İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisi Nyu-Yorka gedir: ABŞ-İran gizli müttəfiqliyi açıq müstəviyə keçir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda “Arazı ayırdılar” bayatısını söyləməsinə dərhal XİN başçısı səviyyəsində sərt etiraz bildirən İranın Pelosinin tarixə ekskurs etməsinə sərgilədiyi sükut təəccüb doğurur; Tehranla Vaşinqton arasında anlaşmanın nəticəsi, yoxsa...

İran prezidenti İbrahim Rəisi sentyabrın 19-da Nyu-Yorka səfər edib. Rəisi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək məqsədilə 19 sentyabrda Nyu-Yorka yola düşüb.

ABŞ-ın CBS telekanalı İran prezidenti İbrahim Rəisi və ABŞ prezidenti Co Baydenin müsahibəsini dünən axşam yayımlayıb. Kanal bu müsahibələri bir-birinin ardınca efirə verib. Bir sıra ekspertlər bildirir ki, indiki həssas vaxtda ABŞ-ın İrana belə isti münasibət bəsləməyə başlaması, müşahidə olunan yaxınlıq Amerikanın bizim bölgəmizlə bağlı mübhəm planlarının olması fikrini qətiləşdirir. Bəzi müşahidəçilər incə bir nüansa diqqət çəkərək bildirirlər ki, bir vaxtlar - son illərədək ABŞ-ın İranı vuracağı deyilirdi, amma paralel olaraq alt qatlarda həm siyasi, həm də iqtisadi sahələrdə gizli əməkdaşlıq da dərinləşirdi. İndi dünyada və regionda elə bir vəziyyət yaranıb ki, bir çox məsələlərdə ABŞ-la İran eyni ələ oynayırlar və artıq gizli yox, açıq şəkildə əməkdaşlıq edirlər. Hətta Ermənistana münasibətdə də İranla Amerikanın mövqeyi üst-üstə düşür. Belə görünür ki, Amerika Rusiyanın İranla müttəfiqliyini korlamaq, yeni hədəflər müəyyən etmək üçün Tehranla bir sıra anlaşmalar əldə edib. Bəs ABŞ-İran yaxınlaşması dünyaya və bölgəyə nə vəd edir?

Hikmət Babaoğlu: “Azərbaycan və Türkiyənin müttəfiqliyi tarixi köklərə  söykənir”

Deputat: “Biz öz müttəfiqlərimizlə güclü olmalı və hər cür ssenariyə qarşı hazır olmalıyıq”

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq münasibətlərdə yeni təkqütblü nizam yaratmaq, ya da başqa adla qlobal dövlət qurmaq ABŞ-ın son dövrlərdəki xarici siyasətində özünü daha çox büruzə verir: “Əslində bu, bir hegemoniya iddiasıdır. Belə olduqda şübhəsiz ki, məqsədə çatmaq üçün təkcə rəsmi diplomatiya kifayət etmir. Çoxsaylı digər vasitələr, yəni manipulyasiyadan başlamış ikili standartlara qədər hərbi-siyasi və yumşaq gücün bütün imkanlarından istifadə etmək lazım gəlir. Ona görə də ABŞ-ın İranla münasibətlərinin görünən tərəfləri ilə birlikdə şübhəsiz ki, görünməyən tərəfləri də var. Məsələ ondadır ki, birinin güclü olması üçün digərlərinin zəif olması lazımdır. Belə olduqda güclü olmaq istəyən, Jan Jak Russonun dediyi kimi, hamını hamı ilə müharibəyə cəlb etməlidir. Məsələn, Rusiya Ukrayna ilə, Çin Tayvanla, Yunanıstan Türkiyə ilə və s. Yəni güc müstəvisində hegemon mərkəzə rəqib qalmamalıdır. Belə olduqda, dünənki dostlar bu gün asanlıqla düşmənə, düşmənlər isə asanlıqla dosta çevirilə bilir”. H.Babaoğlunun sözlərinə görə, ona görə də ABŞ-ın İran siyasətinə də bu kontekstdə baxmaq lazımdır: “Əgər regionun bircə kvadrat santimetr ərazisində İran və ABŞ-ın məqsədləri üst-üstə düşəcəksə, əmin olun ki, hər şey bir kənara qoyulub, orada keçici də olsa, məqsədlərə çatmaq üçün bir müttəfiqlik qurulacaq. Ermənistan-Azərbaycan münasibətləri kontekstində belə nöqtələr həddindən artıq çoxdur. 44 günlük müharibədə beynəlxalq hüquqdan tutmuş, yaxın qonşuluq və dostluq münasibətlərinə qədər hər şey yaddan çıxdı. ABŞ-ın da, İranın da necə davrandığını gördük. Ona görə artıq Azərbaycanı heç nə ilə təccübləndirmək olmaz. Biz öz müttəfiqlərimizlə güclü olmalı və hər cür ssenariyə qarşı hazır olmalıyıq”.

Politoloq Qafar Çaxmaqlı isə məsələnin digər məqamlarına diqqət çəkdi: “Səmərqənddə İran prezidenti ilə Rusiya prezidenti arasında görüşün son dərəcə isti keçməsi və İbrahim Rəisinin Rusiyanın əbədi dostu olması ilə bağlı söylədiyi fikir, əlbəttə, ABŞ-da diqqətə alınıb və Amerikanın İranı öz tərəfinə çəkmək siyasəti davam etdiriləcək. Burada əsas məsələ İranla münasibətləri sahmana salmaq deyil, onu Rusiyanın əlindən almaqdır. Son vaxtlar İranla ABŞ-ın bəzi mövzularda baxışlarının üst-üstə düşməsi göstərir ki, İran da Amerikanın yürütdüyü siyasətə uyğun addımlar atacaq. Bizi maraqlandıran bölgəmizdəki proseslərə bu iki dövlətin təhlükəli baxışlarıdır”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Politoloq: “Son vaxtlar İranla ABŞ-ın bəzi mövzularda baxışlarının üst-üstə düşməsi göstərir ki...”

Q.Çaxmaqlı qeyd etdi ki, Amerikanın bizim bölgəyə girmək, burada aktiv fəaliyyət göstərmək imkanları məhduddur: “Ola bilsin gələcəkdə bunları İranın əli ilə etsin. Amma İranın ABŞ-la bağlı əndişələri ortadan qalxmayınca, cənub qonşumuz açıq siyasi iradəsini ortaya qoymaqda tərəddüd edəcək”.

Politoloq hesab edir ki, İran Rusiya ilə də münasibətləri korlamaq istəməz: “Zənnimcə, siyasi polemikalar Zəngəzur koridoru ilə bağlı olacaq. İran bu koridorun açılmasını istəmir. Amerikanın da bu cür düşündüyünü biləndən sonra Ermənistana dəstəyini artıracaq. ABŞ-İran yaxınlaşmasının bölgədə gərginliyi artıracağı qənaətindəyəm”.

Maraqlısı budur ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvan səfərində və verdiyi mesajlarda İran əleyhinə çalarlar da axtarılır, bu barədə hətta erməni ekspertlər özləri danışmağa başlayıblar. “Ermənistana səfərin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə cəbhəyə cəlb etməkdir”. Bunu erməni analitik Arqişti Kiviryan Facebook səhifəsində yazıb. “Nensi Pelosi Qafesyan İncəsənət Mərkəzinə getdi, Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı. Beyinsizlərə indi sadəcə demək olar ki, o, əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir: hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır. Vilsonun "yetimləri" isə onun onları xilas etməyə gəldiyini düşünürlər. Və bu, Pelosinin günahı deyil. Əgər bu insanlar Vilsonun tullantı kağızına kütləvi şəkildə inanıblarsa, bu xalqı hər şeyə inandırmaq olar. Bura bir dəfə Boltonun İrəvana səfəri zamanı dediklərini də əlavə edin", - o bildirib. (Axar.az)

Analitik qeyd edib ki, İran öz ordusunu Ermənistan sərhədinə gətirdi, amma bu siyasi axmaqlar Nensi Pelosinin ayaqlarından asıldı: “Onlar Pelosiyə "Ay, bizim misilsiz xilaskarımız!" deyirlər. Qulaq asın, bu regionda yalnız gücə və güc təhdidinə hörmətlə yanaşılır və Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə tarixən və faktiki təhlükə yaradan cəmi iki dövlət var: onlardan biri Rusiya, ikincisi isə İrandır. İlham Əliyev heç kəsin sözünə əhəmiyyət vermir, xüsusən də enerji baxımından ondan asılı olanların... İndi isə Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğu bir vaxtda ABŞ Bakını ciddi şəkildə təhdid etməyə qadirdirmi? Nə edəcəklər və niyə? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? Sonra İranın niyə daha aktiv olmadığına təəccüblənəcəksiniz. İndi ermənilər onun ən qatı düşməni olan ABŞ-a ümid bağlayıblarsa, o, necə fəal ola bilər?"

İlginc yanaşmadır. İranın İrəvandakı bu olayı susqun qarşılamasının özü də təəccüb doğurur. Bəlkə Rəisinin ABŞ-a səfərinin nəticələrinədək gözləməyə qərar verilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda “Arazı ayırdılar” bayatısını söyləməsinə dərhal XİN başçısı səviyyəsində sərt etiraz bildirən İranın Pelosinin tarixə ekskurs etməsinə sərgilədiyi sükut ilgincdir.

Gözləyək, ola bilsin tezliklə sükut pozulacaq...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR