İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: "Hökumət sığorta ilə bağlı məsələlərə yenidən baxsın"

Deputat Razi Nurullayev Milli Məclisin iclasında çıxış edərək bildirdi ki, bu gün hər bir kənddə, qəsəbədə, rayonda və şəhərdə evi yananlar var. Amma sığortası olmadığına görə evsiz və zülm içində yaşamalı olurlar: “Onlarla müraciət var, kömək edən yoxdur. Axı deyə bilmərik ki, sığorta etməmisən, edərdin. Bizə nə? Ölkəmizdə hələ də sığorta mədəniyyəti formalaşmayıb. Evi yanan ailələrlə bağlı, cənab Baş nazir, qərar verilməsi vacibdir. Vəziyyətləri çox acınacaqlıdır. Imişlidə də evi yanan və ağır vəziyyətdə yaşayan 10-15 ailə var. Hökumət sığorta ilə bağlı məsələlərə yenidən baxsın və sərtləşdirsin, bu günə qədər fəlakətlə üzləşənlərlə bağlı isə yardım qərarı verilsin. Cənab Baş nazir, sizdən kömək gözləyirik!”

R.Nurullayev Rusiya-Azərbaycan quru sərhəddində yüzlərlə soydaşımızın çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşadığını söylədi: “Soydaşlarımıza bu münasibət ölkəmizin nüfuzuna ziyandır, vətəndaşlarımızın ləyaqətinin aşağılanmasıdır. Hər bir Azərbaycan vətəndaşına ləyaqətli münasibət ölkəmizin başucalığıdır. Cənab Baş nazir, sizdən quru sərhədlərinin açılması və Dağıstanda gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm”.

Deputat İmişlidə su təchizatı və kanalizasiya layihəsinin 2011-ci ildən başladığını, 2014-cü ildə maliyyə çatışmazlığı ucbatından dayandığını söylədi: “Hazırda 40 minə yaxın əhalisi olan İmişli şəhərinin çirkab və yağış sularının axıdılmasında ciddi problemlər yaşanır. Xahişimiz bu layihənin davam etdirilməsi üçün maliyyə vəsaitinin ayrılmasıdır”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR