İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlərin “ölü doğulan” ümidi - Qarabağ məsələsi dünya üçün bitib

Əksər ermənilər Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbul etsələr də, “ermənizm” xəstəliyindən qurtula bilməyənlər hələ də mövcuddur. Onlar özlərini “revanşist” sayır və xülyalarla yaşamaqda davam edirlər. Belələrindən biri də Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyandır. O, növbəti dəfə sərsəmləyib və “Qarabağ məsələsi hələ bitməyib” kimi cəfəng fikirlərlə gündəmə gəlməyə çalışıb. Oskanyan Qarabağ ermənilərinin geri qayıtması məsələsindən danışıb və deyib ki, onların “beynəlxalq zəmanət altında kollektiv şəkildə geri qaytarılması məsələsi ətrafında çox müsbət münasibət var”. 

Onun sözlərinə görə, Ermənistan Qarabağ ermənilərinin kollektiv şəkildə qaytarılması məsələsini danışıqların gündəliyinə çıxarsa, beynəlxalq ictimaiyyətdən dəstək olacaq. “Mən bununla bağlı Tayvo Klaarın sözlərinə diqqət çəkirəm. Onun bildirdiyinə görə, Azərbaycanın bu məsələ ilə bağlı öhdəliyi var və bu məsələ gündəmdə olmalıdır. Lakin Klaara görə, Qarabağ ermənilərinin qaytarılması müqabilində Azərbaycan azərbaycanlıların Ermənistana köçməsi məsələsini qaldıra bilər, lakin bu məsələlərin bir-biri ilə qətiyyən əlaqəsi yoxdur”, - deyə Oskanyan bildirib. 

Bu məsələdə Oskanyanı “fil qulağında yatmış” hesab etmək olar. Çünki Qarabağdan ermənilər könüllü köçüb gedib, baxmayaraq ki, Azərbaycan dinc şəkildə Qarabağda yaşamaq istəyən erməni vətəndaşlara dəfələrlə və ən yüksək şəkildə çağırış edib, təhlükəsizliklərinə təminat da verilmişdi. Lakin onların Azərbaycanda yaşamağa üzü olmadı. 

İndi hər hansı beynəlxalq zəmanətdən söhbət gedə bilməz, çünki hazırda reallıqlar başqadır. Əgər hansısa Qarabağ ermənisi dinc şəkildə yaşamaq istəyirsə, buna görə fərdi qaydada yalnız Azərbaycana müraciət edə bilər. 

Oskanyanın əsas sərsəmləməsi isə “Klaarın müsahibəsində Qarabağ məsələsinin hələ də həll olunmadığı hiss olunur. Azərbaycan bu məsələni hərbi yolla həll etdiyini düşünürsə, deməli, çox yanılır. Beynəlxalq təminatlar verilməyənə qədər Qarabağ məsələsi həll olunmayacaq” deməsidir. 

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ermənilər bu mövzu ilə bağlı hansısa yeni siyasi layihələr üzərində düşünürlər, bu gözləniləndir: “Bəs erməni nə etməlidir? Hansısa şəkildə revanş götürmək barədə düşünməlidir. Amma Azərbaycan elə addımlar atır ki, ermənilərin əsası olmur. Əvvəla könüllü tərk etmiş bir əhali ilə zorla çıxarılmış əhali arasında çox fərq var. Azərbaycan oradan heç kimi zorla çıxarmayıb, könüllü şəkildə tərk ediblər. Ona görə də onlar fərdi qaydada vətəndaş kimi müraciət etsələr, onların bütün hüquqları vətəndaş kimi qəbul olunacaq. Amma belə bir müraciət yoxdursa, Azərbaycan kollektiv şəkildə kimisə ora qaytara bilməz. Kollektiv vətəndaşlıq deyilən bir anlayış yoxdur. Vətəndaşlıq fərdidir. Hər kəs - erməni, yaxud başqa millətin təmsilçisi Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilər. Azərbaycan da buna öz mövqeyini bildirə bilər. Əgər bunun üçün hüquqi əsaslar varsa, təbii ki, normal münasibət bildiriləcək. Əvvəllər orada yaşayıb, sənədləri yerindədirsə, evi varsa, Azərbaycan konstitusiyasına tabedirsə, burada yaşamaq hüquqi əldə edə bilər. Amma kollektiv şəkildə belə bir məsələyə yanaşmaq sərsəm bir düşüncədir. Çünki kollektiv vətəndaşlıq deyilən anlayışın beynəlxalq hüquqda tanıtımı yoxdur. Ona görə də bu kimi məsələlərdə Oskanyan və başqaları siyasi populizm naminə fərqli layihələrin yaradıcısı kimi görünmə naminə çıxışlar edirlər, erməni xalqını ciddi bir problemə yönəldirlər, faciələr yaşanmasına rəvac verirlər”. 

F.Mustafanın fikrincə, erməni cəmiyyətində bu çıxışlar dəstəklənmir: “Artıq Qarabağ məsələsi erməni cəmiyyəti üçün prioritet məsələ olmaqdan çıxıb. Bunu da son seçkilər göstərdi, Paşinyanın rəhbərlik etdiyi partiya bu qədər səs alırsa, deməli, bu elə-belə məsələ deyil. Qarabağ məsələsi prioritet olmadığına görə ona səs verdilər. Əksinə olsaydı, Paşinyanı çoxdan hakimiyyətdən uzaqlaşdırmışdılar. Bu baxımdan da biz öz işimizə baxmalıyıq. Diplomatik və siyasi çağırışlarımızı qətiyyən təxirə salmamalıyıq. Bunu hər zaman diqqətdə saxlamalıyıq ki, bəhanə verməyək. Artıq hər hansı şəkildə ermənilərin Qarabağa qayıdışı məsələsi mümkün deyil. Bu ancaq o kontekstdə ola bilər ki, fərdi qaydada müraciət olsun. Eyni qaydada həm də qərbi azərbaycanlıların qayıdışı məsələsinə paralel şəkildə baxıla bilər. Beynəlxalq müstəvidə əgər müzakirə olunacaqsa, Azərbaycan bütün platformalarda Qərbi Azərbaycan icmasının ora qayıdışı ilə bağlı məsələni aktuallaşdıracaq. Bunun müzakirə edilməsini tələb edəcək”. 

Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı hesabat  təqdim edib | innews.media

Ceyhun Məmmədov

Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Xəstə erməni təfəkküründən xilas ola bilməyən və gündəmdə bu cür sərsəm açıqlamalar verməklə qalmaq istəyən Oskanyan və digərləri anlamalıdır ki, artıq Azərbaycan bu məsələni həll edib. Biz 30 ilə yaxın bir müddətdə münaqişənin sülh yolu ilə həll olunması üçün cidd-cəhdlər göstərdik. Amma hər dəfə Ermənistanın münaqişəni uzatmağa çalışdığını gördük. Əslində  bu gün Ermənistanın yaşadığı faciələrdə Oskanyan kimilərin də çox böyük "əməyi" var. Çox təəssüf ki, onlar həmin ərəfədə bölgəyə sülhün gəlməsi üçün heç bir real addım atmadılar. Əksinə, müharibənin alovlanmasına gətirə biləcək addımlar atdılar. Heç kim erməniləri Qarabağdan çıxarmayıb. Onlar özləri bu əraziləri tərk ediblər. Bu gün heç kim Azərbaycanı bu məsələdə günahlandıra bilməz. Biz Qarabağdan ermənilərin çıxması üçün heç bir addım atmamışıq. Dəfələrlə Azərbaycanın deməsinə baxmayaraq ermənilərin qayıtmasına Ermənistanın hazırkı hakimiyyəti mane olub. Bu məsələni gündəmdə saxlamaq üçün açıqlama verilməsi məsələni həll etmir. Bu ərazilər Azərbaycana məxsusdur, burada uzun illər azərbaycanlılar yaşayıblar, indi də yaşayırlar. Yaxşı olar ki, Vardanyanlar bu cür sərsəmləmələrə son qoysunlar və iki xalq arasında sülh üçün real addımlar atsınlar. Onlar bu cür açıqlamalar verməklə münaqişənin həllinə mane olurlar. Bu münaqişənin tez bir zamanda həll olunması üçün Azərbaycan və dünya ölkələri tərəfindən həyata keçirilən tədbirlərə də mane olur. Oskanyan yaxşı olar ki, gündəmdə qalmaq üçün başqa işlərə əl atsın. Əgər vaxtında onlar Azərbaycanın şərtlərini qəbul etsəydilər, sülh müqaviləsi imzalansaydı, tərəflərin bu qədər itkisi olmazdı. Təəssüf ki, onlar bunu etmədi. Bununla da çox sayda erməninin həyatını itirməsinə səbəb oldular. 

Burada başqa bir diqqətçəkən məqam isə Oskanyanın, ümumiyyətlə, azərbaycanlıların qayıtması ilə bağlı məsələyə bu cür yanaşmasıdır. Birmənalı məsələdir ki, mütləq azərbaycanlılar bu bölgəyə qayıtmalıdır. Hələ Qarabağ məsələsindən də əvvəl ermənilər burada yaşayan azərbaycanlıları öz dədə-baba yurdundan vəhşicəsinə, barbarcasına qovublar. Azərbaycan dəfələrlə bu məsələni qaldırıb ki, onlar öz doğma yurdlarına qayıtmalıdırlar. Bunun üçün də bütün addımları atacağıq. Necə olur ki, Ermənistan iddia edir ki, ermənilər qayıtmalıdır, amma azərbaycanlıların qayıtması məsələsinə isə fərqli bir formada reaksiya verirlər. Təbii ki, bu, qəbuledilməzdir".  

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR