Bu səs-küylü açıqlamanı “Tv Musavat”ın canlı efirində tanınmış aparıcı Kamran Həsənli verib.
O, AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Azərbaycanla kəskinləşən münasibətlərindən danışıb. Aparıcı qeyd edib ki, Azərbaycan tərəfi daha da qətiyyətli addımlar atmalı və büdcəmizdən maliyyələşən rusdilli məktəbləri bağlamalıdır. “Necə ki, özəl ingilisdilli məktəblər var, onlar da elə. Pullu olsun”, - deyib.
Ceyhun Məmmədov
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, bu məsələdə bir neçə mühüm və vacib məqamlar var ki, onlar nəzərə alınmalıdır:
“Zaman-zaman İran və Rusiya ilə fikir ayrılıqlarımız yaranır, bəzən isə qarşıdurma səviyyəsinə qədər gedib çıxır. Ancaq bütün hallarda prinsipial və qətiyyətli mövqe nümayiş etdirməklə yanaşı, qonşu dövlətlərlə münasibətlərimizi qorumağa çalışmalıyıq.
Rusiyanın tarix boyu Azərbaycana münasibəti, baş verən proseslər və hadisələr hər kəsə məlumdur. Son təyyarə qəzası isə Azərbaycan xalqında ciddi etiraz doğurdu və kəskin mövqe ilə qarşılandı. Ölkə Prezidenti bu məsələyə çox haqlı olaraq sərt və qəti mövqeyini ortaya qoydu.
Rus dili məsələsinə gəldikdə isə, bu gün rus dilini vətəndaşlarımızın bilməsi zəruridir. Çünki hazırkı informasiya müharibəsi şəraitində rus dili bizim üçün önəmlidir və rusdilli auditoriya ilə sıx işləməliyik. Bu, hər kəsin nəzərə almalı olduğu bir məsələdir.
Bununla yanaşı, bəzən real vəziyyətlərdən danışıldıqda və dövlətlərarası münasibətlər nəzərə alındıqda, bəzi insanlar ictimai xadimləri və ya millət vəkillərini ruspərəstlikdə ittiham etməyə çalışırlar. Bu, yanlışdır və qəbul edilməməlidir. Hazırkı dövrdə Rusiyada kifayət qədər azərbaycanlı, eləcə də Azərbaycanda Rusiya vətəndaşları yaşayır. Buna görə də dünyanın qarışdığı, mürəkkəb proseslərin getdiyi bir vaxtda Rusiyaya qarşı düşmən mövqeyi nümayiş etdirmək, rus dili ilə bağlı yanlış fikirlər səsləndirmək doğru deyil.
Bəli, biz Rusiyanın son addımlarına görə hiddətliyik və bu məsələdə ən qətiyyətli mövqeni Prezident İlham Əliyev ortaya qoyub. Amma bu səbəblə rus dilinə, ümumiyyətlə, rus xalqına və mədəniyyətinə qarşı müharibə etməməliyik. Rusiya və İran bizim böyük qonşularımızdır. Biz prinsipial mövqe nümayiş etdirməli, sərt reaksiya verməliyik, amma eyni zamanda diplomatik münasibətlərimizi və əlaqələrimizi davam etdirməliyik.
Eyni zamanda nəzərə almalıyıq ki, Azərbaycanda səsləndirilən fikirlər və irəli sürülən yanaşmalar Rusiya tərəfindən çox diqqətlə izlənilir və bəzi hallarda əleyhimizə istifadə edilir. Onsuz da bu məsələ tədricən öz-özünü tənzimləyəcək. Artıq bu proses təbii formada gedir: Azərbaycanda yaşayan ruslar köçür, bəzi məktəblərdə rus bölmələri bağlanır. Doğrudur, bəzi vətəndaşlarımız övladlarının rus dilində təhsil alması üçün çalışır. Ancaq ümumi prosesə baxdıqda və əvvəlki dövrlə müqayisə etdikdə, bu prosesin təbii yolla azaldığını və bəzi siniflərin bağlandığını görürük".
Təhsil eksperti Kamran Əsədov isə qeyd edib:
“Azərbaycan Konstitusiyasının 45-ci maddəsinə əsasən, hər bir şəxs ana dilində təhsil almaq hüququna malikdir. Lakin burada bir sual yaranır: dövlət büdcəsindən maliyyələşən məktəblərdə rus dilində təhsilin təmin edilməsi bu hüququn bir tərkib hissəsidirmi, yoxsa Azərbaycan dilinin prioritetliyi pozulurmu? Əlavə olaraq, Təhsil Haqqında Qanunun 5-ci maddəsində təhsilin milli maraqlara xidmət etməsi vurğulanır. Buna görə də rusdilli məktəblərin fəaliyyəti milli maraqlara nə dərəcədə uyğun olması kontekstində dəyərləndirilməlidir.
Dünya təcrübəsinə baxdıqda, bir çox ölkələrdə milli dilin təhsildə prioritetliyi qorunur. Məsələn, Fransada təhsil əsasən fransız dilində aparılır və digər dillərdə tədris yalnız özəl məktəblərdə mümkündür. Almaniyada isə çoxdilli təhsil modelləri mövcuddur, lakin dövlət məktəblərində əsas tədris dili alman dilidir. Qazaxıstan bu məsələdə daha sərt yanaşma tətbiq edərək, təhsil sistemində qazax dilini əsas dil kimi qəbul edib və rus dilində tədris yalnız məhdud məktəblərdə aparılır. Bu ölkələrdə əsas məqsəd milli dəyərləri qorumaq və mədəni inteqrasiyanı təmin etməkdir.
2023-cü ildə təhsilə dövlət büdcəsindən 3.8 milyard manat ayrıldığı nəzərə alınarsa, rus bölməsi üçün ayrılan vəsaitin təqribi hesablamalarla 300-400 milyon manat civarında olduğu ehtimal edilə bilər. Bu isə Azərbaycanın dövlət büdcəsi üçün nəzərəçarpacaq bir yükdür.
Latviyada rus dilində tədris edən məktəblərin sayı son illərdə kəskin şəkildə azaldılıb. Hazırda dövlət məktəblərində əsas tədris dili latış dilidir, rus dili yalnız əlavə dil kimi öyrədilir. 2000-ci illərin əvvəllərində Latviyada rusdilli şagirdlərin sayı 25%-i keçirdi, lakin 2022-ci ilədək bu göstərici 5%-dən aşağı düşüb. Latviyanın bu siyasəti milli dilin qorunmasını təmin etsə də, rusdilli azlıqlar arasında narazılıqlara səbəb olub və beynəlxalq arenada tənqid edilib.
Azərbaycanda rus bölməsində təhsil alan şagirdlər arasında akademik göstəricilər, bəzi hallarda, milli bölmədə təhsil alan şagirdlərə nisbətən yüksək olur. Məsələn, 2022-ci ildə buraxılış imtahanlarında rus bölməsinin orta bal göstəricisi Azərbaycan bölməsindən təxminən 8% yüksək olub. Bunun əsas səbəblərindən biri həmin məktəblərdə müəllimlərin daha təcrübəli olması, tədris materiallarının daha keyfiyyətli təmin edilməsi və şagirdlərin motivasiyasının yüksək olmasıdır. Bununla belə, rus bölməsində təhsil alan şagirdlərin bir qismi Azərbaycan dilini zəif mənimsəyir. Bu, onların cəmiyyətə inteqrasiyasını çətinləşdirir və milli dəyərlərin qorunmasında problemlər yaradır".
Ekspert bildirib ki, statistikaya görə Azərbaycanda 2023-cü ilin məlumatlarına əsasən, orta məktəblərdə təhsil alan şagirdlərin təxminən 10%-i rus bölməsində təhsil alır:
“Bu, 150 mindən çox şagird deməkdir. Onların böyük əksəriyyəti Bakı və Sumqayıt kimi iri şəhərlərdə cəmləşib. Bu məktəblərin bağlanması və ya pullu edilməsi bu şagirdlərin təhsilinə necə təsir edəcək? Təhsil hüququ pozulmayacaqmı? Bu suallar mütləq nəzərə alınmalıdır.
Rusdilli məktəblərin bağlanmasının müsbət tərəflərinə gəlincə, bu addım dövlət büdcəsinə yükü azalda bilər. Eyni zamanda, milli dilin və mədəniyyətin təhsil sistemində daha güclü mövqe tutmasına şərait yarada bilər. Bununla belə, belə bir addım bəzi neqativ təsirlərə də səbəb ola bilər. Məsələn, rus dilində təhsil almaq istəyənlərin sayı azalarsa, bu, Azərbaycanın beynəlxalq münasibətlərində və rusdilli regionlarla əlaqələrində müəyyən çətinliklər yarada bilər. Bundan əlavə, bu məktəblərdə təhsil alan şagirdlər və onların valideynləri arasında sosial narazılıq yarana bilər.
Məsələnin mənfi tərəflərindən biri də odur ki, rus dilində təhsilin dayandırılması Azərbaycanda çoxdillilik ənənəsinə və mədəni müxtəlifliyə zərbə vura bilər. Rus dili yalnız keçmiş SSRİ dövründən qalan miras deyil, həm də beynəlxalq aləmdə istifadə olunan dillərdən biridir. BMT-nin 6 rəsmi dilindən biri olan rus dili, Azərbaycandan xaricdə təhsil almaq və ya işləmək istəyənlər üçün önəmli bir vasitədir. Beləliklə, bu məktəblərin bağlanması, qlobal bilik əldə etmə imkanlarını məhdudlaşdıra bilər.
Dünya təcrübəsi göstərir ki, məsələyə radikal deyil, balanslı yanaşmaq daha effektivdir. Dövlət rusdilli məktəblərin fəaliyyətini tamamilə bağlamaq əvəzinə, onların təhsil proqramlarını yenidən nəzərdən keçirə və Azərbaycan dili və mədəniyyətinə daha çox önəm verilən qarışıq model tətbiq edə bilər. Məsələn, Qazaxıstanda tətbiq edilən “üçdilli təhsil” modeli bu məsələyə maraqlı nümunədir. Bu modeldə milli dil prioritet olaraq qalır, lakin rus və ingilis dillərinə də kifayət qədər yer ayrılır".
Kamran Əsədov deyib ki, bu mövzu emosional deyil, strateji şəkildə müzakirə edilməlidir:
“Azərbaycanda təhsil sistemindəki dəyişikliklər yalnız qısamüddətli siyasi maraqlara deyil, uzunmüddətli milli maraqlara və cəmiyyətin inkişafına xidmət etməlidir. Rusdilli məktəblərin bağlanması və ya pullu edilməsi qərarı, cəmiyyətin ehtiyacları, təhsil hüququ və Azərbaycanın beynəlxalq mövqeyi nəzərə alınaraq qəbul edilməlidir”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ