İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus emissarın sirli Bakı səfəri - Moskva “status” səhifəsini çevirir, yeni sülh sənədi hazırlayır?

Rusiyanın bölgə ilə bağlı yeni planları barədə ilginc ehtimallar, versiyalar; Kremldən gələn açıqlama Ermənistanın arzusunu qursağında qoydu; analitik: “Hazırda region ölkələri üçün əsas və vacib amil bölgədəki bütün məsələlərin xarici oyunçuların iştirakı olmadan müzakirə edilməsidir”

Xəbər verildiyi kimi, oktyabrın 24-də Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda olub, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Yayılan məlumatlara görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda “3+3" regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub. Nazir öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb. Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib.

Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə  nümayəndəsi Bakıda danışıq aparır

Maraqlıdır ki, cəmi bir gün qabaq C.Bayramov Tehranda 3+3 formatında görüş çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla da bir araya gəlmişdi. Belə olan təqdirdə ortaya haqlı olaraq sual çıxır: növbəti gün Moskvanın emissarının Bakı səfəri hansı zərurətdən doğa bilərdi? Yeri gəlmişkən, Xovayev Bakıdan sonra İrəvana getməyib, bu da, heç şübhəsiz, Moskva-İrəvan münasibətləri ilə əlaqədardır...

Bu yerdə zəruri bir əlavəni edək: Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin bildirib ki, Ermənistan 2044-cü ilə qədər Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasından birtərəfli qaydada imtina edə bilməyəcək. APA “İzvestiya”ya istinadən xəbər verir ki, bu iki ölkə arasında Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanan sazişi tədqiq etdikdən sonra məlum olub. “Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin müddəti onun bitməsinə 6 ay qalmış tərəflərdən birinin ona xitam vermək niyyəti barədə məlumat vermədiyi təqdirdə avtomatik olaraq növbəti beş illik müddətə uzadılır. Bu müqavilənin müddəalarına tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında yenidən baxıla bilər”, - Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin “İzvestiya”ya deyib.

Xatırladaq ki, Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedev və Serj Sarkisyan tərəfindən 2010-cu ildə imzalanmış Rusiya bazası haqqında müqavilənin 5 saylı protokoluna əsasən, onun Ermənistan ərazisində yerləşmə müddəti 2044-cü ilə qədər uzadılıb. Bir müddət öncə Paşinyan Rusiya hərbi bazasının çıxarılmasının anonsunu vermişdi. Son açıqlama isə Ermənistanın arzusunu qursağında qoymuş olur...

Rusiyanın bölgədən əl çəkmək niyyətində olmadığı günbəgün daha aydın görünür. Bu arada, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, rəsmi Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, lakin hələlik ciddi irəliləyiş yoxdur. “Biz təmaslarımızı davam etdiririk”, - deyə Peskov Rusiyanın sülh planının olub-olmaması ilə bağlı suala cavabında bildirib.

Bəs oktyabrın axırına nəzərdə tutulan üçtərəfli Brüssel görüşü təxirə salınandan sonra Moskvanın təşəbbüsü ələ alması mümkünmü? Bu barədə aşağıda bəhs edəcəyik...

Bu arada, Ermənistanın Baş nazir Nikol Paşinyan bir neçə gün öncə “The Wall Street Journal”a müsahibəsində yaxın aylarda Bakı ilə sülh nizamlanması perspektivinə nikbin baxdığını bəyan edib. Ardınca, Tiflis forumunda etdiyi çıxışda bir neçə aya İrəvanla Bakı arasında sülh sazişinin imzalana biləcəyini dilə gətirib. “Hazırda sənəd üzərində aktiv iş gedir”, - Paşinyan qeyd edib və tezliklə Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasında da müsbət irəliləyişlərin mümkünlüyünü bildirib.

Son iki planlaşdırılan görüşün baş tutmaması fonunda bu nikbinliyin kökündə nəyin dayanması da maraq doğuran məqamlardandır. Diqqətçəkici həmçinin budur ki, Rusiya baş diplomatı Sergey Lavrov Tehranda 3+3 formatında keçirilən görüşdə Azərbaycan-Ermənistan konfliktinin əsasən başa çatdığını söyləyib. Az sonra Rusiya Müdafiə Nazirliyinin son bülletenində ilk dəfə Qarabağdakı toponimlər yalnız Azərbaycan adları ilə qeyd edilməyə başlayıb, “Dağlıq Qarabağ” yox, “Qarabağ iqtisadi zonası” ifadəsi və yalnız Xankəndi sözü işlədilib.

Ekspertlərimizə müraciət etdik: son gəlişmələr nədən xəbər verir, Rusiya üçün status və ya onun “gələcəyə saxlanması” məsələsi, nəhayət, qapandımı? Belədirsə, o zaman Moskva niyə də tezliklə  tərəflərə normal sülh sənədi layihəsi təqdim eləməsin?

Azərbaycan informasiya məkanının İran casus şəbəkəsindən təmizlənməsi  vacibdir - Elçin Mirzəbəyli - Turkic World

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, “status” məsələsinə, əslində 44 günlük müharibə nəticəsində son verilmişdi: “Sadəcə, maksimalist Ermənistan cəmiyyəti və Azərbaycan torpaqlarında xarici himayəyə arxayın olaraq mövcudluqlarını qoruyub saxlamağa çalışan hərbi  xunta rejiminin, qeyri-legitim təsisatın tör-töküntüləri bu həqiqəti dərk etmək istəmirdilər. Lokal antiterror tədbirlərinin keçirilməsini zəruri edən amillərdən biri də reallığın qəbul edilməməsi, silahlı separatizmin müxtəlif adlar altında himayə olunması, regiondankənar qüvvələrin bu amildən istifadə etməklə bölgəni yenidən münaqişə ocağına çevirmək cəhdləri ilə bağlı idi.  Mövcud mənzərə isə, xarici qüvvələrin artıq qondarma ”erməni məsələsi" üzərindən müxtəlif adlar və bəhanələrlə Azərbaycana təzyiq etmək imkanlarını sıradan çıxarıb və Azərbaycan əraziləri, həmçinin ərazilərimizdə yaşayan erməni sakinlərlə bağlı məsələnin ayrı-ayrı çoxtərəfli platformalar müstəvisində müzakirə perspektivini heçə endirib. İndi gündəmdə yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi var ki, bu da yalnız iki ölkəyə aid olan məsələdir".

Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfərinə gəldikdə, E.Mirzəbəylinin qənaətinə görə, Bakı ilə Moskva arasında müzakirə olunacaq məsələlər təkcə, həm də birbaşa tənzimləmə prosesi ilə bağlı olmaya da bilər: “Hazırda kommunikasiyaların açılması Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı Rusiya sülhməramlılarının mövcudluğu ilə bağlı məsələlər də belə görüşlərdə müzakirə oluna bilər. Həmçinin regiondankənar qüvvələrin bölgəyə müdaxilə etmək niyyətləri, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti, həmçinin artıq Kanada kimi ölkələrin də Cənubi Qafqaza can atmaları müzakirə predmeti ola biləcək məsələlərdir”.

Analitik qeyd etdi ki, “status” məsələsi və onun “gələcəyə saxlanılması” kimi mülahizələrin artıq heç bir perspektivi yoxdur: “Bunu Rusiya rəsmiləri də açıq şəkildə dilə gətirirlər. Hazırda region ölkələri üçün əsas və vacib amil bölgədəki bütün məsələlərin xarici oyunçuların iştirakı olmadan müzakirə edilməsidir. Bu məsələ ilə bağlı, Ermənistan istisna olmaqla, bölgə dövlətləri arasında fikir ayrılığı yoxdur”.

Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar  Çaxmaqlı

Qafar Çaxmaqlı 

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı hesab edir ki, rus diplomat Xovayevin Tehran görüşündən sonra Bakıya səfəri əslində gəlişmələrlə bağlı Azərbaycanın mövqeyini dəqiqləşdirməkdir: “Ermənistan  Zəngəzurla bağlı yeni yanaşması yayılıb və Paşinyan onu ”sülhün kəsişməsi" adlandırmaqla Azərbaycanla imzalanacaq sülh sazişi üçün ölkəsinin mövqeyi olaraq təqdim edir. Həmin  yanaşma layihəsi  özündə  onu ehtiva edir ki, bütün komunikasiya xətləri  ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir. Bu, Rusiyanın həmin hissədə nəzarətini aradan qaldırır və 10 noyabr 2020-ci ildə razılaşdırılan Federal  Təhlükəsizlik Xidmətinin mövcudluğunu aradan götürür. Rusiyanın dərdi isə hansı yolla olur olsun komunikasiya xətlərinin  hamısına nəzarət etməkdir. Xovayevi bununla bağlı Azərbaycanın yanaşması və belə halda sülh danışıqları prosesinin  gedişatı maraqlandırır". Q.Çaxmaqlının fikrincə, Rusiya artıq ona nail oldu ki, Qranada və Brüssel formatları təxirə düşdü: “İndi Paşinyanı və Əliyevi Rusiya  sahəsində danışıqlara məcbur etmək istəyir. Tehran görüşü bunun baş məşqi idi və həlledici mərhələ ola bilməzdi. Ən azından ona görə ki, 3+3 formatını Gürcüstanın vasitəsilə Qərb pozmalı idi. İkinci tərəfdən Ermənistan düşünür ki,  dəhliz məsələsində Qərbin Azərbaycana təzyiqləri nəticə verəcək və alternativ İran variantı baş tutmayacaq, ona  görə də öz ağlınca ”sadələşdirilmiş" variant təklif edir.  Amma təklif olunan Avrasiyanın əsas nəqliyyat koridorunun bu hissəsində gələcəkdə də paya sahib olmaq istəyi Moskvanın planına ziddir və mübahisələrə yeni yol açır". Ekpert qeyd etdi ki, Ermənistan Rusiyanın nəzarətində olan  dəmir yollarını təmir etmək üçün Rusiyadan icazə almalıdır: “Çünki dəmir yollları Rusiyanın mülkiyyətidir. Rusiya buna icazəni o vaxt verə bilər ki, Ermənistan onun variantına razılıq versin.  Buradan belə qənaətə gəlmək olar ki, Ermənistanla sülh sazişi Zəngəzur dəhlizi ilə bağlı məsələlərin həllinə bağlıdır və bu da Azərbaycan diplomatiyasının başarısı hesab olunmalıdır. Sülh sazişinin nə zaman, harada, kimlərin vasitəçiliyi ilə  imzalanması Azərbaycan üçün prinsipial əhəmiyyət daşımır”.

Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə əminliklə vurğuladı ki, Brüssel formatı artıq işləmir: “Rusiya prosesdə aktivlik etməyə çalışır. Ona görə də Cənubi Qafqaz üzrə nümayəndə Azərbaycana gəlib. Düşünürəm ki, Rusiyanın vasitəçiliyinə Paşinyan razı olmayacaq. Azərbaycan isə Rusiyanın vasitəçiliyinə etiraz etmir. Nikol Paşinyanda deyir ki, sülh sənədi hazırdır. Hazırdırsa, niyə danışıqlar dayanıb? Ermənistan tərəfinin öz gündəliyi var və bunu Qərblə birgə hazırlayıb”. Politoloq qeyd etdi ki, Azərbaycan Ermənistanın bu gündəliyini qəbul etmir: “Sülh sənədi hazır olsaydı, Azərbaycanın təklif etdiyi Tiflis formatında görüş olardı. Nikol Paşinyan da bunu qəbul etmir”. M.Əsədullazadə Azərbaycanın Baş naziri Əli Əsədovla Nikol Paşinyanın Tiflis görüşünə də diqqət çəkdi: “Baş nazir Azərbaycanın mövqeyini bir daha Paşinyanın diqqətinə çatdırdı. Rusiya tərəfi çox çalışır ki, sülh müqaviləsinin bağlanmasını öz vasitəçiliyi ilə həll etsin. Rusiya Azərbaycanın mövqeyini qəbul edib”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR