İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşid Behbudovun “aldatdığı”, Xruşşovun pərəstiş etdiyi, Yuri Qaqarinin “avara” çağırdığı “cənab 420”

 

Onu Hindistanın vizit kartı  adlandırıblar. Dünya kino tarixinin ən populyar simalarından biri sayılan Rac Kapur rejissoru, ssenari müəllifi olduğu, baş rollarda oynadığı filmlərə Hindistanı dünyaya təqdim edib, haqqın qələbəsini, kasıbların hüququnu, uşaq cinayətkarlığına qarşı mübarizəni, sosial ədalətsizliyi, sevginin təntənəsini böyük peşəkarlıqla təqdim etməyi bacarıb. Rac Kapurun təqdimatları mükəmməl və inandırıcı alınıb. Milyonların sevimlisinə çevrilən kino ulduzu təkcə öz ölkəsində deyil, Hindistanın hüdudlarından kənarda da tanınıb və sevilib. Hindistanın bütün ali mükafatlarından, titullarından başqa pərəstişkarlarının ona verdiyi adlar da olub: “Hindistanın kino kralı”, “Hind kinosunun memarı və yaradıcısı”, “Şərqin Çaplini”...

Rac Kapurun 63 illik ömrü istər yarıdıcılığında, istərsə də şəxsi həyatında maraqlı hadisələrlə zəngin olub. 14 dekabr 1924-cü ildə Pişəvərdə aktyor Prithvirac Kapurun ailəsində anadan olan Pac Kapur səhnəyə ilk addımını 6 yaşında,  atasının sahib olduğu teatrda atıb. Prithvirac Kapurun tələbkarlığı, hətta öz oğluna belə heç bir güzəştə getməməyi balaca Rac üçün əsl sənət məktəbinə çevrilir. O, qısa bir zamanda  kiçik rolları ilə öz istedadını nümayiş etdirə bilib. Teatrda çalışmasına baxmayaraq Rac Kapur kino sənətinə daha çox meyl və həvəs göstərir. Atası oğlunun bu arzusunun qarşısına sədd çəkməyib. Beləliklə də Rac Kapur ilk dəfə 11 yaşında kinoda rol alıb. Dövrün tanınmış rejissorları Rac Kapurda qibtə ediləcək istedadın olduğunu söyləyiblər.

resid.jpg (81 KB)

Bir neçə il “Bombey tokiz” studiyasında rejissor assisenti vəzifəsində çalışdıqdan sonra Rac Kapur  “Rac Kapur films” şirkətini yaradıb. Rejissoru olduğu və həm də baş rollarda çəkildiyi filmlər qısa bir müddət ərzində həm Hindistanda, həm də bir çox ölkələrdə böyük populyarlıq qazanıb. Təkcə SSRİ-də 64 milyon nəfər Rac Kapurun rejissoru olduğu və baş rolda çəkildiyi “Avara” filmini seyr edib.

Zaman-zaman populyarlığı pik həddə çatan Rac Kapurun məşhurluğu o həddə çatıb ki, hətta siyasi xadimlər, dövlət başçıları da kino ulduzana maraqlarını gizlətməyiblər. Hindistanın Baş naziri Cəvahirləl Nehru Moskvaya səfər edərkən Nikiti Xruşşovun ondan soruşduğu ilk suallardan biri də Rac Kapurla bağlı olub:

-Cənab Nehru, siz Rac Kapuru şəxsən tanıyırsınız? Bilirsiniz hansı Rac Kapuru deyirəm? Mahnı da oxuyur ey, avara mu...

Təbii ki, sovet liderinin siyasi etikaya sığışmayan bu sualı Hindistanın baş nazirini qıcıqlandırıb. Nehru elə düşünüb ki, Xruşşov əvvəlcə ondan Hindistanın SSRİ-dəki səfirini soruşacaq və həmin vaxt Hindistanın SSRİ-dəki səfiri Cəvahirləl Nehrunun bacısı olub.

1000014069.jpg (102 KB)

Sonralar Cəvairləl Nehru öz müsahibələrində Rac Kapurun populyarlığını özü də etiraf edib:

“Mən hazırda bütün dünyada ən məşhur adamlardan biriyəm. Demək olar ki, məni hamı tanıyır. Amma Rac Kapurun populyarlığına çatmaq üçün mən hələ çox uzaqlardayam. Bu məsələdə onunla rəqabət çox çətindir. Rac Kapur yeganə insandır ki, Hindistanın qüruru titulunu mənim əlimdən alır...”

Hətta növbəti filmlərin birinin nümayişindən sonra baş nazir Rac Kapura yaxınlaşaraq ondan avtoqraf da alıb.

Qeyd etdiyimiz kimi Rac Kapur SSRİ-də də kifayət qədər populyarlıq qazanıb. O, bir neçə dəfə SSRİ-yə səfər edib. Kino ulduzu sovet ölkəsindən həmişə xoş təəssüratlarla qayıdıb, ailə üzvlərinə SSRİ-də onu necə sevdiklərindən böyük həvəslə danışıb. O cümlədən SSRİ-dən Hindistana gedən qonaqlarla da Rac Kapurun görüşləri keçirib. 1961-ci ildə Yuri Qaqarin Hindistana səfər edəndə iki məşhurun görüşü daha maraqlı olub. Kosmonavtın kino ulduzuna ilk sualı ona müraciəti ilə bağlı olub:

-Cənab Kapur, icazə verin sizə yoldaş Avara kimi müraciət edim. Sizi SSRİ-də daha çox “avara” kimi tanıyırlar.

1000014070.jpg (89 KB)

Rac Kapur Qaqarinin bu zarafatını səmimiyyətlə qəbul edib.

Hind kino ulduzunun Rəşid Behbudovla da dostluq münasibətləri olub. Onların ilk görüşünün tarixçəsi isə daha maraqlıdır. Rəşid Behbudovu Rac Kapura uzun-uzadı titulları ilə təqdim ediblər -  Azərbaycanın Xalq artisti, SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı  Rəşid Behbudov. Rac Kapur bu titulları dinlərikdən sonra ona yaxınlaşaraq əl uzadıb:

-Milyonçu Rac Kapur.

Bakıda olarkən Rac Kapur Rəşid Behbudovun evində olmaq arzusunu bildirib. Məhz həmin vaxt Rəşid Behbudov ikiotaqlı mənzildə yaşayıb. Müğənni kino ulduzunu aldatmağa məcbur olub, bəhanə edərək şəxsi iqamətgahının təmirdə olduğunu söyləyərək Rac Kapuru fikrindən daşındırıb. Növbəti görüşlərində Rəşid Behbudov Rac Kapuru “Azneft” dairəsi yaxınlığında ona verilən geniş mənzildə qarşılayıb. Mənzilə bütün yeməklər Rac Kapurun xəbəri olmadan “İnturist” mehmanxanasından daşınıb. Daha bir versiyaya görə Rac Kapur Bakıya gələndə əvvəlcədən bildirib ki, Rəşid Behbudovun evində qalacaq. Azərbaycan rəsmiləri Tarix muzeyinin bir neçə otağını ev şəraitinə salaraq Rəşid Behbudovun mənzili kimi təqdim ediblər. Rac Kapur mənzillə tanış olduqdan sonra təəccübünü gizlətməyib:

-Mən elə bilirdim ki, sizin kimi bir sənətkar böyük bir saraya malikdir. Hindistanda bu cür evlərdə adi aktyorlar yaşayırlar.

Rac Kapur 80-ə yaxın filmə çəkilib, 10-dan artıq filmin rejissoru olub. Rejissoru olduğu və baş rolda çəkildiyi “Sanqam” Rac Kapurun ilk rəngli çəkdiyi film olub. İlk dəfə olaraq bu film Hindistandan kənarda, Londonda, Parisdə və İsveçrənin şəhərlərində çəkilib.  Rac Kapurun uğurlu filmlərindən biri də “Bobbi” filmi olub ki, rejissoru olduğu bu filmdə baş rolların birində onun oğlu Rişi Kapur çəkilib.

Hindistan rəsmiləri Rac Kapurun çəkilişlərlə bağlı xahişlərini həmişə müzakirəsiz qəbul ediblər. Yalnız bir dəfə Bombeyin mərkəzi keçələrinin birində çəkiliş aparmaq üçün Rac Kapur yerli qurumlardan icazə istəyəndə onun qarşısına şərt qoyublar: “Yalnız bir şərtlə icazə verə bilərik, siz bu  çəkilişlərdə iştirak etməməlisiniz. Sizin Bombey küçələrində görünməyiniz şəhəri iflic vəziyyətinə sala bilər...”

Həqiqətən də Rac Kapurun hansısa bir məkanda görünməsi böyük izdihamın yaranmasına səbəb olub.

Kino ulduzu qadınlarla münasibətdə öz populyarlığından yetərincə istifadə edib. O, çoxsaylı sevgi macəraları ilə də yadda qalıb. Daha çox isə Rac Kapurun adı uzun illər tərəf müqabili olmuş Nərgislə çəkilib. Nəhayət, bütün qadın söz-söhbətlərinə son qoymaq üçün atası onun qarşısında sərt şəkildə şərt qoyub:

-Sən ailə həyatı qurmalısan. Bunula da bütün söhbətlərə son qoyulmalıdır.

Rac Kapur bu şərtdən imtina etməyib. O, 1940-cı ildə atasının əmisi qızı, 16 yaşlı Krişna Kapurla ailə həyatı qurub. Çütlüyün 5 övladı dünyaya gəlib.

1000014072.jpg (93 KB)

Bütövlükdə götürəndə 63 illik həyatında Rac Kapuru həmişə uğur, inkişaflı karyera, maddi zənginlik, xalqın sevgisi müşayiət edib. O, elə ölümünü də maraqlı bir məqamda qarşılayıb. Belə ki, 1988-ci ildə Rac Kapur Hindistanın ən ali mükafatlarından birinə layiq görülüb. Mükafatı ona şəxsən Hindistan prezidenti Ramasvami Venkataramanın  təqdim etməsi nəzərdə tutulub. Mərasim başalayıb, Rac Kapuru təqdimat üçün zala dəvət edəndə o, huşunu itirib. Bir ay sonra isə iyunun 2-də Hindistanın ən tanınmış və ən sadə insanı dünyasını dəyişib. Qeyd edək kino ulduzu uzun illər astma xəstəliyindən əziyyət çəkib.

Hazırda Hindistanda “Rac Kapur films” studiyası ən uğurlu şirkətlərdən biri kimi fəaliyyətini davam etdirir. Rac Kapurun övladları və nəvələri bu şirkəti böyük Rac Kapurun adına layiq dünyada tanıtdırırlar...

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR