Onlayn ictimai-siyasi qəzet
35 il keçsə də, o dövrün şahidlərinin gözündə 17 Noyabr hələ də köhnəlməyib, dünənki gün kimi xatırlanır.
Bu, Azərbaycan xalqının 68 illik aradan sonra yenidən dirçəldiyi, öz haqqı, torpağı, taleyi, müqəddaratı üçün ayağa qalxdığı gündür.
35 ildən sonra ilk dəfədir ki, biz 17 Noyabrı ürək açıqlığı, könül rahatlığı ilə qeyd edirik, çünki bu millətin həmin gün kükrəməsinə rəvac verən səbəblər artıq ortada yoxdur.
35 il əvvəl isə sovet-rus ordusuna, öz qanunsuz hərbi birləşmələrinə güvənən ermənilər Qarabağda at oynadır, cəzasız qalacaqlarına əmin bir şəkildə Şuşa ətrafında tikinti işləri aparırdılar.
Bu, Azərbaycana meydan oxumaq idi, “buralar bizimdir, istəyərik, sökərik, istəyərik, tikərik” mesajıydı. Onsuz da ilin əvvəlindən erməni separatçıların təxribatçı hərəkətlərindən, şüarlarından, özbaşınalıqlarından boğaza yığılmış Azərbaycan xalqı buna dözmədi.
Həmin gün yüzminlərlə insan bir qığılcıma bənd imiş kimi paytaxtın dörd bir tərəfindən, səkkiz guşəsindən hərəkətə gələrək Azadlıq meydanını doldurdular. Onların arasında bütün universitetlərin, texnikumların tələbələri və müəllimləri, istehsal müəssisələrinin işçiləri, tikinti trestlərinin fəhlələri, elmi institutların aspirantları vardı. Sonradan rayonların əmək kollektivləri də öz maddi töhfələri ilə hərəkata qoşuldular. Qıraqda qalan olmadı. Hətta hakim kommunist partiyasının üzvləri də, komsomolçular və hökumət adamları da bu və ya digər şəkildə xalq hərəkatında iştirak edirdilər.
Meydandakı izdihamın, qələbələyin, entuziazmın gerçək səbəbi bu idi. Hər kəs anlayırdı ki, millət üçün talüyeklü gündür, bu gün bir olub, ayağa qalxmasaq, çox şey itirə bilərik.
Bu hərəkat, onun fenomenal izdihamı (“Meydana toplaşan 1 milyon insan” söhbətləri əsassız deyil) həm Azərbaycan, həm də bütövlükdə SSRİ rəhbərliyi üçün gözlənilməz oldu. Ona qədər Kremldə Azərbaycan haqqında “başına qapazı vur, çörəyini əlindən al” düşüncəsi hakim idi. Ölkəmizə qarşı məkrli planlar içində olan şəxslər düşünürdülər ki, gec-tez Moskvanın təzyiqi ilə Azərbaycan Qarabağı Ermənistana peşkəş edəcək. Bu, ermənilərin A planı idi.
17 Noyabr ermənilərin və onların Moskvadakı havadarlarının bu planını pozdu. Onlar anladılar ki, Bakıda mərkəzi meydana yığılan 1 milyon insan Qarabağın Azərbaycandan qoparılmasına razı olmayan ölkə əhalisinin yeddidə biridir. Əgər bu xalq bu qədər böyük qüvvə ilə “miatsum”a müqavimət göstərirsə, bu iş xoşluqla başa gəlməyəcək.
35 il öncənin 17 Noyabrı və dekabrın 5-nə qədər davam edən sonrakı günləri barədə çox yazılıb, çox danışılıb, ancaq həmin gün start götürən xalq hərəkatının öz məqsədinə çatdığı çox zaman qeyd olunmur.
Bəli, sonradan baş verən minlərlə hadisəni, sonrakı illərdə gedən prosesləri dərin-dərin təhlil edərək bu qənaətə gəlmək olar ki, 17 Noyabr Dirçəlişi, Dirənişi olmasaydı, biz məlul-müşkül şəkildə gözümüzü Kremldəkilərin ağzına dikərək, onların ədalətinə güvənsəydik, Qarabağ əldən gedəcəkdi. Hətta müqavimət zəif olsaydı, dissident klubları və tələbə birlikləri səviyyəsində məhdudlaşsaydı, yenə də biz əzəli torpağımızı qoruya bilməyəcəkdik.
17 Noyabr Kremli bir xeyli dərəcədə ayıltdı. Onlar bir müttəfiq respublikanın ərazisini qoparıb başqa bir müttəfiq respublikaya verməyin mümkünsüz olduğunu, bunun SSRİ-də qarşısıalınmaz detonasiyaya səbəb olacağını anladılar.
Amma SSRİ-ni idarə edən şəxsin ailəsində məkrli erməni planından vaz keçmiş deyildilər.
O dövrün hadisələrini izləyənlər xatırlayar (videolar da var), bizim Meydan hərəkatının dağıdılmasından 5-6 gün sonra episentri Ermənistanın Spitak rayonunun ərazisinə düşən dağıdıcı zəlzələnin nəticələri ilə tanış olmaq üçün regiona gəlmiş Mixail və Raisa Qorbaçov cütlüyü Kirovakanda xalqın qarşısında çıxış edən zaman belə bir epizod yaşandı. Qorbaçov azərbaycanlıların Ermənistandan zorla qovulmasından, təhqirə, zülmə məruz qalmasından bəhs etdi və ərazi-torpaq davası aparan ekstremist qüvvələri sərt dillə qınadı. Bu zaman Raisa Qorbaçovanın öz ərinə kəskin baxış atması və onu tərs nəzərlə süzməsi mülyonlarla insanın gözündən, o cümlədən videoperatorların kanerasından yayınmadı. Əlacı olsa, Raisa ərinin sözünü kəsər, “nə danışırsan, aramızda saziş var” deyərdi.
Ermənilərin SSRİ rəhbərinin həyat yoldaşına güvəndiyi açıq-aşkar sezilirdi, arada olan alış-veriş məsələsi barədə söz-söhbətlər də hər halda bir əsasa malik idi.
Bax, 17 Noyabr dirçəlişi o cür hökmlü şəxslərin məkrli planlarının qarşısını aldı.
Ona görə də biz bu günə çox borcluyuq. O, bizim üçün həm də Qarabağın xilasının başlanğıc günüdür.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ