İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurumların təzadlı rəqəmləri - bahalaşma qaçılmazdır

İqtisadçı alim: "İl sonunda inflyasiya güclənəcək, odur ki...."

Bazarlarda qiymətlərin yüksəlməsi fonunda rəsmi qurumlar statistik məlumatları açıqlayıblar. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında ölkədə 29 milyard 96.8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.0 faiz çoxdur. İqtisadi artım tempi fevralda 5% idi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.4 faiz, qeyri neft-qaz sektorunda isə 6.7 faiz artıb.

ÜDM istehsalının 39.3 faizi sənaye, 9.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.9 faizi tikinti, 2.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.7 faizi informasiya və rabitə sahələrinin, 20.4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 856.5 manata bərabər olub.

Qurumdan o da bildirilib ki, 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100.4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98.9 faiz, qeyri-qida məhsulları üzrə 101.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102.2 faiz təşkil edib.

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101.0 faiz təşkil edib. Azərbaycanda iqtisadi artım tempinin martda zəifləyərək 4%-ə düşdüyü bildirildiyi halda, Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5% təşkil edəcək, 2025-ci ildə isə daha sürətli iqtisadi artımla 6,5%-dək yüksələcək.

Dünya Bankının proqnozlarına görə isə, Azərbaycanda 2024-cü ildə illik inflyasiya 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə isə 4 % təşkil edəcək.

Bu barədə Bankın Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair ötən gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

Göründüyü kimi, qurumlar ölkəmizdəki iqtisadi artım və inflyasiya  ilə bağlı müxtəlif rəqəmlər açıqlayır, proqnozlar verirlər. Hər kəsi isə bir sual maraqlandırır: ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti nə zaman aşağı düşəcək? Yoxsa bahalaşma hələ davam edəcək?

Məhkəmələrə müraciətlər artdı -

İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a dedi ki, fərqli qurumların açıqladıqları rəqəmələr arasında təzadlar var: "DSK 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksinin 2023-cü ilin mart ayına nisbətən 100.4%, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98.9%, qeyri-ərzaq məhsulları üzrə 101.1%, xidmətlər üzrə isə 102.2% təşkil etdiyini açıqladığı halda, ADB proqnozunda 2024-cü ildə orta illik inflyasiyanın 5,5% təşkil edəcəyini bildirilir. Ayrı-ayrı ərzaq məhsullarının qiymətlərinə nəzər yetirsək, düyü, qarabaşaq və makaron məmulatlarının, kolbasa məmulatlarının, mal əti, qoyun əti və toyuq ətinin, yumurtanın, bitki yağlarının, un və un məmulatlarının, pomidorun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, müxtəlif qənnadı məmulatlarının, qəhvə və çayın qiymətlərində bahalanma müşahidə olunur. Qeyri-ərzaq məhsullarında da həmçinin, benzinin, mebellərin, məişət avadanlıqlarının, yuyuсu və gigiyenik vasitələrin qiymətlərində bahalaşma müşahidə olunur. Xidmət sektoruna da nəzər yetirsək, turizm, təhsil, səhiyyə, icarə və sərnişindaşıma xidmətlərində bahalanma mövcuddur. Qiymətləri azalan mallarla müqayisədə qiymətləri artan malların çəkisini göstərən diffuziya indeksi, xidmət sektoru üçün hesablandıqda tarixi orta göstəricini üstələyir. Araşdırmalarımız göstərir ki, hazırda ölkədə illik inflyasiya səviyyəsi 25-38% ətrafındadır. Ərzaq məhsullarında bu göstərici 40%-dən yüksəktir. Bununla yanaşı, inflyasiya artan xətlə inkişafdadır".

Ekspert əlavə edib ki, yaxın müddətli dinamikanı daha yaxşı başa düşmək üçün aylıq və ya rüblük və ya mövsümi düzəliş edilmiş inflyasiya məlumatlarını təkrar araşdırmaq tələb olunur:"İzlədiyimiz hərtərəfli göstəricilər il sonunda inflyasiyanın əsas tendensiyasının güclənəcəyini göstərir. Uzun müddət ərzində tələbin təklifdən daha sürətli inkişafı inflyasiya üçün əhəmiyyətli risk yaradır. Qiymət sabitliyi üçün tələb və təklifin ahəngdar dinamikası, dayanıqlı artım üçün isə qiymət stabilliyi vacibdir. Buna görə də, ilkin olaraq istehlak kreditlərində azalma, istehsal kreditlərində isə əksinə artım olmaqla, selektiv kredit sərtləşdirməsi ilə daxili tələb tarazlaşdırılmalıdır".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR