İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru sərhədlərinin açılması məsələsi yenidən gündəmdə- AÇIQLAMA

 

Eldəniz Əmirov: “Quru sərhədin açıq olması o demək deyil ki, xərclər həddən artıq aşağı düşəcək, çünki...” 

Azərbaycan vətəndaşları 2024-cü ilin ilk rübündə xarici ölkələrdə 439.11 milyon manat həcmində xərclər çəkiblər və bu da 2023-cü illə müqayisədə 74 faiz artım deməkdir.
 Musavat.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 Qeyd edilir ki, xaricə gedən turistlərin ən böyük xərci nəqliyyatla bağlıdır. Belə ki, ölkənin xaricə gedən turistlərin xərclərinin 37 faizi və ya 16.57 mln. manatı nəqliyyat xərcləri təşkil edir. 2023-cü ilin ilk rübündə bu rəqəm 38 faiz idi. Azərbaycanlı turistlər ən çox xərci Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Səudiyyə Ərəbistanı və Qazaxıstana səfər etməklə çəkiblər.

Bəs görəsən qeyri -rəsmi rəqəmlər hansı civardadır?

Nəzərə alsaq ki, 2020-ci ildən etibarən pandemiya səbəbindən ölkəmizdə quru sərhədlər bağlanıb, o səbəbdən də bu rəqəmlərin real vəziyyətdən bir neçə dəfə yüksək olması danılmazdır. Yoxsa bu amilin qiymətlərə o dərəcədə də təsiri yoxdur? Ümumiyyətlə, nəqliyyat xərcləri nə qədər olmalıdır ki, optimal  qiymətlər formalaşsın?

 WhatsApp Image 2024-05-10 at 16.01.37.jpeg (255 KB)

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Musavat.com-a fikirlərini bildirdi.

O dedi ki, istər yerli, istərsə də beynəlxalq turizmdə nəqliyyat xərcləri turizm xərclərinin əsasını təşkil edir: “Daxili turizmdə avtomobil nəqliyyatı üstünlük təşkil etsə də, beynəlxalq turizmdə, əsas da məsafələrin böyük olduğu yerdə hava nəqliyyatı üstünlüyə malikdir. Statistika onu göstərir ki, beynəlxalq səyahətlərdə hava nəqliyyatının payı 45 faiz üzərində göstəriciyə malikdir. Yaxın qonşular arası turizmlə əlaqədar isə dəmiryolu nəqliyyatı xüsusi çəkiyə malikdir. Ona görə də Azərbaycanda sərhədlərin bağlı olmasının turizmə təsirini müzakirə edərkən mütləq şəkildə gələn turistlərin və potensialların hansı ölkələrdə olmasını araşdırılmasına ehtiyac var. Sadəcə olaraq beynəlxalq səviyyədə turizmin qiymətləri 2023-cü ildə artıb”.

Ekspert əlavə etdi ki, Avropa üzrə biletlərin qiyməti 35 faiz artıb, Asiya biletlərində isə 23 faiz artım var: “Amma Azərbaycanda ötən illər qiymətlərin kifayət qədər yüksək olması və bu il fərqli qiymət strategiyasının aparılması səbəbindən ölkəmizdə deyilən səviyyədə qiymət artımları olmayıb. Bütün bunlarla bərabər quru sərhədlərin bağlı olması regionlarda turizmə daha çox təsir göstərir. Ona görə ki regionlarda lazımi səviyyədə hava limanları yoxdur. Quru nəqliyyat bağlıdırsa, insanlar təyyarədən istifadə edir, hava nəqliyyatı da Bakıdadır. Ona görə turistlərin 80 faizi Bakıda qalır. Regionlarda turizmin yalnız 20 faiz olmasının əsas səbəbi isə nəqliyyat deyil. Əsas səbəbi məhz turizm infrastrukturu və əyləncə imkanlarının olmamasıdır. Daha sonra isə hava nəqliyyatı imkanlarının regionlarda məhdudluğudur.

O ki qaldı, optimal qiymətlərin olmasına, nəqliyyat xərclərinə avtomobilin icarəsi, benzin, rüsumlar, parkinq haqları daxildir. Amma hava nəqliyyatında bunlar yoxdur. Quru sərhədin açıq olması o demək deyil ki, xərclər həddən artıq aşağı düşəcək. Turizmdə zaman kəsiyi çox önəmlidir. Hava nəqliyyatından istifadə turistlər üçün daha çox zaman qazandırdığına görə də hava nəqliyyatının xüsusi çəkisi artır”.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR