Onlayn ictimai-siyasi qəzet
Eyyub Hüseynov: “Bu gün araq istehsalı üçün heç bir məhdudiyyət yoxdur, harada, necə gəldi, hansı spirtdən, mayadan istəsələr araq istehsal edirlər”
Ölkədə qida, içki təhlükısizliyi sahəsində ciddi problemlər var. Standarlardan kənar, təhlükəli yağlarla şirniyyat hazırlayan firmalar, sexlər kifayət qədərdir. Habelə, ölkəyə xaricdən saxtalaşdırılmış içkilərin, yuyucu vasitələrin gətirilməsi, yaxud onların burada qablaşdırılması barədə vaxtaşıı faktlar ortaya çıxır.
Ən ciddi problemlərdən biri də saxta spirtli içkilərin hazırlanmasıdır.
Uzun zamandır deyilir ki, ölkənin restoran və şadlıq evlərinin bir çoxunun zirzəmilərində saxta spirtli içkilər hazırlanır.
Nəzərə çatdıraq ki, saxta içkilərdən hər il xeyli adam zəhərlənir, hətta həyatını itirənlər, kor olanlar da var.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, Ağdaş-Göyçay yolunun 1-ci kiometrliyində fiziki şəxs Ələkbərov Arif Mahir oğluna məxsus “Ağdaş Palace” restoranında plandankənar yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Msuavat.com-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsinin anbar sahəsində qablaşdırılması və etiketlənməsində saxtalaşdırma əlamətləri olan müxtəlif saxta əmtəə nişanlı (“Beluga”, “Russkiy Standart”, “Absolut Vodka”, “Nemiroff”, “Green Drop”, “Qızıl Çar”, “Zero”, “Bison Rosol”, “Xorçitsa”, “Verba”, “ALP LİNE”, “Minsk”, “Sokrovice Belarus”, “Admiral Van Bellingham”, “Gradus”, “Zelupa”, “Russkiy Standart Platin”, “Vladinko”, “Finlandia”), ümumi sayı 309 ədəd alkoqollu içki (araq) aşkarlanıb.
İçkilərin qablaşdırmasının orijinal məhsullardan fərqləndiyi, bəzilərinin qapaq hissəsinin sonradan təkrarən bağlandığı, müxtəlif istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı bəzi içkilərin qapaqlarının eyni olduğu məlum olub. Həmçinin yoxlama zamanı həmin içkilərin qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən heç bir sənəd təqdim edilməyib.
Faktla bağlı müəssisədə aşkar olunmuş və saxtalaşdırma əlamətləri olan alkoqollu içki məhsullarının satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib, müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq lobarotoriyasına təqdim olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Belə restoranların az olmadığı bildirilir. Mütəmadi reydlər keçirilməlidirmi? Bu işi təkcə qida agentliyi aparmalıdır, yoxsa hüquq-mühafizə orqanları da məsələni araşdırmalıdır?
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, bazarın bu seqmentində həddindən artıq biabırçı vəziyyətdir: “2019-cu ildə spirtli içkilərin hazırlanmasına dair lisenziya ləğv olundu. Bundan sonra 18 şərab müəssisəsinə qarşı 90-dan artıq araq istehsalı müəssisəsi açıldı. Bu gün araq istehsalı üçün heç bir məhdudiyyət yoxdur. Harada gəldi, necə gəldi, hansı spirtdən, mayadan istəsələr araq istehsal edirlər. Vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirləri ortaya qoyur. Keçirilən əməliyyatlarla sübut olundu ki, ən bahalı restoranlarda belə brend spirtli içkiləri süfrəyə qoyurlar. Düşünürəm ki, bu qurum daha fəal iş aparsa, vəziyyəti müəyyən mənada yaxşıya doğru dəyişmək olar”.
Eyyub Hüseynov deyib ki, Azərbaycan spirtli içki bazarında mühüm yeri olan istehsalçı barədə də hüquq-mühafizə orqanlarına məlumat verib: “Alkoqollu içkilər” Assosasiyası 1 ilə yaxındır ki, baş nazirə müraciət ünvanlayıb. Onlar alkoqollu içkilər bazarındakı həyəcan doğuran durumla bağlı ölçü götürülməsini xahiş ediblər. Lakin bu günə qədər müraciətə cavab verilməyib. Bu gün Azərbaycanda şərab istehsalı yaxşı səviyyədədir. Çox təəssüf ki, alkoqollu içkilərin 95 faizinin üzərində istehsal tarixi yoxdur".
Eyyub Hüseynov
Eyyub Hüseynov deyib ki, 1995-ci ildə “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanun qəbul olunub. Sonradan qanuna bir neçə dəfə dəyişikliklər edilib: “Bu gün qanunu yerinə yetirməli olan dövlət orqanları fəaliyyətsizdir. Qida Təhlükəsizliyi Agentliyi qarşısına məqsəd qoyub ki, qidanın tarladan və ya fermadan istehlakçılarının süfrəsinə qədər nəzarət sistemi yaradılsın. Bu, çox mükəmməl sistemdir və öhdəsindən gəlmək də asan deyil. Dövlətin biznes qurumları üçün yaratdığı şəraitdən sui-istifadə var - dövlət biznes qurumlarına toxunulmaması siyasəti həyata keçirir. Hökumətin istehsalçılarla bağlı siyasəti ilə AQTA əsasnaməsi məntiqi olaraq bir-birini tamamlamır. AQTA-nın qüsurlar olan qurumlara müdaxilə etmək ixtiyarı yoxdur. Belə bir vəziyyətdə biznes qurumları istehlakçı hüquqlarına qəsd edir. Hökumətin əsas strateji istiqaməti biznesin inkişafı ilə bağlıdır. İstehlakçı hüquqları isə tamam arxa plandadır. Bu gün Azərbaycanda bazarda insan sağlamlığı üçün təhlükəli və ziyanlı olan çoxsaylı mallar var, o cümlədən də spirtli içkilər satılır. Təsadüfi deyil ki, Azərbaycan istehlakçıları apteklərdə, həkimlərdə növbələrdə duran istehlakçılardır. Azərbaycan insanı 190 ölkə içində qısa ömürlülüyü ilə 119-cu yerdə qərarlaşır. Azərbaycan istehlakçı hüquqlarının qorunmasında Afrika ölkələrindən belə geridə qalır”.
Eyyub Hüseynovun sözlərinə görə, bu gün heç kimə gizlin deyil ki, müxtəlif iaşə obyektlərində Rusiya arağı adı altında gizli sexlərdə hazırlanmış saxta məhsullar satılır: “Hətta kustar üsulla hazırlanan keyfiyyətsiz və təhlükəli araqların və yaxud digər spirtli içkilərin üzərinə məşhur markaların vurularaq baha qiymətə satılması faktları da var. Etiketləri ayırd etmək mümkündür, saxta etiketlər tam dəqiq, düz vurula bilmir, keyfiyyəti fərqlənir. Kustar üsulla, ev şəraitində hazırlanan məhsulun butulkasında, boğaz hissədə, qapağın yerləşdiyi yerdəki boşluq xəttində üzük formasında maska deyilən iz qalır, buna səbəb isə məhsul hazırlanarkən təmizlənmiş sudan istifadə edilməməsidir. Adi suyun tərkibində duz olduğuna görə orada iz buraxır. Zavod şəraitində isə su tamamilə duzdan təmizləndiyinə görə həmin iz qalmır, keyfiyyətli arağın rəngi ağ olur, aseton iyi verməməli, iyindən bilinməlidir”.
Eyyub Hüseynov deyib ki, vaxtaşırı olaraq saxta içkiləri istehsal edənlərin ifşa edilməsi də vəziyyəti dəyişmək gücündə deyil: “Spirtli içkilərin də digər məhsullar kimi yararlılıq müddəti var. Məsələn, araqların yararlılıq müddəti bir ildən artıq deyil və yaxud konyaklar 3 il, şərabların isə 6 aydan artıq yararlılıq müddəti var. Lakin ölkənin əmtəə bazarında dəfələrlə apardığımız monitorinqlərdə şahidi olmuşuq ki, spirtli içkilərin demək olar ki, 95 faizinin üstündə yararlılıq müddəti yazılmayıb. ”Spirtli içki uzun müddət qalanda daha yaxşı olar" anlayışı xüsusi şəraitdə, xüsusi qablarda, temperaturda saxlanılan məhsullara aiddir. Spirtli içkinin yararlılıq müddəti bitdikdən sonra onun tərkibindəki sivuş yağlarının miqdarı getdikcə artır və insanlar da bundan zəhərlənə bilir. Beləliklə, insanların sağlamlığının qorunması üçün bu sahədə daha ciddi işlər görülməlidir. Biznes qurumları üçün elə bir rahat şərait yaradılıb ki, onlara toxunmaq, yoxlamaq olmaz və onlar da bundan istifadə edərək zərərli spirtli içkilər hazırlayırlar". Eyyub Hüseynov qeyd edib ki, saxta içkilər xarici ölkələrdən də Azərbaycana gətirilir: “Belə içkiləri qəbul edənlər ölümlə üz-üzə qalır, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur. Normal şəraitdə spirtli içkilər etil spirti ilə hazırlanır. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri metil spirti ilə hazırlayırlar. Metil spirti isə zəhərlənməyə səbəb olur. Çünki metil spirti antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərdə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni metil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Metil spirtinin daxilə qəbul edilməsi zəhərlənməyə səbəb olur. Metil spirti bədəndə metobolizma nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir. Zəhərlənmənin ilkin əlamətləri bunlardır: halsızlıq, ürəkbulanma, mədə-bağırsaq pozuntusu, temperaturun qalxması. Vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ