İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb

24 fevralda Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü il dönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə Musavat.com-a səfirlikdən məlumat verilib.

Tədbirdə Rumıniyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri və akkreditə olan diplomatik nümayəndəliklərin əməkdaşları, tarixçilər, siyasi-ictimai, elm və mədəniyyət xadimləri, Rumıniyada Azərbaycan icmasının üzvləri, bu ölkədə fəaliyyət göstərən SOCAR-n nümayəndələri, Rumıniyada türk ictimai, tədris fondlarının rəhbərləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının himni səsləndirilib. Daha sonra tədbiri giriş sözü ilə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açıb. Diplomat çıxışında Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib, hadisənin səbəbi və nəticələrinə toxunub. O, Xocalı faciəsinin bütün bəşəriyyətə qarşı törədilmiş cinayyət adlandıraraq, Xocalı soyqırımın dünyada tanınması və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası barədə danışıb. Həmçinin, səfir Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən quruculuq-bərpa işlərindən məlumat verib, regionda sülhün və stabilliyin bərqərar olması üçün Prezident İlham Əliyevin səriştəsi, uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlara toxunub. Diplomat doğma evlərinə qayıdan sakinlərin regiona canlanma, həyat gətirdiyini, əmin-amanlıq içində yaşadıqlarını qeyd edib. Bundan əlavə, Qüdsi Osmanov Cənubi Qafqazda stabilliyin və sülhün mövcud olmasının bütün Avropanın, o cümlədən Rumıniyanın marağında olduğunu vurğulayıb.

Rumıniyada “Geopolitika” jurnalının təsisçi direktoru və baş redaktoru, tanınmış rumıniyalı jurnalist Vasili Simileanu çıxışında qeyd edib ki, Xocalı faciəsi dünyanın digər nöqtələrində təkrarlanması üçün dünya ictimaiyyəti tərəfindən kəskin qınağa səbəb olmalıdır. O, bu dəhşətli hadisəni bəşəriyyətin utancı adlandırıraq, soyqırımı törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub. Sonda, tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş sərgi ilə tanış olublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR