İnsanlara hürriyət, millətlərə istiqlal!

Qvatemala Azərbaycanın sülh gündəliyini dəstəklədi – Elçin Əmirbəyovun səfəri zamanı strateji mesajlar verildi

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Qvatemala Respublikasına işgüzar səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib.

Musavat.com xəbər verir ki, səfər zamanı o, Qvatemalanın xarici işlər naziri Karlos Ramiro Martinez və Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sezar Roberto Davila ilə danışıqlar aparıb.

Görüşlər zamanı Azərbaycan–Qvatemala münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Danışıqlarda parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunularaq, iki ölkə arasında ikitərəfli əməkdaşlıq və Qoşulmama Hərəkatı, Beynəlxalq Parlamentlərarası İttifaq kimi platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Əsas diqqət çəkən məqamlardan biri isə regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üzrə təşəbbüsləri olub. Elçin Əmirbəyov Azərbaycan tərəfinin sülh sazişinin imzalanması istiqamətində atdığı konkret addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib. Sazişə mane olan əsas amillər – Ermənistan konstitusiyasına dəyişikliklərin edilməməsi və ATƏT-in Minsk qrupunun buraxılmaması da Qvatemala tərəfinin diqqətinə çatdırılıb.

Qvatemala rəsmiləri Azərbaycanın sülh gündəliyini açıq şəkildə dəstəklədiklərini bəyan ediblər. Onlar münaqişələrin beynəlxalq hüquq çərçivəsində, dinc yolla həllinin tərəfdarı olduqlarını bildirərək, Ermənistanın danışıqlar prosesinə maneə törədən addımlardan çəkinəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Görüşlərdə Azərbaycanın davamlı sülh naminə nümayiş etdirdiyi diplomatik və siyasi iradə, eləcə də güclü xarici siyasəti və iqtisadiyyatı nümunə kimi qiymətləndirilib. Qvatemala tərəfi bəyan edib ki, ölkələri bu sahədə Azərbaycanın təcrübəsindən ilham ala bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR