İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus keşiş çeçen generalı necə “sındırdı”...

Bu günlərdə Rusiyada qəribə bir hadisə olub. Xüsusi təyinatlılarından ibarət “Axmat” polkunun komandiri general Apti Alaudinov pravoslav keşişdən üzr istəyib, bağışlanmasını rica edib.

Bu, o Alaudinovdur ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun iki ən yaxın adamından biridir. O, 3 ildən çoxdur ki, özünü “əlinin üstündə əl olmayan Teymur oğlu Miranşah” kimi aparır. Alaudinov, demək olar ki, hər gün Ukraynaya hədə biçir, Rusiyanın özündə generallara ağıl verir, onlara cəsurluq dərsi keçir, hərb məsələlərə, ictimai-siyasi işlərə, ümumiyyətlə, hər şeyə qarışır.

Budur, belə bir odioz şəxs keşişdən üzr istəməli olub.

Əslində isə üzr istəməli şəxs elə keşişin özü idi. Qavriil adlı din adamı moizə oxuyarkən deyib ki, Qurban bayramına toplaşan dindarlar “sağlam müsəlmanlar ordusu”dur və onlara əmr verilsə, moskvalıları elə doğrayıb-tökərlər ki, polis heç tərpənməyə macal tapmaz.

Bu qalmaqallı, içərisində dini ədavəti qızışdıran elementlər daşıyan bəyanat Qavriilin özünə baha başa gəlib, açıqlama geniş ictimai rezonansa səbəb olub və Valaam monastırı Qavriili xidmətdən kənarlaşdırıb.
"Axmat"ın komandiri Apti Alaudinov da keşişi pisləmə kampaniyasına qoşulub, onu sərt şəkildə, ağır dillə tənqid edib və adamı “cübbəli axmaq” adlandırıb.

Bu xüsusda Alaudinov haqlıdır. Əgər o, keşişi bundan başqa, küçə söyüşləri ilə təhqir etməyibsə, o zaman “cübbəli axmaq” ifadəsi gerçəkdən də müsəlmanlar haqqında axmaq ifadələrə yol vermiş keşiş üçün tam yerində deyilmiş sözdür. Çünki Qurban bayramında ibadətə toplaşan müsəlmanlar heç də topluca başkəsən deyillər.

Ancaq işə baxın ki, cəzalandırılmış Qavriilin tərəfdarı olan pravoslav hərəkatçılar Alaudinovun cəzalandırılmasını istəyiblər, generalı müqəddəs ordeni alçaltmaqda ittiham edib, İstintaq Komitəsinə və Müdafiə Nazirliyinə şikayətlər göndəriblər.

Başqa vaxt olsa, Alaudinov nəinki keşişin və onun tərəfdarlarının qarşısından çəkilərdi, heç RF İstintaq Komitəsinin müstəntiqlərinə də boyun əyməzdi. Ancaq o, guya ki, keşişin "yaşına hörmət edib" və ondan üzr istəyib. Pravoslav fəallar isə Alauddinovdan əl çəkməyiblər, onun kilsə qarşısında tövbə etməsini, publik şəkildə üzr istəməsini tələb ediblər.

Nəhayət, Alaudinovla fəallar, eləcə də qalmaqallı keşiş 8 saatlıq görüşdən sonra razılığa gəliblər. General öz səhvini etiraf edib. Tərəflər belə bir razılığa gəliblər ki, Alaudinov artıq ictimai şəkildə üzr istəməsə də olar. Ancaq generalın üzr istəməsi barədə yayılan informasiyalar və onun özünün Telegram kanalında keşiş Qavriildən şəxsən üzr istədiyini əks etdirən video göstərir ki, generalı kriminal jarqonla desək, “sındırıblar”.
Axırda tərəflər vurğulayıblar ki, onlar ümumi düşmənə, Ukraynaya qarşı mübarizə aparmalıdırlar.

Bu, illərdən bəridir səs-sorağı dünyanı götürmüş “Kadırov əfsanəsi”nin sonu deməkdir. Dünənə qədər Ramzan Kadırov Rusiyanın hər tərəfində müsəlmanları təhqir edənləri, çeçenlər barədə artıq-əskik ifadə işlədənləri üzr istəməyə vadar edir, onları hədələyir, cəzalandırırdı.

İndi isə onun sağ əli açıq-aşkar qəbahətə yol vermiş keşişi cəzalandırmaq əvəzinə, ondan üzr istəyir.
Demək, Kremlin yanında Kadırovun da, Alaudinovun da mövqeləri zəifləyib, əvvəlki kimi ötkəm deyillər. Xüsusilə də Alaudinovun bu hərəkəti onun hər hansı bir bəhanə ilə cəzalandırılmaq qorxusu ilə bağlıdır. Güman ki, generaldan keşişə qarşı işlətdiyi ifadəyə görə üzr istəməsini tələb edən başqa, daha yüksək mənsəbli birisii olub. Yoxsa əlinin altında yüzlərlə cantaraq döyüşçü olan bir şəxs bir ovuc pravoslav fəalın tələbi ilə özünü bu qədər “yumşaq, üzüyola” aparmazdı.

Bu ilin əvvəlindən Ramzan Kadırovun daha Kremldə sevimli persona olmadığı, vəzifəsindən götürülməsinin və cəzalandırılmasının Putinin iki dodağının arasında olması barədə deyilənlər, yazılanlar yavaş-yavaş təsdiqini tapır.

İlin əvvəlində İK sədri Bastrıkini, DİN rəhbəri Kolokoltsevi danlayan Kadırov artıq o tərəqqidə deyil.
Keşiş Qavriilin açıqlaması isə Rusiyanın baş patriarxı Kirilin bir müddət öncə səsləndirdiyi ksenobobik bəyanatın davamıdır. Artıq Rusiyada nasizm tendensiyası din xadimlərini də çulğayıb.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR