İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus dilində Azərbaycan tarixi dərsi tələbinə “yox” cavabı

Kamran Əsədov: “Sabah eyni problemlər universitetlərdə daha da böyüyəcək”

Bakı İnzibati Məhkəməsində paytaxtın 214 nömrəli məktəbinin 5-ci sinif şagirdlərinin valideynlərinin Elm və Təhsil Nazirliyinə qarşı qaldırdığı iddia üzrə növbəti iclas keçirilib. Caliber.az-ın məlumatına görə, hakim Miminat Hacıbəyova hər iki tərəfi dinləyib.

 İddiaçılar bir daha Elm və Təhsil Nazirliyindən rus bölməsində “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədrisinin ləğv edilməsini xahiş ediblər. Onlar rus bölməsində təhsil alan məktəblilərin materialın Azərbaycan dilində kompleks şəkildə təqdim olunması səbəbindən öz vətənlərinin tarixini tam dərk edə bilməmələrini əsas gətirərək, “Azərbaycan tarixi”nin rus dilində tədris olunmasını tələb ediblər.

Onların fikrincə, 5-ci sinif üçün rus dilində “Azərbaycan tarixi” dərsliyi uşaqların öyrədilməsi üçün daha aydın və rahatdır.

 İddiaçılar Azərbaycan Konstitusiyasının 21-ci (“Dövlət dili”) maddəsinə istinad ediblər, burada ikinci bənddə qeyd olunur: “Azərbaycan Respublikası əhalinin danışdığı digər dillərin sərbəst istifadəsini və inkişafını təmin edir”. İddiaçılar Elm və Təhsil Nazirliyinin öz tələblərini Konstitusiyadan üstün tutmaq hüququna malik olmadığını iddia edirlər.

Onlar həmçinin konstitusiyanın 45-ci maddəsinə (“Ana dilindən istifadə hüququ”) istinad ediblər. Burada qeyd olunur: “I. Hər kəsin ana dilindən istifadə hüququ var. Hər kəsin təhsil və tərbiyə almaq, istədiyi dildə yaratmaq hüququ var. II. Heç kim ana dilindən istifadə hüququndan məhrum edilə bilməz” və 149-cu (“Normativ hüquqi aktlar”) maddəsinin 6-cı bəndində qeyd olunur: “VI. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Konstitusiyaya zidd olmamalıdır”.

İddiaçılar bildiriblər ki, nazirliyin qərarı Konstitusiyaya zidd olaraq qəbul edilə və qanuni ola bilməz. Onun qəbulu üçün ilkin olaraq Konstitusiyaya dəyişiklik edilməli idi.

Öz növbəsində, Elm və Təhsil Nazirliyinin nümayəndəsi cavab olaraq bildirib ki, onların Azərbaycan dilində təhsilin keyfiyyətinin təmin edilməsi üçün qanun çərçivəsində bütün tədbirləri görmək səlahiyyəti var.

Hakim Miminat Hacıbəyova hər iki tərəfi dinlədikdən sonra Elm və Təhsil Nazirliyinin mövqeyini dəstəkləyən qərar çıxarıb, valideynlərin iddiası rədd edilib.

Kamran Əsədov: 4 minə yaxın şəxs universitetə imtahansız qəbul olub -  Mektebgushesi

Kamran Əsədov 

Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a dedi ki, məsələyə geniş baxdıqda, bu məhkəmə prosesi yalnız bir və ya bir neçə valideynin fərdi narazılığı deyil, ümumilikdə təhsil sistemində dil məsələləri ilə bağlı fundamental problem kimi qiymətləndirilə bilər: “Azərbaycanda rus bölməsində təhsil alan şagirdlərin fənn dərslərinin böyük hissəsini Azərbaycan dilində keçməsi müzakirə olunan məsələlərdən biridir. Rəsmi arqument budur ki, rus bölməsində oxuyan şagirdlər də dövlət dilində bilik əldə etməlidir və Azərbaycan tarixi kimi milli identikliklə bağlı fənlər məhz Azərbaycan dilində tədris olunmalıdır. Lakin bu yanaşma praktiki olaraq problemlər yaradır.

Əsas problemlərdən biri şagirdlərin Azərbaycan dilində dərsləri tam mənimsəyə bilməməsi və bu səbəbdən qiymətləndirmədə geridə qalmasıdır. Hər kəs üçün aydındır ki, ana dili olmayan dildə akademik məzmunu anlamaq çətindir. Əgər şagird Azərbaycan dilində məhdud biliklərə sahibdirsə, tarix dərsini bu dildə oxuyub, mənimsəyib imtahan vermək onun üçün obyektiv çətinlik yarada bilər. Bunun nəticəsi olaraq, bu cür şagirdlər imtahanlarda aşağı nəticə göstərə bilər və bu da onların ali təhsilə qəbul imkanlarını məhdudlaşdıra bilər.

Məktəblərdə rus bölməsinin mövcudluğu və bu bölmədə oxuyan şagirdlərin Azərbaycan dilində dərslərlə qarşılaşması uzun illərdir müzakirə edilən məsələdir. Bir tərəfdən, Azərbaycanın dövlət dili Azərbaycan dili olduğu üçün bütün vətəndaşların bu dildə sərbəst danışması və dövlət təhsil sistemində bunun təşviq edilməsi məntiqlidir. Lakin digər tərəfdən, rus bölməsində oxuyan şagirdlərin böyük hissəsi Azərbaycan dilində kifayət qədər rahat ünsiyyət qura bilmir və bu, onların akademik göstəricilərinə təsir edir.

Burada əsas sual budur: bu problemə necə yanaşmaq lazımdır?

Birinci variant budur ki, Azərbaycan tarixi kimi fənlər yalnız Azərbaycan dilində tədris olunmağa davam etsin və rus bölməsində oxuyan şagirdlərin dövlət dilini öyrənməsi bir prioritet kimi qalmağa davam etsin. Bu yanaşma milli identiklik baxımından məntiqli görünsə də, real vəziyyətdə rus bölməsində oxuyan şagirdlər üçün dil baryeri yaratdığına görə onların təhsil keyfiyyətinə mənfi təsir edə bilər.

İkinci yanaşma isə Azərbaycan tarixi və digər əsas fənlərin rus dilində tədris edilməsinə icazə verilməsidir. Bu yanaşma şagirdlərin akademik göstəricilərini yaxşılaşdıra bilər, lakin bu halda dövlət dili olan Azərbaycan dilinin tədrisi arxa planda qala bilər. Bəzi ekspertlər hesab edir ki, Azərbaycan dili fənninin ayrıca daha güclü tədris edilməsi ilə rus bölməsində oxuyan şagirdlərə dövlət dilini öyrətmək mümkündür və digər fənlərdə məcburi Azərbaycan dili tətbiq etməyə ehtiyac yoxdur.

Beynəlxalq təcrübəyə baxdıqda, müxtəlif ölkələrdə bu məsələyə fərqli yanaşmalar var. Məsələn, Qazaxıstanda rus bölməsində oxuyan şagirdlər üçün Qazax dili dərsləri gücləndirilmiş şəkildə keçirilir, lakin tarix və digər əsas fənlər rus dilində tədris olunmağa davam edir. Baltikyanı ölkələrdə isə dövlət dili ilə bağlı sərt qaydalar var və dövlət məktəblərində əsas fənlər yalnız rəsmi dildə keçirilir. Azərbaycan bu məsələdə balanslı həll yolu tapmalıdır ki, həm rus bölməsində oxuyan şagirdlər Azərbaycan dilini effektiv şəkildə öyrənsinlər, həm də akademik göstəriciləri aşağı düşməsin".

Ekspertin fikrincə, məktəblərdə rus bölməsində oxuyan şagirdlərin Azərbaycan dilində fənləri mənimsəyə bilməməsi problemi yalnız bir valideynin məhkəmə iddiası ilə məhdudlaşmır. Bu, daha geniş bir məsələnin göstəricisidir və təhsil siyasətində sistemli dəyişikliklər tələb edir: “Əgər rus bölməsində təhsil alan şagirdlər Azərbaycan tarixi dərsliyini mənimsəyə bilmirlərsə, bunun əsas səbəbi onların dil bacarıqlarıdır. O zaman sual yaranır: Azərbaycan dili fənninin tədrisi niyə elə səviyyədə təşkil olunmur ki, bu şagirdlər digər fənləri də dövlət dilində başa düşə bilsinlər?

Məhkəmənin qərarı göstərdi ki, rəsmi mövqeyə görə, Təhsil Nazirliyi və təhsil müəssisələri öz qaydalarına uyğun hərəkət edir və rus bölməsindəki şagirdlər də Azərbaycan dilində dərsləri mənimsəməlidir. Lakin bu yanaşma ilə şagirdlərin akademik çətinlikləri aradan qaldırılmır. Əgər rus bölməsində təhsil alan şagirdlərin əksəriyyəti tarix dərsini Azərbaycan dilində rahat başa düşə bilmirsə, burada problem şagirdlərdə deyil, sistemin özündədir.

Valideynin məhkəməyə müraciəti və məhkəmənin qərarı bir daha göstərdi ki, təhsil sistemindəki problemlər təkcə dərsliklərin dili ilə məhdudlaşmır. Təhsil siyasəti və dil məsələsi düzgün tənzimlənməsə, gələcəkdə bu kimi problemlər daha geniş miqyasda mübahisələrə səbəb ola bilər. Əgər bu gün həll olunmazsa, sabah eyni problemlər universitetlərdə və digər təhsil pillələrində daha da böyüyəcək".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR